Müəllimləri xatırlamaq üçün …

Müəllimləri xatırlamaq üçün …
Müəllimləri xatırlamaq üçün nə onun haqqında bir neçə cümlə yazmağa gərək var, nə də şəhərin mərkəzində heykəlini ucaldıb saatlarla daş mənzərəni seyr etməyə…
 
 
Antik yunan filosofu Sokrat yazılarından birində qeyd edir ki, “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”. Mənə elə gəlir ki, Sokrat bu məsələdə haqlıdır, zəhmətkeş müəllimin dəyərini qiymətləndirmək üçün nə bər-bəzəkli cümlələr kifayətdir, nə də ki onun elədiklərinin qarşılığını vermək. Hələ İslamın yayıldığı , elmin o qədər də sürətli inkişaf etmədiyi bir dövrdə yaşayan elm adamı Həzrəti Əlinin yazılarının birində oxumuşdum ki, “Mənə bir hərf öyrədənin köləsi olaram”. Həqiqəti deyəni tanımaq üçün əvvəl yalan danışanlarla ünsiyyət qurmalısan, necə ki, bir müəllimin zəhmətkeş olduğunu ortaya çıxarmaq istəyirsənsə, əvvəl onunla yaxından ünsiyyət qurmalısan. Doğrudur, müəllimlik elə bir peşədir ki, başlıca cəhəti elm öyrətməkdir, amma deyərdim ki, ünsiyyət qurmağı öyrətmək də özü bir elmdir. Düşünürəm ki, nəyisə öyrənməyin intizarındasansa, birinci növbədə nümunən yaxşı olmalıdır. Necə ki, orta məktəb illərində dərsdəki mövzunu digər şagirdlərdən daha tez öyrənmək üçün kitabdakı nümunələrdən istifadə edirdik. Amma mənim yazımda qeyd elədiyim bugünki nümunəm heç bir kitabda verilməyib, real həyatda qarşılaşdığım nümunəvi müəllimlərdəndir. Tələbə üçün can yandıran, sabahını fikirləşən, tələbəsinin öyrənməyi üçün əlindən gələni əsirgəməyən, parlaq gələcəyi üçün çalışan Solmaz müəllimdir. Solmaz müəllimi sosial şəbəkələrin birində tanımışam, doğrusu, bəlkə də bu fikrim bir az şişirtmək kimi başa düşüləcək, amma onu tanıyarkən elə təsəvvür elədim ki, hər hansısa bir doğmam ilə ünsiyyətdəyəm. Fikirləşdim ki, yəqin əvvəlcədən, dərsə başlamamışdan “qiymət oxuyan” müəllimlər kimi o da fənnin qiymətini oxumağa başlayacaq. Bir neçə gün ünsiyyət qurduqdan sonra anladım ki, bir sözlə bu müəllimin istədiyi tam başqa bir şeydir. Əslində “bu onun haqqıdır” deyərdim, ataların dediyi kimi “əl əli yuyar, əl də üzü”. Bir anaya körpəsindən əziz nəsə yoxdursa, inanıram ki, Solmaz müəllimə də müəllim adına olan hörmətindən, ona xələl gətirilməməyindən əziz heç nə yoxdur. Hesab edirəm ki, bu cür müəllimləri xatırlamaq üçün nə onun haqqında bir neçə cümlə yazmağa gərək var, nə də şəhərin mərkəzində heykəlini ucaldıb saatlarla daş mənzərəni seyr etməyə. Belə düşünürəm ki, tələbə müəllimini yaşatmaq üçün onun heykəlini qəlbində ucaltmalıdır. Son sözlərimi isə Bəxtiyar Vahabzadənin “müəllim” haqqında olan şeirinin bəndlərinin biri ilə yekunlaşdırmaq istəyirəm.
 
Gəl, ey heykəltəraş! Bu mərmər, bu gil.
Düşün müəllimi, sonra alış, yan.
Onun heykəlini mərmərdən deyil,
Yarat özü kimi nurdan, işıqdan.
Solmaz müəllim, inanıram ki, böyük istedada söykənən zəhmət bir gün bəhrəsini daha böyük nailiyyətlər ilə verəcək. Uğurlar!
Nizami Bayramlı
Müstəqil.Az
Share: