Rəşadətli ordumuzun II Qarabağ – Vətən müharibəsində qazandığı qələbələr bütün xalqımızda ordumuza, Ali Baş Komandanımıza inam və fəxarət hissi yaşadır. Ordumuzun, qəhrəman əsgərlərimizin şərəfinə yazılan şeirlər, mahnılar, hekayələr və gələcəkdə yazılan əsərlər, çəkiləcək filimlər xalq və Ordunun bir olmasından bəhs edəcək və edir.
İnsanlarımız harda yaşamalarına, işləmələrinə baxmayaraq Ordumuzun yanındadır. Özlərini səngərdə hiss edir. Məktəblilərimiz, tələbələrimiz, az yaşlı uşaqlarımız əsgərlərimizə məktublar yazır, cəbhəyə göndərir. Moskvada yaşayan tanınmış şair – tərcüməçi Nilufər Şıxlının əsgərlərimizə ünvanladığı çəktub və iki şeir Müstəqil.Az-ın elektron ünvanına daxil olub. Şairə xanım məktubun və şeirlərin əsgərlərimizə göndərilməsini xahiş edir. Yaxın günlərdə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Müstəqil.Az saytının ön cəbhədəki əsgərlərimizlə görüş və sovqatların çatdırılması birgə layihəsinin növbəti səfərində məktub və hər iki şeir vərəqlərdə əsgərlərinizə çatdırılacaq. Xatırlatmaq yerinə düşər ki, Nilufər xanım Moskvada yaşayan tanınmş şair, tərcüməçi, həkim Afaq Şıxlının qızıdır. Moskvada rus KİV-lərinin birində çalışan N.Şıxlı Azərbaycan həqiqətlərinin, Qarabağ haqqımızın tanınmasında və müdafiəsində əsl fədəkarlıq göstərir.
Müstəqil.Az. Nilufər xanımın məktubunu və şeirlərini təqdim edir:
Əziz əsgər qardaşlarım!
Sizin üçün gecə-gündüz dua etməkdəyəm.
Siz indi soyuqda, yağışda bizim işıqlı gələcəyimiz üçün vuruşursunuz. Allah əməyinizi itirməsin! Müzəffər olasınız!
Özünüzü qoruyun, Allah da sizi, cümlə xalqımızı və Vətənimizi qorusun! Arzu edirəm ki, sağ-salamat evinizə-ocağınıza dönəsiniz. Qocalıb 100 yaşa çatasınız…)
Bilirəm ki, qələbə xəbərilə bizi sevindirəcəyiniz günə az qalıb!
Allah köməyiniz olsun, mənim əsgər qardaşlarım!
Moskva şəhərində yaşayan şairə bacınız:
Nilufər Şıxlı
ŞUŞA QALASI
Tanrım, bir açar ver açaq
Qıfıllı qalmış Qalanı!
Hər görəni məftun edib,
Sehrinə salmış Qalanı!
Qədəm basaq düzlərinə,
Baş endirək dizlərinə.
Kəm baxacaq yüzlərinə
Bir məzar olmuş Qalanı!
Göy – qibləgah,
səngər – yataq…
Gecəni gündüzə qataq.
Bir dan üzü xəbər çata:
Ordumuz almış Qalanı!
Qaçanı qaçmış yağının,
Yerlə bir olmuş qalanı!
03.11.20.
ƏSGƏR MƏKTUBU
Silib üzünün tərini,
gülümsəyib öz-özünə,
tüfəngini yandan asır.
Bir gənc əsgər
anasına məktub yazır.
Salam deyib
xəbər alır əhvalını.
Bir az doğru, bir az yalan –
yaxşı yazır öz halını.
Soyuqsa da, çox gözəldir yerim, deyir.
Ərköyünəm,
qoy bir mən də çətinliyi görüm, deyir.
Ürəyində:
“Vətənimə öz borcumu verim” deyir.
Bir də yazır:
Kaş görəsən,
Nə cənnətdir bu tərəflər!..
Otuz ildir at oynadır torpağımda naxələflər.
Otuz ildir etibarı yerlə birdir igidlərin.
İndi getmək vaxtı çatıb bu itlərin!
Bir də, ana,
elə bil ki, şəhidlərin ruhu gəzir bu yerlərdə.
Gözümüzə görünürlər səngərlərdə.
Bəzən, sanki, önümüzə qalxan olub
qoruyurlar güllələrdən.
Bilirəm ki, inanarsan bunlara sən…
Əziz ana, salam söylə qohumlara, tanışlara.
Vaxt olduqca, yazacağam ara-sıra.
Əsgər qalxır buz torpaqdan,
Yenə açır şux qəddini.
Gedir Vətən qorumağa,
Götürərək tüfəngini.
05.11.20.
Moskva şəhərində yaşayan şairə bacınız:
Nilufər Şıxlı