Tanınmış azərbaycanlı iş adamı, “Polmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov dünən azadlığa buraxıldı. Bu xəbərin sevinc dalğası təkcə Azərbaycanda deyil, ölkəmizdən qat-qat uzaqlarda da yaşandı.
Mübariz Mənsimov həbs olunduqdan sonra onun haqqında az qala əfsanəyə çevriləcək xəbərlə yayınlandı, onun xeyriyyəçiliyindən türk-Azırbaycan sevdalılığından bəhs olundu, azadlığa çıxması üçün piketlər keçirildi, mitinqlr təşkil edildi, sosial şəbəkələrdə şəkilləri yayınlandı, ölkənin tanınmış ziyalıları Türkiyə və Azərbaycan rəhbərliyinə müraciətlə ünvanladı.
M.Mənsimovun müdafisəsinə qalxan ziyalılardan biri də tanınmış şair, Prezident təqaüdçüsü Şərafətdin İlkin idi. Müstəqil.Az olaraq onunla görüşüb, söhbət etdik.
-Şərafəddin müəllim, xalqımızın dəyərli oğlu Mübariz Mənsimovun azadlığa çıxması ilə əlaqdar sizi təbrik edirik.
-Mən də bütün xalqımızı, bütün Mübarizsevərləri təbrik edirəm. Çünki, bu bir ildə xalqımızın Mübariz bəyə olan məhəbbətin nə qədər böyük olduğunun şahidi olduq. Əlbəttə, təmənnalı “məhəbbət bəsləyənlər” də az deyildi. Amma əksəriyyət bu azadlığı Qarabağın işğaldan azadlığı qədər istəyirdi. Çünki Mübariz bəy, bütün azərbaycanlılar kimi Qarabağın azad olunmasını özünün azad olunmasından daha çox istəyirdi. Bu baxımdan onun azad olunmasını istəyənlərin sayı milyonlar idi, desək ifrata varmarıq. Şükürlər olsun ki, bu günü görmək bizə qismət oldu.
-Mübariz Mənsimov saxlanan andan onun müdafiəsinə qalxdınız. Bu şəxsi tanışlığınızdan irəli gəldi, ya inandığınıza görə idi.
-Əslində mənim Mübariz bəylə şəxsi tanışlığım yoxdu. Düzdü, iki dəfə ümumi tədbirlərdə görüşmüşük. Anası Zümrüd xanıma yazdığım şeirə hələ 2006-cı ildə bəstəkar Sevda Məmmədli musiqi bəstələmişdi, Əməkdar artist Baloğlan Əşrəfov oxumuşdu. Zümrüd ananın 70 illik yubileyində Mübariz bəylə görüşdük. Mahnın sözlərinin mənə aid olduğunu biləndə “Sizin üçün nə edə bilərəm?” deyə soruşdu. Mən isə, “Bizim xalqımız üçün Özünüzü qoruyun” -dedim.
Sonra “Qurban ata, Zümrüd ana” şeirimə bəstəkar Sevinc Tofiq qızı musiqi bəstələdi. Səbuhi ifa etdi, bu mahnıya gözəl bir klip də çəkildi. Mübariz bəy də sosial şəbəkə vasitəsiylə həm Sevinc xanım, həm də mənə təşəkürünü bildirdi.
Çox keçmədi ki, məlum hadisələr baş verdi. Keçən il ilaxır çərşənbə ərəfəsində Mübariz bəy həbs edildi. Məni bayram münasibəti ilə təbrik edənlərə şeirlə icmarıc göndərdim ki, dəyərli qardaşımız günahsız yerə həbs olunubsa təbrikə ehtiyac yoxdu. Həmin şeirə də Sevinc Tofiqqızı musiqi bəstələdi. Bu şeir Türkiyə və Azarbaycanda çəkilən filimin demək olar ki, sujet xətti oldu. Bundan əlavə “Açın qapısını gəlsin Mübariz” şeirimə Ruslan Səfəroğlu musiqi bəstələdi, Məlahət Əzizli ifa etdi, bir rolik də çəkdirdi.
-Şərafəddin müəllim, eşitdiyimizə görə rusiyada yaşayan soydaşlarımız da sizin bir şeirinizə mahnı oxumuşdular…
-Bəli. “Mübarizlər” şeirimə Rusiyada yaşayan soydaşlarımız gözəl bir mahnı hazırladılar. Əslən Ucardan rayonundan olan Elçin adlı müğənni (Rusiyada “Parin iz soyuza” kimi tanınır) musiqi hazırladı. Deyəsən beş nəfər oxumuşdular…
Ondan əlavə də Mübariz bəy həbs olunanda valideyinlər uzun müddət bu hadisədən xəbərsiz oldular. Qurban dayı ilə Zümrüd anaya demişdilər ki, Mübariz xarici ölkədədi, pondemiyaya görə gələ bilmir. Mən mütəmadi olaraq Mübariz bəyin bacısı Zərnişan xanım vasitəsiylə onlarla danışırdım. O ərəfədə Zümrüd ana 80 illik yubileyinə məndən ərklə mahnı istədi. Mən də, baş üstə deyib, bir şeir yazdım. O ailəyə yaxın olan əziz dostum Şahin Ağayev gözəl bir musiqi bəstələyib oxudu. Çox təəssüflər olsun ki, amansız ölüm Şahin qardaşımızı əlimizdən aldı, Mübarizin azadlığa çıxdığını görmədi.
-Bütün bunlardan Mübariz bəyin xəbəri olmayıb yəqin ki?…
-Bilmirəm. Amma xəbəri olmamış olmaz. Bir də mənə butün bunları etməyə kimsə təhrik etmirdi ki. Mən təmənnasız etmişəm bunları. Çünki, Mübariz kimi oğullar yüz ildən bir doğulur. Onlara dəyər verməksə bizim işimizdi.
-Siz kəskin yazılar yazıb, bəzi adamları naxələflikdə günahlandırırdız…
-Bilirsiz, mən haqsızlığı qəbul edə bilmirəm. Mübariz həbs olunmamışdan əvvəl onun arxasınca sülənənləri, adına bəytərifi deyənləri tanıyırdım. O tutulandan sonra siçan kimi deşikdə gizləndilər. Hətta mənə deyirdilər ki, başını bəlaya salma. Səs yazıları, müəyyən yerlərdə Mübarizin adı gələndə məclisdən qaçdıqları videolar da var. İndi yenə fəallaşıblar. Özlərini canıyanan kimi göstərirlər. Amma mən inanmıram ki, Mübariz yenə onları yaxına buraxsın.
-Görüşəcəksinizmi Mübariz bəylə?
-Qismətdə varsa, əlbəttə. Təkcə mən yox, hər kəs bu BÖYÜK ŞƏXSİYYƏTlə görüşmək istəyər. Görüşə bilməsəm də fərq etməz. Mənim arzum onu azadlıqda görmək idi. Arzuma da ki, çatmışam.
Söhbətləşdi: Tural Səfərli