Müharibə qəhrəmanı, cəsur polkovnik hələ də kirayədə yaşayır

Müharibə qəhrəmanı, cəsur polkovnik hələ də kirayədə yaşayır

Birinci Qarabağ Müharibəsində Azərbaycan televiziyasından çəkiliş qrupu ilə döyüş bölgəsinə ezamiyyətə gedərkən jurnalist dostum İnqilab Mikayılov döyüşlərdə iştirak edən qohumu Himayət Qubadovdan dörd aya yaxındır ki, xəbər ala bilmədiklərini, valideynlərinin, yaxınlarının çox narahat olduqlarını söylədi və imkan daxilində onun taleyi ilə maraqlanmağımı xahiş etdi.

Həmin günlərdə ağır döyüşlər gedir və düşmən müxtəlif istiqamətlərdən hücumlar edərək torpaqlarımızın işğalını davam etdirirdi. Cəbhədə vahid hərbi idarəetmə olmadığı, qoşunlar pərakəndə qruplar şəklində döyüşdüyü, bir çox hallarda isə siyasi qarşıdurmaların alətinə çevrildiyi üçün düşmən bundan ustalıqla istifadə edərək dayanmadan irəliləyirdi. Hərbi nizam-intizamın olmaması, orduda xidmət edən əsgərlərin taleyinə biganəlik bir-çox hallarda hərbçilərdə də inamsızlıq, ruh düşgünlüyü yaradırdı. Bütün bu kimi hallardan irəli gələn şübhə Himayət Qubadovun da qohumlarını rahat buraxmır, öldüyünü, amma bunun heç kimi maraqlandırmadığını düşünürdülər.  Jurnalist dostum İnqilab Mikayılov da eyni fikirdə idi. Hara əl atsalar da qohumlarının öldüsü-qaldısı haqqında səhih bir məlumat ala bilmədikləri üçün, valideynlərinə bildirməmək şərtilə, artıq Himayət Qubadovun şəhid olduğu qənaətinə gəlmişdilər…

 

Bölgəyə çatan kimi, çəkilişlər aparmaqla yanaşı Himayət Qubadovla da maraqlanmağa başladım. O zaman briqada komandiri və hərbi əməliyyatlara rəhbərlik edən general-mayor Elbrus Orucovla Tərtərdə görüşdük. E. Orucovdan müsahibə götürdükdən sonra Himayət Qubadovu tapmaqda mənə kömək etməsini xahiş etdim. Baş leytenant Himayət Qubadovun sağ-salamat olduğu və uzun müddətdən bəri kəşfiyyat qrupunun komandiri kimi düşmənin arxasında fəaliyyət göstərdiyi məlum oldu. Düşmən arxasında fəalyyət göstərən bir zabitlə görüşməyin imkansız olduğunu bildiyimə rəğmən valideynlərini arxayın salmaq üçün onu görmək istədiyimi bildirdim. Uzun danışıqlardan sonra E. Orucov onun hərbçilərimizlə görüşmək üçün həmin gün təyin olunmuş yerə gələcəyini bildirdi. Və mənə onunla görüşmək üçün şərait yaradılmasını tapşırdı. Çəkiliş qrupu ilə birlikdə o zaman Tərtər rayonunun icra başçısı işləyən Sərdar Həmidovun bizə ayırdığı UAZ markalı maşınla bələdçi və mühafizəçilərin əhatəsində, güllə və artilleriya yağışı altında təyin olunmuş yerə yollandıq.  Uzun məsafəni maşınla qət etdikdən sonra, bir xeyli də piyada gedib təyin olunmuş yerə çatdıq. Kəşfiyyat qrupunun komandiri artıq orada bizi gözləyirdi. Baş leytenant Himayət Qubadovdan Azərbaycan Televiziyasının Hərbi Proqramları üçün müsahibə götürdüm. Himayət Qubadov ümidverici danışdı, nə olursa olsun bizim qələbə çalacağımızı və buna bütün qəlbi ilə inandığını dedi. Bizdən ayrılıb əsgərləri ilə bərabər tapşırığa getdi. Və Himayət Qubadov gözdən itənə qədər operatorumuz kameranın gözü ilə onu izlədi. Ertəsi Bakiya qayıtdıq və əməkdaşlarımızla bərabər bütün gecəni yatmayıb həmin verilişi efirə hazırladıq. Himayət Qubadovu televizorda görən həmkəndliləri bir-birinə xəbər verməklə sevinc göz yaşları içərisində onun valideynlərinin başına toplaşırlar…

Təqaüddə olan polkovnik Himayət Qubadovla 30 ildən sonra dünən Bakıda, kirayədə yaşadığı evində görüşdüm. Xüsusi qəhrəmanlıqlar göstərmiş, döyüş əməliyyatları zamanı üç dəfə yaralanmış və yaralı, qolu gipsdə olduğu halda yenidən döyüşlərə qatılmış, saysız-hesabsız orden və medallarla təltif olunan Himayət Qubadovun hal-hazırda Köhnə Günəşli qəsəbəsində ailəsi ilə bərabər hələ də kirayədə yaşadığı məni təəccübləndirdi…

Himayət Qubadov haqqında göstərdiyi saysız hesabsız qəhrəmanlıqlarına görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmək üçün təqdimat verilib. Hərbci yazar polkovnik Abdulla Qurbani “Gəzdim Naxçıvani mən səngər-səngər” adlı kitabında Himayət Qubadovun keçdiyi şərəfli döyüş yolundan bəhs edir: – “Axşam saat 11-12 radələrində Sərsəng Turist bazasına qədər ermənilər irəliləmişdilər. Himayət Qubadovgilin də mövqeləri “Qrad” atəşinə tutulmuşdu. Rəhbərlik Qubadova Sərsənglə Turist bazası arasındakı mövqeni almaq əmrini verdi. Himayətgil hücuma keçərək həmin mövqeni ələ keçirtdi və düşmənin baş qaldırmasına imkan vermədi.”  Bir neçə gündən sonra baş leytenant  Himayət Qubadova yeni tapşırıq verilir: – “N saylı hərbi hissənin döyüşçüləri Sərsəng su anbarı tərəfindən keçib yolu bağlamalı, düşməni Ağdərəyə buraxılmamalıdır. Himayətgil irəliləyərək Seyfəlidən köməyə gələnləri arxada qoydu. Kasapetə 10 km-dən bir qədər artıq məsafə qalırdı. Kasapetdəki ayı heykəli uzaqdan görünürdü. Çoxlu texnika və yaraqlı toplaşmışdı. Himayət rabitə əlaqəsinə girərək bu barədə Seyfəlidən gələnlərə məlumat verdi. Lakin 15 dəqiqə keçməmiş Seyfəlidən gələnlərin özlərinin ermənilərlə atışması başlandı. Vəzir Orucov tapşırıq aldı ki, döyüşçülərin sağ-salamat çıxarılmasına şərait yaratsın. Himayət sıravi əsgər Əlyarla Seyfəlidən gələnlərin yerləşdiyi mövqeyə yaxınlaşmaq istəyəndə atəşə tutuldular. Əlyar boğazından yaralandı. Məlum oldu ki, Seyfəlidən gələnlər yerdəyişmə edərkən ermənilər həmin mövqeni tutmuşlar. Himayət  qranatatanlarla silahlanmış iki əsgərini sağ və sol cinahlarda yerləşdirdi ki, şəxsi heyətin sağ-salamat çıxmasına şərait yaratsınlar. Döyüşçü Elşən Qurbanov qəhrəmancasına şəhid oldu. Düşmən bir km-ə yaxın Sərsəng su anbarına yaxınlaşmışdı. Qubadov rəhbərliklə əlaqə saxladıqdan sonra onlara dörd ədəd BMP-1 göndərildi. Texnika Sərsəngə bir km qalmış ərazidə yerləşdirildi. Vəzir Orucovun planı əsasında üç qrup yaradıldı: İnqilab Ağayevin bölüyü atəş açmadan düşmənin arxasına keçməli, Himayətin bölüyü sağ cinahdan Sərsəng su anbarına doğru irəliləməli, Vəzir Orucov isə ortadan sağı da, solu da möhkəmləndirməliydi. Bir saatdan sonra Ağayev məlumat verdi ki, artıq düşməni görürük.Vəzir Orucov Himayətə əməliyyatı başlamaq əmri verdi. Sərsəng Su Anbarına çatmağa 200 metr qalırdı. Onlar çox ehtiyatla irəliləsələr də, müşahidə nöqtəsindən düşmən onları görmüşdü. Atışma başladı. Vəzir Orucov hər iki cinaha kömək edirdi. Onun pulemyotu düşmənin canına vəlvələ salmışdı. Bir anın içində ermənilərin şilkası çıxaraq Vəzirin dayandığı mövqeni nişan aldı. Lakin faqotumuz həmin şilkanı məhv etdi. Sağ qalan ermənilər qaçmağa üz qoymuşdular. Onların içərisində muzdlu zəncilər də var idi. Hamının sevinci hədsiz idi. Onlar yüz nəfərə qədər erməni yaraqlısını məhv etmiş, xeyli hərbi sursat, iki şilka, ərzaq, paltar, dərman, və.s qənimət götürmüşdülər. Artıq Sərsəng su anbarı alınmışdı.

Novruz bayramı ərəfəsində onlar Ağdama göndərilərək Papravəndin fermasında yerləşdirildilər.Martın 20-də Vəzir Orucovla Himayət Qubadov qərargaha çağırıldı. Onların taboruna Papravəndin üstündən Qlobusa çıxmaq tapşırığı verildi…

…Ermənilərin üstü canlı qüvvə ilə dolu “Uralı” Qlobusa doğru irəliləyirdi. Vəzir faqotla həmin maşını nişan aldı. Arxadan gələn daha iki maşın Vəzir Orucov və Vahid Mərdanov tərəfindən məhv edildi. Döyüş getdikcə şiddətlənirdi. Martın 22 də Vəzir Orucov qəhrəmancasına şəhid oldu. Vəziyyət həddindən artıq gərgin idi. Vəzir Orucov şəhid olduqdan sonra tabora Himayət Qubadov komandirlik edirdi. Növbəti tapşırıq “Ağdərədə yanğınsöndürmə məntəqəsinin üstündən qalxaraq hücuma keçmək və Qlobusu ələ keçirmək idi. Aprelin 2-si saat 04:00 da hərəkətə başladılar. Himayət Qubadov şəhid komandiri Vəzir Orucovun taktikasından istifadə etmək qərarına gəldi. O, Asim Qasımovun qrupunu arxaya keçmək üçün sağ cinahdan, zabit Nizami Heydərovun qrupunu isə sol cinahdan irəliyə göndərdi. Özü isə ortadan pulemyotla hər iki qrupa kömək edəcəkdi. Onlar 70-80 metr irəliləmişdilər ki, erməni pulemyotu atəş açdı. Hamının “Malış” deyə çağırdığı ağcabədili Rauf yaralandı. Himayət həmin pulemyotu bir andaca susdurdu. Bir azdan Asim Qasımovun qrupundan olan Vitalik düşmənin arxasına keçdiyini xəbər verdi. Himayətin “başlayın” əmrindən sonra ermənilərin içinə çaxnaşma düşdü. Sol cinahdan hücum başlamışdı. Ermənilər güclü müqavimət göstərirdilər. Ortakənddən də onlara kömək gəlmişdi. Altı saata yaxın idi ki, qızğın döyüş gedirdi. Himayət döyüşü məharətlə idarə edirdi. Əsgərlər yaralanır, lakin döyüşü tərk etmirdilər. Kasapet istiqamətindən də döyüşçülərimiz top, minamyot atəşinə tutulmuşdular. Döyüş səngimək bilmirdi. Nəhayət axşam saat 17:00 da Qlobus yüksəkliyi alındı…

Üç gündən sonra onlara Çardaqlı kəndinin alınması əmri verildi. Həmin gün Himayətin doğum günü idi. Və öz doğum günündə Himayət qolundan güllə yarası aldı. Onu məcburi olaraq döyüş meydanından çıxardılar. 1993-cü ilin dekabrında H. Qubadov Bakıda hospitalda müalicə olunarkən ermənilər irimiqyaslı hücuma keçmişdi. Prezident xalqa müraciət edərək düşmənlə mübarizəyə çağırmışdı. H. Qubadov müalicədən imtina edərək qolundakı aparatı çıxarıb atdı və qoluna gips qoyduraraq, həkimlərin etirazına baxmayaraq yenidən döyüşə yollandı. Qolu gipsdə olmasına baxmayaraq cəsur komandirin döyüşə qayıtması əsgərlərində böyük ruh yüksəkliyi yaratmışdı. 1994-cü ilin aprelin 12-də H.Qubadov bud nahiyəsindən və başından təkrar yaralansa da, döyüşü tərk etmədi…

Ağdam, Tərtər istiqamətində ermənilərin güclü hucumu başlamışdı. Qırmızıkənd uğrunda döyüşlər gedirdi. Aprelin 20-də H. Qubadov briqadanın qərargahına çağırıldı. Elbrus Orucov ona ermənilərin Qırmızıkəndi tutub bayram etdiklərini dedi. Və nəyin bahasına olursa olsun Qırmızıkəndi azad etmələrini tapşırdı. Əlavə etdi ki, bu Ali Baş Komandanın əmridir. Ertəsi səhər saat 05:00 radələrində Himayət Qubadovun taboru Qapanlının sol tərəfindən hücum edərək şəhəri azad etdi. Düşmən xeyli sayda canlı qüvvə və texnika itirərək geri çəkildi.

Mayın 11-də H. Qubadovun taboru Qapanlı, Seysuan və Yarımca tərəfdə düşmənin hücumuna məruz qalan qüvvələrimizə köməyə göndərildi. Saat 09:00 da Qapanlıya doğru hərəkətə başladı. Seysuan düşmən tərəfindən alınmaq üzrə idi. Ermənilər Qapanlıya tərəf daha bir qüvvə göndərdilər. Himayət yanındakı əsgərlə ermənilərin iki BMP2-sini məhv etdi. Düşmənin daha bir tankını Rövşən Əkbərovun döyüşçüləri məhv etdilər. Texnikanın ardınca irəliləyən düşmən geri çəkilməyə məcbur oldu. Döyüş getdikcə daha da qızışırdı. Rabitəçi: – Briqada komandiri sizi çağırır. – deyə H. Qubadova yaxınlaşanda düşmən tərəfindən vurulduğu üçün danışmaq mümkün olmadı. Çox keçmədi ki, şəxsi heyət üzrə komandir müavini İslam özünü yetirərək dedi ki, yaralıları təcili çıxarmaq lazımdır. Məlum oldu ki, yalnız on bir nəfər döyüşçü sağ qalıb, qalanlarının hamısı şəhid olub. H. Qubadov geri çəkilməyəcəklərini dedi.

Ermənilər Qapanlı və Şotlanlı kəndlərinin arasında toplaşmışdılar. Qapanlı ermənilər tərəfindən tutulmuş, düşmənin bir hissəsi də qəbirstanlıqda cəmləşmişdi. H. Qubadov on bir nəfərdən ibarət olan qrupunu yaxınlıqdakı tutluğa çəkmək məcburiyyətində qaldı. Atəş səsləri kəsilsə də, düşmən tutluğa sığınmış Qubadovun qrupunu diqqətlə izləyir, hərəkət etdikləri halda məhv edəcəklərini gözləyirdi. Rəhbərliklə rabitə yaratmaq mümkün olmadı. H. Qubadov üzünü döyüş yoldaşları gizir Asim Qasımov, gizir Rafiq Məmmədov, sıravi əsgərlər Mahmud və İlqara tutub: – Hamı kənddən çıxıb. Kim istəyirsə, Qırmızıkəndlə Qapanlı arasındakı qamışlıqla əhatə olunmuş kanaldan keçməklə xilas ola bilər. – dedi. Döyüş yoldaşları: – Tərtərin bir kəndinin getməsi Tərtərin getməsi deməkdir, komandir! – deyə şəhidlərin cəsədlərini və onu burada tək qoymayacaqlarını, axıra qədər onunla bərabər döyüşəcəklərini dedilər.

  • Afərin, uşaqlar, bilirdim ki, məni darda qoymazsız!- H. Qubadov əsgərlərinə təşəkkürünü bildirdi: – Elə isə siz altı nəfərlə burada gözləyəcək, mən isə kəndə girəcəyəm.- deyə tapşırıq verib dörd nəfərdən ibarət qrupla Qapanlıya yollandı. Kəndin ortasına çatanda iyirmi nəfərə yaxın erməni yaraqlısı ilə qarşılaşdılar. Düşmən: – dayanın, təslim olun! – deyə onları mühasirəyə almağa çalışdı. Kəşfiyyat qrupu sürətli manevr edib yaxınlıqdakı evin həyətinə keçən zaman, altı nəfərdən ibarət pusqu qrupu düşməni pulemyot atəşinə tutdu. Kəşfiyyat qrupu kanalın digər tərəfinə keçib qamışlıqda mövqeləndi. H.Qubadov: – 02,..02, cavab ver, eşidirsən? – rəhbərliklə rabitə yaratmağa çalışdı.
  • 02 sizi eşidir, hardasız?
  • Yerimdəyəm, dəstəyinizə ehtiyacımız var. Qüvvə göndərin.
  • Atışan siz idiniz?
  • Bəli.
  • Bəs deyirdilər siz hamınız şəhid olmusuz?
  • Yalandır.
  • Yerinizi dəqiq bildirin.
  • Qapanlının üstündə, mühasirədəyik. 11 nəfərlə. Kömək göndərin.

Bir saatdan sonra 40 nəfərdən ibarət canlı qüvvə, ardınca da texnika göndərildi. Himayət Qubadov köməyə gələn qüvvələrlə birgə mövqelərini möhkəmləndirib əks hücuma keçdi. Bir-neçə saat çəkən ağır döyüşdən sonra axşam saat 24:00 radələrində kənd tamamilə azad edildi. İki tank, xeyli silah-sursat qənimət və iki əsir götürməklə düşmən Seysuandan da çıxarıldı. Ertəsi gün isə Ermənistan tərəfi Azərbaycanla atəşkəs haqqında razılığa gəldi. Göstərdiyi misilsiz şücaət və rəşadətə görə Himayət Qubadov komandanlıq tərəfindən Azərbaycanın Milli Qəhrəmanı fəxri adına təqdim olundu.”

Abdulla Qurbaninin bu dəyərli kitabının qısa xülasəsindən də göründüyü, sonrakı tədbirlərdə də məlumatlı şəxslər tərəfindən təsdiq olunduğu kimi Tərtər məhz Himayət Qubadov və onun kimi igid əsgərlərimizin şücaəti sayəsində işğal təhlükəsindən xilas olundu. Müharibədən sonra da Himayət Qubadov uzun müddət müxtəlif vəzifələrdə ləyaqətlə vətənə xidmət edib və polkovnik rütbəsinə qədər yüksəlib. Amma Birinci Qarabağ Müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə haqqındakı Azərbaycanın Milli Qəhrəmanı fəxri adı təqdimatı hələ də öz təsdiqini tapmayıb. İkinci dərəcəli əlil polkovnik Himayət Qubadov 30 ilə yaxındır ki, hələ də kirayələrdə yaşayır. Arzu edirik, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Müdafiə Nazirliyi, Sosial Müdafiə Nazirliyi və digər əlaqədar təşkilatlar qazimizin fəxri adının verilməsi və evlə təmin olunması istiqamətində əllərindən gələni edəcəklər.

Etibar Muradxanlı

 

Share: