Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının, vəsiqəsinin verilməsi və Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır.
Müstəqil.Az bildirir ki, bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunvericiliyə uyğun olaraq, onlara “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.
Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, “Müharibə veteranı” adı və vəsiqəsi verəcək.
Həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək.
Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.
Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.
Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.
Müstəqil.Az