Esse
Mövlud Süleymanlı dedikdə bilmirəm nədən ilk yadıma düşən əsəri “Kökdən düşmüş piano” olur. O zaman bu əsəri İncəsənət Universitetinin bir diplomantı televiziya tamaşası kimi isləmişdi. Yaşar Nuri də çox gözəl oynamışdı. Orda bir söz var: “… bəzən yazıçılar görürsən insan haqqında yazıb, amma onun səsini yaza bilməyib. Bir də görürsən obrazı ayrı adamın səsiylə danışdırır”. Nə qədər doğru məntiq! İndi Azərbaycan Ədəbiyyatında ayrı səslə danışan obrazlar bir yana, ayrı adamın səsiylə danışan yazıçılar da meydana gəlib. Əsil Yazıçılar isə köç edib bir bir gedir bu dünyadan. Mövlud Süleymanlını itirdik. Allahın işidir ki, onun nəvəsinə dərs deyirəm. Balaca yazarlar birliyimin üzvüdür Selcan. İlk gündən çox doğma bildiyim uşaq bir gün mənə dedi ki, mən Mövlud Süıeymanlının nəvəsiyəm. Bu, şagirdimin “Yasəməm çiçəyi” hekayəsini oxuduğum gün idi. Bir anlıq dedim ki, odur da “Yasəmən çiçəyi” adında hekaye yazmısan, bunu yalnız Mövlud müəllimin nəvəsi yaza bilərdi. Bir neçə vaxt babası xəstə olduğundan nəvəsinin də üzü solmuşdu. Həmişə durmadan gülən uşaq bu dəfə susub oturmuşdu. Mövlud Süleymanlı həmişə hər an evimizdə adı çəkilən əziz doğma bir kəs idi mənim üçün. Onu gec-gec görsəm belə bu heçnəyi dəyişmirdi.
Ötən gün isə onu itirdik. Mövlud Süleymanlı mediyanı sevməzdi, müsahibə aparmaq istəyənlərdən qaçardı, uzun uzadı özü haqqında danışmağdan uzaq idi. Bir müsahibəsini oxumuşdum. Orda ondan soruşurlar: “Sizdən sonra nə qalacaq?” Deyir: “Belə sual gözləmirdim”. Qəribədir, nəyə görə mediyadan uzaq olmaq istəməsini əslində anlayıram. Bu get gedə yalanlaşan dünyanın ondan belə bixəbər olmağını istəyib. Bir bir bu dünyadan Ədəbiyyat sütünları gedir və bu məni hədsiz qorxudur. Mövlud Süleymanlı Azərbaycan Mədəniyyətinə İncəsənətinə, kinosuna, radiosuna gərəkli bir yazıçı idi.
Dilimizin, folklorumuzun keşiyində duranlardan idi. Onun “Bulaq” verilişinın adını çəkmək kifayətdir.
Əsərlərində böyüklə böyük, kiçiklə kiçik olmağı bacarırdı. Onun hekayətləri isti idi doğma idi. Onun romanlarının içində daldalanmaq olurdu. Özü də doğma idi. Sonuncu dəfə onu Yazıçılar Bİrliyinin 85 illiyində görmüşdüm. Elə eyni sırada oturmuşduq. Yalnız onunla danışmağa utandım. Sadəcə salam verdim. Bəlkə də özümü tanıtsam, söhbət də edəcəkdik, bilmirəm… Yalnız mehriban doğma üzü həmişə xatirimdə qalan yazıçılardan idi Mövlud Süleymanlı. Mən onu oxuduğum əsərlərindən tanıyırdım. Özü demişkən, obrazların səslərindən tanıyırdım. Əslində özüm atasız qaldığım günün acısının ətrin belə xatırlayıram. Ona görə doğmalarına bir kəlmə söz deyə bilmədim. Qızına təsəlli vermək istəsəm də alınmadı. Çünki ata itirməyin təskinliyi yoxdur. Mövlud Süleymanlı çox gözəl yazıçı idi, vəssalam. Özündən sonra nə qalacaq sualinin cavabı da budir ki, özündən sonra əsərləri, romanları qaldı. Onu oxuduqca yenidən obrazların ruhunda diriləcək və biz onun səsini eşidəcəyik. “Köç”, “Ceviz qurdu”, “Günah duası”, “Şeytan”, “Dəyirman” və bundan qat qat çox əsərləri bu dünyada qaldı. Biz isə doğma kəsləri itirməklə sınanırıq. Və bir gün ümid işığı kimi hər kəs bir biriylə görüşəcək. Bunu düşünməsək onda yaşamaq çətinləşər. Yerin behişt olsun, bu dünyadan köç edən adam.
Aysel Fikrət