(novella)
Əli dama-dama şərfini boğazına dolayıb paltosunu düymələyəndə yoldaşının ona yaxınlaşıb astadan dediyi: “Uşaqlara hədiyyə almağı unutma ha!” – sifarişinə razılıqla başını tərpədib çölə çıxdı.
Qar hələ də yağırdı. Üzünə düşən dolu qar dənələri gözünü əməlli başlı açmağa imkan verməsə də buz kimi soyuq havanı ciyərlərinə çəkib dərindən nəfəs aldı. Soyuq iliklərini oxşadı. Abad olmayan yerlər, yırtıq-yamaqlar qar yorğanın altında qalıb gözəlliyə bürünmüşdülər. Alış-verişi qarın kəsəcəyinə saxlayan Əli gözlədiyinin əksini, bir neçə gün yağan qarı görüb narahat olmuşdu. Yeni ilə barmaq sayı günlər qaldığına baxmayaraq, o, nə evə düz-əməlli bazarlıq etmişdi, nə də balalarına hədiyyə almışdı.
Qarın ağırlığından ağacların budaqları əyilmiş, qalın qar örtüyu ətrafı bəyazlığa bürümüşdü. Lopa-lopa yağan qar kiçik ulduzları xatırladırdı. Evlərə gedən istilik borularının üstündə xumarlanan pişiklər, özlərinə yem axtaran sərçələr və uşaqların şən səs-küyündən başqa heç nə gözə dəymirdi. Bu gözəllik ona bir anlıq xoş gəlsə də, bir neçə gündən sonra əriyəcək qardan lehməli, zığlı palçığa batıb sürüşdüyünü düşünəndə üz-gözünü turşutdu. Yoox, bizim Bakıya qar yaraşmır. Onsuzda tıxac olan yollar bir andaca iflic olacaq, gediş-gəliş çətinləşəcəkdi. Şəhər nəqliyyatı gecikmələriylə camaatın qanına zəhər qatacaqdı. Hər səhər işə tələsən, geçikən adamların dayanacaqda həsrətlə gözlədiyi avtobusu xatırladı. Sıxlıqdan qapıdan sallanmağa məcbur olub ayaqları, şalvarı palçığa bulaşan, üz-gözündən kədər yağan şəhər sakinləri günahı havada, nəqliyyatda, sürücüdə, pis güzaranda axtaracaq, mənzil başına çatana qədər gileylənəcəkdilər. Bax, onda da qarın gözəlliyinə məftun olub ürəyin dağa dönəcəkmi deyə, – düşünərək xışıldayan qarın üstündə ayaq izlərini nəzərdən keçirdi. Donmasın deyə, əllərini cibinə salıb asta-asta addımlayır, axşamın həzinliyində ətrafı seyr edirdi…
***
Bakıya dolu qar yağır. Elə bil göydən hökümlü bir əl torbasını açaraq qar dənələrini dağınıq halda ətrafa səpir. Bir-birinə bənzəməyən qar ulduzları pəncərələrə çırpılıb varlıqlarını bəyan edir, havada dövrə vurub rəqs edirlər. Evlərin damından və sürahilərdən sırsıra kimi sallanmış buz dilimləri bəyazlığa bürünmüş aləmə layla çalır. Ağaclar budaqlarını əyərək uzun sürən yorğunluqdan mışıl-mışıl yatıblar. Qarın gəlişinə sevinən uşaq anasının ətəyindən yapışıb bir azda oynamağı israrla tələb edir. Uzaqdan itlər hürüşür.
***
Meyvə-tərəvəz alıb, marketə yaxınlaşanda əli dolu adamların çoxluğundan heyrətə gəldi. Elə bil hamı onun kimi geçikmiş, bayram tədarükünü son günlərə saxlamışdı. Şam ağacı, oyun-oyuncaq alan, alış-verişdə qiyməti saldırmağa çalışan adamlar ona bir neçə il qabaq baş vermiş hadisəni xatırlatdı…
***
Moskvaya iş ezamiyyətinə getmişdi. Bir neçə gündən sonra evinə dönəcək, ailəsi, balaları ilə yeni ili qarşılayacaqdı. Axşam 8-dən sonra Moskva küçələrində tək gəzməyin xatalı olduğunu ona yaxın qohumları təkidlə bildirsələr də, əhmiyyət verməyib gülümsəmiş, hətta ürəyində rişxənd də etmişdi. Qızına söz verdiyi gəlinciyi almaq üçün “Aşan” ticarət mərkəzinə getmiş, xeyli gəzib dolandıqdan sonra, gəlincik, elektron maşın, müxtəlif şirniyyatlar, ərzaqlar alıb iri salafan bağlamaya doldurmuşdu. Etdiyi bazarlıqdan məmun halda ailəsini düşünmüş, uşaqlarına aldığı oyuncaqları, şirniyyatları onlara verərkən, yaşadıqları sevinci hiss etmişdi. Hələ yoldaşının sevgi dolu baxışlarını vücudunda xəyal edib kefi kökəlmiş, bu sevgidən vəcdə gələrək piyada getməyi qərara almışdı. Qohumu Oqtayın ona zəng edib:
– “Bura səninçün Bakı deyil, Əli, tez ol taksiyə min bizə gəl!”, -deməsini qulaqardına vurmuşdu. Bunlar lap ağciyərdilər ki, səhər-axşam içkili, dəm rusun nəyindən qorxmalıyam axı…
Elə bu vaxt qəfil peyda olan bir qrup nasist-faşist partiyasının üzvüləri onu əhatəyə almışdı. Onların zəhmli görkəmi, əllərində tutduğu beşbarmaqlar, qulaqlarındakı halqalar, dəmir döyənəklər belini qırmış, ürəyini gizildətmişdi. Qorxu xofu iliyinə qədər işləmişdi. O anda bütün həyatı Əlinin gözləri önündən keçmişdi. Ölümünün yeni il qabağı bu tərzdə olacağını, uşaqlarına son aldığı oyuncaqları verə bilməyəcəyini düşündükcə nəfəsi təngimiş, dizləri əsmişdi.
Təxminən 10-a yaxın yekəpərin içindən zəhmli bir səsin:
– Ey, corno mazı stoy! ( Ey qara sifətli dayan!)
Əli çaşqınlıq içində nə edəcəyini bilmədən dövrə vurub, sağa, sola vurnuxdu. Bir istədi geri qanrılıb asta qaçan namərddi-deyib dabanına tüpürsün. Sonra fikirləşdi ki, əlindəki bağlaması ilə bu qədər insanın əlindən hara qaçacaq? O, əlini hər şeydən üzüb Allaha dua edir, ondan kömək diləyirdi. Dəstənin onu sıx dövrəyə aldığını görüb özü də bilmədən şəstlə əlini qabağa verib:
HAY – HİTLER! –deyib, əsgər kimi farağat bir görkəm aldı.
Bunu gözləməyən nasist dəstəsi ona eyni cür cavab verib gülüşdülər. Sonra isə…
Ağlına gəlməyən başına gəlmişdi. Nasisst dəstəsi ona birnəfəsə yarım litirdən çox araq içizdirmiş, Hitlerin, Almaniyanın böyüklüyündən dəm vurmuşdular. Aldığı hədiyyələrə toxunmaq istəyən bir – iki nəfəri yerindəcə yumuruğuyla susdurmuş dəstə başçısı hər birinə onun qonağına hörmət etməyi bildirmişdi. Səhərə az qalmış, onu taksiyə mindirib yola salmışdılar. Bütün bu olanlar ona yuxu kimi gəlirdi. Sağ qalmağı isə lap möcüzə idi. Sonralar qohumlarından eşitdiyi “Onların əlinə keçənin tikəsi də tapılmır”, sözləri canını üşütmüş, xatirində uzun zaman o qorxunu yaşatmışdı…
Xatirələrin ağuşunda bir daha ölümdən qurtardığına görə, Yaradana şükür edib, oyuncaq mərkəzinə girdi. O, arxayın halda bazarlıq edir, uşaqlarına hədiyyələr axtarırdı. Vaxt, zaman baxımından heç bir qorxusu, əngəli yox idi.
O, indi vətənində, ana torpağında idi…
Təranə Fazilqızı
2002-2003-cü illər.