(Milli qəhrəmanımız Mübariz İbrahimovun əziz xatirəsinə)
Uşaqlıqdan arzusu hərbçi olmaqdı. Atasına deyərdi, mənə avtomat al. Atası
soruşardı:
-Avtomatı neynirsən, ay oğul?
-Çoxlu düşmən öldürəcəm..
Ata gülümsəyib oğlunun başını sığallayardı. Valideynlər bunu çox da ciddiyə
almırdılar. Uşaqlıq xəyalı kimi anlayırdılar. Amma hiss edirdilər ki, bu uşaq
qeyri-adidir, gələcəyi başqa cür olacaq. Öz yaşıdlarından tam fərqliydi.
Bir gün atası oğlunun istəyini yerinə yetirərək ona oyuncaq a vtomat aldı.
Mübariz çox sevindi. Dərhal uşaqlar başına yığıldı. Hər gün dava-dava
oynayardılar. Mübariz əlindəki silahla düşməni biçərdi. Taq-taq-taq!! Xocalı
faciəsi baş verəndə də hələ uşaqdı. Uşaq da olsa, dərk edirdi çox şeyi, düşməni öz
avtoamatıyla bir-bir sərirdi yerə. Dayanın, qoy böyüyüm. Görərsiz, necə
oğullar doğulub… – deyərdi.
Elə də olacaqdı.
Böyüdükcə, ağlı kəsdikcə anladı ki, düşmən dediyi çox məkrlidi və gəlib oturublar
onların halalca torpaqlarında. Dözə bilmirdi. Yuxusu da ərşə çəkilmişdi. Çox
vətənpərvərdi. Sonra əsgərə getdi. Vətən sevgisi, düşmənə nifrəti günü- gündən
artırdı. Sərhədin o tərəfində doğma torpaqlardı. Və o doğma torpaqlarda düşmən
gəzirdi. Bir çoxları kimi Mübariz bunu həzm edə bilmirdi. Xidmətdə olarkən
ağlına bir fikir gəldi. Onu həyata keçirmək istəyirdi.
Şəhid olmamışdan bir həftə əvvəl evlərinə getdi. Anasını, atasını öz ölümünə
hazırlamaq istəyirdi. Ayrılanda dedi:
-Ana, ata, mən gedirəm, bəlkə bir də görüşmədik.
-Bıy, ay bala, nə danışırsan? Hara gedirsən?-anası həyəcanla dilləndi.
“Şəhidliyə gedirəm!” – ürəyində dedi. Anasının boynunu qucaqlayıb doyunca onu
qoxuladı. Son dəfə ana ətrini ciyərlərinə çəkmək istəyirdi. Kövrəlsə də özünü
saxladı.
-Vallah, dözə bilmirəm, ana! Düşmənin Xocalıda törətdiyi qırğına, qız-gəlinlərin,
körpə uşaqların, əsirlərin başına açdıqları vəhşiliklərə dözə bilmirəm. Baş
verənləri unuda bilmirəm! Hər gecə yuxuma girir…
Ana ürəyi çox narahat idi. Mübariz gedəndən sonra gözünə yuxu getmədi. Bəlkə
görüşmədik… sözü qulaqlarında əks -səda verirdi. Allah, sən özün balamı qoru!
Ana hər gün dualar edirdi. Bir gün telefonuna zəng gəldi. Oğlu idi. Ananın
uçmağa qanadı olmadı.
-Səsinə qurban, aldığın nəfəsinə qurban, ay oğul!
-Ana, zəng etdim deyəm ki, haqqını halal elə.
-Bu nə sözdür, ay oğul?
-Sözdü də deyirəm. Səndən halallıq istəyirəm Məndən sonra qətiyyən ağlama.
-Sən nə danışırsan, oğlum?
Ananın qəlbi yerindən çıxdı. Ürəyi sürətlə döyünməyə başladı. Birdən dəlilik
edər? Ay Allah, mən neyniyərəm?
O gecə ana sabaha qədər yatmadı.
Həmin gün Mübariz də oyaq idi. Namazını qılıb Allaha dualar etdi. Hər şey kino
lenti kimi birər-birər Mübarizin gözünün önündə canlandı. Arzusunu yerinə
yetirmək üçün fürsət axtarırdı. Dostları Əhməd və Fəridlə xeyli söhbət elədi. Onu
fikrindən daşındıra bilmədilər. Qərarında qətiydi.
Gecə yarı idi. Göz gözü görmürdü. Amma o düşməni yaxşı görürdü. Ermənilər
onu qarşısnda görəndə özlərini itirdilər. Avtomata belə əl ata bilmədilər. Mübariz
avtomatı düşmən zabitinin başına dirədi.
-Al, bu sənin Xocalıda günahsız qətlə yetirdiyin körpələrin qisası. Bu da
gəlinlərin, körpəcə qızların qisası. Taq-taraq! Mübariz özündə deyildi. Avtomatla
bir-bir biçirdi.
Var gücü ilə əlindəki qumbaranı düşmənə tərəf tolazladı. Güclü toz dumanı
ətrafı bürüdü. Ermənilərdən bir neçəsi yerə yıxıldı. Ermənilər elə bildilər böyük
bir qoşun gəlib üstlərinə. Yuxarıya məlumat verdilər. Nəhayət köməyə gəldilər.
Gördülər ki, onları məhv edən bir nəfərdir. Komandir hirsindən bilmədi neyləsin.
Mübarizi diri tutmaq istəsələr də o, düşməni yaxın gəlməyə qoymurdu. Nəhayət
onu vurdular. Son anda Vətən sağ olsun! – deyib şəhadətə qovuşdu.
Düşmən cəsədin əl-qolunu bağladılar və cəsədə yaxın getməyə qorxurdular.
Müəllif: AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı Fuad BİLƏSUVARLI