Mübariz Mənsimov XƏTA edər, XƏYANƏT etməz- Müzəffər Ali Baş Komandana MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə Azərbaycanın Cənub regionunun müharibə iştirakçıları və qaziləri tərəfindən Müraciət Müzəffər Ali Baş Komandan! Biz Azərbaycan Respublikasının Cənub regionunun müharibə iştirakçıları və qaziləri Sizə müraciət edərək, ilk öncə Vətən müharibəsində bizə qələbə qazandırdığınız, Qarabağı mənfur düşməndən azad etdiyiniz, bu istiqamətdə dünyaya dərs verəcək qədər həm siyasi, həm də hərbi cəhətdən uğurlu addımlar ataraq Azərbaycan xalqının qüdrətini bütün dünyaya tanıdaraq şəhidlərimizin ruhunu sevindirdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Siz Qarabağın xilaskarı, Azərbaycan xalqının qəhrəmanı olmuş, hər bir vətənpərvər azərbaycanlının sevgisini qazanmısınız. Biz Cənub regionunun müharibə iştirakçıları və qaziləri də Sizi bu zəfər münasibətiylə təbrik edir və hər zaman Sizin xarici və daxili siyasətinizi, fikirlərinizi, addımlarınızı və qərarlarınızı dəstəklədiyimizi bildiririk. Möhtərəm Prezident! Vətən savaşındakı zəfərin memarı, xalq və ordunu düz yola yönləndirən, Azərbaycana xoş aqibət bəxş edən, şəhid ruhlarını daim sevindirən liderimiz, ölkəmizin günü-gündən inkişafı, xalqımızın rifahı və bizim daim qalib millətlər sırasında olmağımız yalnız Sizin əməyinizdir! “Şəhidlik” anlayışı Allahın bir müsəlmana ən böyük mükafatı olduğu qədər, şəxsən Sizin Azərbaycan xalqına rəhbərliyiniz də Allahın bizlərə lütfüdür. Biz Cənub bölgəsinin müharibə iştirakçıları və qaziləri həmişə Szin sözlərinizə əməl etməyi özümüzə döyüş tapşırığı bilmişik. Bunu sözdə deyil, həmişə əməldə həyata keçirmişik. Necə ki, Qarabağın azadlığı uğrunda Vətən müharibəsində, “Qarabağ Azərbaycandır!” şüarının həyata keçirilməsində sübut etdik, qanımız, canımız bahasına. Onu da nəzərinizə çatdırırıq ki, Cənub bölgəsində yaşayan hər bir insanın qəlbində Ulu Öndərimiz Heydər Əliyev və şəxsən Sizin adınız portret olaraq asılıb. Hörmətli Prezident! Bilirsiniz ki, Cənub zonasının bütün övladları vəzifəsindən, peşəsindən, statusundan və dünyanın harasında yaşamasından asılı olmayaraq Sizin hər bir qərarınızı hər zaman dəstəkləmiş və bundan sonra da dəstəkləməyə davam edəcəkdir. Vətənini, el-obasını, həmvətənlərini, ölkəsini və Prezidentini sevən Cənub regionunun xaricdəki igid oğulları sırasında bölgəmizin fəxri, bütün dünyaya Azərbaycan bayrağını, Azərbaycanın tanınmış simalarını qürurla tanıdan, Xocalı qətliamını, Qarabağ həqiqətlərini hər zaman dünyaya çatdıran ölkəmizin və xüsusilə Cənub torpaqlarının fəxri, iş adamı – “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov da biz qazilər və müharibə iştirakçıları kimi Sizin siyasətinizi dəstəkləmiş, ölkəmizin günü-gündən inkişafında Sizin əvəzsiz rolunuzun olduğunu dəfələrlə bildirmişdir. O da Sizi özünə örnək bilərək hər zaman xalqımıza, biz sadə insanlara, müharibə iştirakçılarına və qazilərə mənəvi və maddi dəstək olmuş, bir iş adamı kimi əldə etdiyi gəlirlərin böyük hissəsini Azərbaycan xalqının rifahı üçün təmənnasız şəkildə ayırmışdır. Möhtərəm Prezident, Cənab Ali Baş Komandan! “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov yaşadığı və biznesini qurduğu Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdır. Çox təəssüflər olsun ki, hər zaman həm qardaş Türkiyə, həm də Azərbaycanın maraqlarını hər bir şeydən öndə görən və dünyaya tanıdan Mübariz Mənsimova “FETÖ-çü” damğası vurmaqla, terror təşkilatına yardım etməkdə təqsirli hesab edirlər. Biz Cənub regionunun müharibə iştirakçıları və qaziləri olaraq Mübariz Mənsimovun həmvətənimiz olduğunu, necə xeyirxah işlərlə məşğul olduğunu, ehtiyac içində olanlara, kimsəsizlərə, xəstələrə, darda qalanlara, məzlumlara yardım etməsini, yüzlərlə imkansız tələbənin məhz onun himayəsi altında dünyanın, o cümlədən Türkiyənin bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almasını, Türkiyə – Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində xidmətini, imkansız Azərbaycan və Türkiyə vətəndaşlarına köməkliyini, o cümlədən, Qarabağımızın işğalı barədə hər zaman dünyaya həqiqətləri çatdırmaqda əvəzsiz xidmətlərini nəzərə alıb onun azadlığa qovuşması üçün öz köməkliyinizi əsirgəməyəsiniz! Hər zaman kasıbın, köməksizin, çarəsizin yanında olan, çətin vəziyyətə düşmüş insanlara yardım əlini uzadan adamın bu gün köməksiz, çarəsiz durumda olması bütün Azərbaycanı, onu sevən milyonları məyus etmişdir. Möhtərəm Prezident, Cənab Ali Baş Komandan! Siz çıxışlarınızın birində qeyd etdiniz ki, 4 dəfə Allahın evində, Kəbə ziyarətində olmusuz. Hər dəfə də Allahdan Azərbaycanımız, Qarabağımız üçün dualar etmisiniz. Bütün dini tədbirlərdə tam əminliklə qeyd edirdiniz ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Cənab Prezident! Allah sizin dualarınızı eşitdi və verdiyiniz sözün həyata keçirilməsinə bütün dünya şahid oldu! İnanırıq ki, bizim müraciətimizdən sonra Allah sizin dualarınızı eşidən kimi, siz də bizim xahişimizi eşidib, Mübariz Mənsimovun azadlığa buraxılması üçün əlinizdən gələn köməyi əsirgəməyəsəksiniz. Ona da əminik ki, Mübariz Mənsimov heç zaman Azərbaycan və Türkiyə dövlətinə xəyanət etməz. Doğrusu, onun da hamı kimi xətası ola bilər, amma xəyanəti olmaz! Möhtərəm Prezident! Heç kimə sirr deyildir ki, Türkiyə Cümhuriyyətinin Başqanı Rəcəb Tayyib Ərdoğan Sizinlə yaxın dostdur, eyni zamanda Azərbaycanın da yaxın dostudur. Bu səbəbdən biz, burada imzası olan bir qrup müharibə iştirakçıları və qaziləri Sizdən xahiş edirik ki, Mübariz Mənsimovun həbsi ilə bağlı əlaqədar öz nüfuzunuzdan yararlanaraq hörmətli Rəcəb Tayyib Ərdoğandan onun azad edilməsini xahiş edəsiniz! Biz Sizdən bunu həm də Heydər Əliyev kimi bir atadan, Zərifə xanım kimi bir anadan tərbiyə, öyüd, nəsihət alan, mənəvi dəyərlərə hörmət edən bir oğul kimi xahiş edirik! İnanırıq ki, Siz şəxsən bu məsələ ilə məşğul olsanız, mütləq həllini tapacaq. Sizə inamımız və güvənimiz sonsuzdur. Tanrı Sizi qorusun!
Hörmətlə, Cənub regionunun müharibə iştirakçıları və qaziləri adından:
Aqil Alışov
Miq.Az saytının baş redaktoru
Müstəqil.Az