Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə 30 iyun tarixində keçirilən onlayn görüşü ilə bağlı Ermənistan XİN-in yaydığı məlumatda “Qarabağ xalqı” (“Artsax xalqı”) ifadəsi diqqətimi çəkdi.
Ermənilər Azərbaycanın ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağı və işğal olunmuş digər ərzilərimizi zorla “erməniləşdirməyə” çalışaraq, orada qondarma “Artsax Resbulikası” adında bir qurum yaradıblar və hazırda həmin ərazilərdə məskunlaşan (məskunlaşdırılan) gəlmələri də “Artsax xalqı” kimi təqdim edirlər. Amma əsl həqiqətdə isə hər kəs bilir ki, “Qarabağ xalqı”, “Artsax xalqı” deyilən bir etno-siyasi anlayış və beynəlxalq münasibətlərin subyekti yoxdur. Azərbaycan ərazisində yalnız bir xalq var – o da Azərbaycan xalqıdır. Azərbaycan türklərinin, talışlarının, ləzgilərinin, kürdlərinin, tatlarının, ingiloylarının, yəhudilərinin formalaşdırdığı Azərbaycan xalqının varlığı hər kəsə bəllidir.
Əgər Azərbaycan Respublikasının vətəndaşları sayılan Dağlıq Qarabağdakı ermənilər də Azərbaycan xalqının bir parçası olmaq istəyirlərsə, buyursunlar, biz bundan yalnız və yalnız məmnun olarıq. Ermənistan XİN-i isə bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməniləri “Artsax xalqı” kimi təqdim edərək həm özlərini, həm də dünya ictimaiyyətini bu yalana, bu mifə inandırmağa çalışmasın. Çünki “Artsax Respublikası” adında bir ölkə, bir dövlət yoxdur. Dünya birliyi belə bir qondarma xunta rejimini müstəqil dövlət kimi qəbul etmir, tanımır. Tanınmayan bir “respublika”nın separatçı fərdlərini xalq kimi təqdim etmək səfsətəsi isə yalnız Ermənistanın fantazyor, xülyapərəst diplomatlarının və siyasətçilərinin ağlına gələ bilər. Biz dünya birliyinin reallıqlarından və beynəlxalq hüququn məntiqindən çıxış edirik. Ermənilər isə uydurduqları miflərə inanmaqda davam etsinlər. Mövcud olmayan “Qarabağ xalqı”nı dünya birliyinə sırımağa çalışmaq həyasızlıqdır. Dağlıq Qarabağın azərbaycanlı icmasını yurd-yuvalarından didərgin salıb, oradakı ermənilərdən süni şəkildə “Qarabağ xalqı” formalaşdırmaq cəhdləri onsuz da fiasko ilə nəticələnəcək.
Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri,
Birinci Qarabağ Müharibəsinin iştirakçısı