Mövludun mübarək, şəhidim… – Aysel Nəsirzadə

Mövludun mübarək,şəhidim
 
“Vətən üçün yaşayıb,vətən üçün öldünüz.
Siz torpağa deyil,qəlblərə gömüldünüz.”
 
Duası dillərdən düşməyən şəhidimiz Mübariz İbrahimovu özünə ideal seçmiş, onun kimi şəhidliyi qarşısına məqsəd qoymuş şəhidlərimizdən biri Emin İmran oğlu Bağırov olub.Cəsarəti dillər əzbəri olmuş şəhidimizin 15 iyul mövlud günüdür.Yaşasaydı bu gün 24 yaşı olacaqdı.
1996-cı il iyulun 15 Bakı şəhəri Binəqədi rayonunda ailənin son beşiyi olan Emin dünyaya göz açır. Uşaqlıqdan əsgər olmaq idi ən böyük arzusu. Oldu da, əsgər olmaqla yetinmədi, gedib sevdiyi vətəni uğrunda döyüşüb ən uca zirvəyə – şəhidlik zirvəsinə də ucaldı.Vətəni bütün ruhuyla, qəlbiylə sevən, vətənin şəhidinin məzarını and yeri etmiş vətənpərvər insanların ürəyində əbədilik məskəni saldı.
Vətənpərvərlik sonradan qazanılacaq duyğu deyil, insan vətənpərvər ya doğulur, ya da yox. Onu tanıyan hər kəs onun necə vətənpərvər oğul olduğunu şücaətli, qeyrətli gənc kimi böyüdüyündən bəhs edirlər. Uşaqlıqdan çox zirək və dəcəl olan Emin 182 nömrəli məktəbdə təhsil aldığı müddətdə bütün müəllimlərinin sinif yoldaşarının sevimlisi olmuşdu. Məktəb tədbirlərində fəal iştirak edirdi. Həmçinin cəsur şəhidimiz Emin MMA və Uşu sando idman növü ilə də məşğul olurdu. Heç vaxt onun gözlərində qorxu hissi olmazdı. Orta məktəbi bitirib, həmin ilin oktyabr ayının 8-ində hərbi xidmətə yola düşür .
Hərbi xidmətə çağrılan Emin ən böyük arzusuna çatırdı – Əsgər olurdu. Nənəsi deyir ki, bəzən, məzuniyyət götürüb gələndə çox darıxırmış, vətənə xidmət etmək onun üçün o qədər önəmli imiş ki, deyirmiş “Nənə, buralarda mən darıxıram, mən orda olanda rahat oluram.”
Arzusu – hərbiçi olmaq, qalıb orda – hərbidə işləmək idi. Cəmi doqquz ayın əsgəri olanda ailəsinə xəbər vermədən Xüsusi Təyinatlı Qüvvələrə yazılır. Sonra zəng edib atasıyla görüş təşkil edir. Emin iki komandir dörd əsgər yoldaşı ilə bərabər gəlib atasından halallıq alır. Altı ay təlimdə iştirak edir, 500 nəfərin arasından 25 nəfər RANGER kurslarını birinciliklə başa vurur ki, bunlardan biri də Emin Bağırov olur. Hər işdə sərişdəsi, cəsarəti şücaəti ilə seçilən Emin dörd günlük Aprel döyüşlərində də geridə durmayıb ön cəbhədə vuruşub. Əslində aprelin 1-i hərbi xidməti başa çatıb evə gəlməli olan Emin, evə dönməyə razılaşmayıb yoldaşları ilə bərabər ön cəbhədə müharibəyə yollanıb. Öz əsgər yoldaşının müharibəyə getməsinə razı olmayıb. Deyib:
“Sən atanın tək oğlusan qoy sənə bir şey olmasın. Mənim atamın 3 oğlu var, qoy biri də şəhid olsun. İki qardaşın bir də şəhid qardaşı olsun.”
İlk öncə Lələ təpə istiqamətində vuruşur aprelin 2-si son dəfə atası ilə danışır və deyir:
“Xəbərin olmamış olmaz, uğur biz tərəfdədi.”
Lələ Təpə uğrunda gedən döyüşlərdə yaralanır, lakin bir az yaxşı olan kimi Talış istiqamətində gedən döyüşlərə qoşulur. Neçə-neçə yaralı əsgər yoldaşının və bir yaralı mayoru döyüş meydanınndan xilas edib, hərbi hissəyə təhvil verir, yenidən müharibədə mübarizəsini davam etdirir. Deyirlər ki, erməniyə lənət oxuya-oxuya böyük bir nəriltiylə düşmənə atəş açırmış. Düşmənə olan nifrəti, onu bir an olsun mübarizədə ruhdan salmayıb. Aprelin 4-ü səhər saatlarında təpədən yoldaşlarına tərəf gələrkən boğazından güllə yarası alıb və ordaca gözlərini həyata yumub. Özünə ideal seçdiyi Mübariz İbrahimovun yanına şəhidlik zirvəsinə ucalır.
Anasına: “Mən şəhid olsam, ağlama! Şəhid anasına ağlamaq yaraşmaz!” – deyən, şəhidim, sənin yoxluğuna tək öz anan deyil bütün analar ağladı.
Emin Bağırov şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Hər bir vətənpərvər vətəndaşımız Emin Bağırovun adını qürurla anır,hər zaman da anacaq.Dəyişməyən yaşın mübarək,şəhidim.Sənin torpağa düşən hər damla qanının qisası qiyamətə qalmayacaq.Bu gün qanınız,canınız bahasına Lələtəpədə dalğalanan üç rəngli bayrağımızın tezliklə Qarabağda dalğalanacağı günün ümidi ilə yaşayırıq.
 
AYSEL NƏSİRZADƏ
Sin descripción disponible.
Share: