Moskvada, Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın və Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dastanı” (Сага о гранате”) adlı sərgisi açılıb.
-nın Moskva müxbiri xəbər verir ki, sərgidə Əsgər Məmmədovun yaradıcılığında Nar obrazının ən çox yer alan əsərləri, milli koloritli natürmortlar, portretlər nümayiş etdirilib.
Rəssamın Azərbaycanın simvolu kimi təqdim olunan nar rəsmlərində, fəlsəfə ilə poeziyanın harmoniyası təqdim olunur.
Sərginin aclışında çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Xarici Ədəbiyyat kitabxanasının baş direktoru Pavel Kuzmin və başqaları rəssamın həyat və yaradıcılığından danışıblar. Qeyd olunub ki, rəssamın əl işlərində əsasən mənzərə, natürmort, portret və qrafika üslubuna rast gəlmək olar. Bununla yanaşı rəssam öz əsərlərində Azərbaycan folklorunun, çoxəsrlik miniatür sənətinin təsirini ötürməyə çalışıb.
“Biz fəxr edirik ki, bu gün Xarici Ədəbiyyat Kitabxanasında azərbaycanlı rəssam Əsgər Məmmədovun sərgisi açılır. Bu, bizim üçün böyük şərəfdir, bu, Heydər Əliyev Fondu ilə, uzun illərdir əməkdaşlıq etdiyimiz Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə uzunmüddətli əməkdaşlığımızın daha bir göstəricisidir. Mən bu sərgini ilk dəfə görəndə Əsgər Məmmədova heyranlığımı bildirdim, çünki o, qrafika, rəssamlıq və natürmortları təmsil edir. Əsgər Mammədov elə bir insandır ki, öz rəsm əsəri ilə Azərbaycan mədəniyyətinin və adət-ənənələrinin bütün gözəlliklərini və əzəmətini çatdırıb”, deyə P. Kuzmin vurğulayıb.
Qeyd edək ki, Əsgər Məmmədovun uşaqlığı Qarabağda, Azərbaycanın mühüm mədəniyyət beşiyində keçib. Birinci Qarabağ müharibəsi zamanı erməni quldurları tərəfindən rəssamın dədə-baba yurdu yandırılaraq məhv edilib.
Ə. Məmmədov bu sərgini həmçinin Azərbaycanın Qarabağda, Xankəndində sonuncu qələbəsinə həsr etdiyini söyləyib: “Bu sərgidə mənim Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunan “Qələbə günü”,” Xarı bülbül”, “Doğma dağlar” kimi əsərlərim nümayiş olunur. Bu əsərlər bizim torpaqlarımızla, qələbəmizlə bağlıdır. Eyni zamanda bu sərgi “Nar haqqında əfsanə” adlanır”, deyə azərbaycanlı rəssam vurğulayıb.