Aqşin YENİSEY yazdı
Dino Buzzatinin “Tatar çölü” romanı, oxuyanlar bilir, düşmən hücumunun yolunu gözləyən və bu qorxu ilə yatıb-duran ucqar bir qalanın taleyi haqqındadır. Düşmən gəlib çıxmaq bilmir və qalanı da qorxuya salan onun gəlməyən səssizliyidir, üfüqdə gözə görünməməyidir, gəlib çıxmaq bilməməyidir. Qorxunun yolunu gözləmək, qorxunun özündən daha qorxuludur. Qalaya başçı gondərilən gənc leytenant Droqo qalada bu gözlənilən, amma gəlməyən qorxunun əsiridir və bu qorxu artıq onun taleyinə çevrilib.
Salma Rüşdi “Gecəyarısı uşaqları” romanında Hindistan və Pakistan arasında davam edən müharibədə psixoloji üstünlük əldə etmək üçün hər iki ölkə rəhbərliyinin necə uydurma hərbi statistikalardan istifadə etdiyini ironik bir məyusluqla təsvir edir.
Orta əsrlərdə Osmanlı martolosları (Osmanlı ordusuna xidmət edən xristian əsgərlər) Fateh Mehmetin və Süleyman Qanuninin dövründə hərbi yürüşlərdən əvvəl qarşı tərəfdəki xristian ölkə əhalisinə qarışaraq hələ izi-tozu görünməyən türklər haqqında qorxunc, vahiməli şayiələr yayırdılar. Osmanlı ordusu gəlib çıxana qədər artıq qarşı tərəf psixoloji cəhətdən yenilmiş vəziyyətdə olurdu.
Müharibədə psixoloji zərbənin faydasını hələ 2500 il əvvəl hərbi nəzəriyyə halına salmış çinli strateq Sun Tsu “Müharibə sənəti” əsərində xalis qələbənin psixoloji savaşla qazanılan zəfər olduğunu yazırdı.Sun Tsunun fikirlərinin modern çağdakı davamını yazan türk professor Nevzat Tarhan “Psixoloji müharibə” kitabında yazır:
“Düşmənini tanımayan döyüşdə məğlub olur. Həm özünü, həm də düşmənini tanımayan müharibədən sonra özünə gələ bilməz. Düşmənini tanımayan, özünü tanıyan müharibədən sonra uğur qazana bilər. Həm özünü, həm də düşmənini tanıyanın məğlub olma ehtimalı azdır. Özünü tanımayan, ancaq düşmənini yaxşı tanıyan bir gücün döyüşdə məğlub olma ehtimalı çox yüksəkdir”.
Günümüzün savaş bölgələrində “psixoloji müharibə”nin əsgərləri daha çox münaqişə ölkələrinin kəşfiyyat orqanlarının əməkdaşlarıdır. Onlar jurnalist, blogger, fotoreportyor, nə bilim, çoban, keşiş və s. cürbəcür mülki sifətlərin altında gizlənirlər.
Qarabağ savaşında da psixoloji üstünlük əldə etmək üçün cürbəcür qara propoqanda ünsürlərindən istifadə olunur. Bu müharibədə internet hücumları hərbi hücumlardan heç də az effektiv deyil. Ümumiyyətlə, bu gün münaqişə bölgələrində bəzən nəzərdə tutulan ərazilər ordudan əvvəl internetin gücü ilə işğal olunur, yaxud işğaldan azad edilir. Ordu artıq boşaldılmış əraziyə daxil olur.
Psixoloji savaşın uğurlarından qədim ordular və sərkərdələr də eninə-uzununa yararlanırdılar. Romalılar qarşı tərəfdə uzunmüddətli qorxu yaratmaq üçün düşmən əsgərlərinin mismarlandığı çarmıxlardan meşələr salırdılar və əsgər meyitləri günlərlə çarmıxda xalqa nümayiş olunurdu. Ərəblər düşmənlərinin başını kəsib şəhər meydanlarından, darvazalardan asır, total qorxu yaratmaq üçün yerli əhaliyə göstərirdilər, monqollar kəsilən başlardan təpələr ucaldırdılar və s.
Psixoloji müharibəyə “mədəni müharibə”, yaxud “müharibə mədəniyyəti” də deyə bilərik; çünki məqsəd qan tökmədən qələbə əldə etməkdir. Ağıllı sərkərdələr, adətən, qan tökməyə bir o qədər meyilli olmurlar. Makedoniyalı İsgəndər boş yerə qan axıtmasın deyə öz dəmirçilərinə dəmir əsgərlərdən ibarət müqəvva bir ordu düzəltdirmişdi. Bu müqəvva ordunu fəth etdiyi ərazilərin həndəvərindəki gözətçi düşərgələrində düzdürürdü və uzaqdan bu cansız, dəmir əsgərləri görənlər qabaqcadan psixoloji nokauta uğrayıb hücum etmək fikrindən daşınırdılar. Hitler Avropanı, demək olar ki, informasiya müharibəsinin, daha konkret desək, alman radio diktorlarının gücü ilə işğal etmişdi. Birinci Dünya müharibəsində diplomatlar Almaniyaya qarşı ən çox işgəncə, zülm (atrocity) propaqandasından istifadə edirdilər; müxtəlif süni işgəncə görüntüləri hazırlayaraq müttəfiq xalqlarda almanların qəddar obrazını yaradırdılar. Makronun yerlisi, irqçi filosof le Bonnun sözləri ilə desək, psixoloji cəbbəxanada ən qüdrətli toplardan daha güclü silahlar mövcuddur.
Bizim şahidi olduğumuz həqiqət budur ki, Qarabağ bölgəsinin itirilməsi daha çox psixoloji məğlubiyyətin nəticəsidir. Və bu məğlubiyyətdə etiraf edək ki, hər birimizin “müharibə savadsızlığı” böyük rol oynadı. Düşmən tərəf o şeyləri ki, Azərbaycan xalqında psixoloji qorxu yaratmaq üçün düşünüb həyata keçirirdi, biz özümüz də bu işə cahilcəsinə canla-başla xidmət edirdik. Yadda saxlayaq ki, erməniyə hərbi-siyasi havadar olan ölkələr böyük müharibələr görmüşdülər, psixoloji savaş ustaları idilər.
Psixoloji müharibənin yaratdığı qorxu elə bir travmadır ki, bir xalqın, ümumiyyətlə, tarix səhnəsindən çıxmasına qədər gətirib çıxara bilər. Yenə le Bonn təxminən belə deyir ki, ardıcıl və qəddarcasına həyata keçirilmiş sui-qəsdlər nəticəsində yaradılan qorxu mühiti ilə bir xalqın bütün milli şüurunu dəyişdirmək olar. Aramızda müharibə istəməyən (bəzilərini şəxsən tanıdığım) insanlarımızın əksəriyyəti bu psixoloji travmanın təsirindən hələ də çıxa bilməyən şəxslərdir.
Son günlərdə Qarabağın işğaldan azad olunması üçün hərbi əməliyyatların başlaması ilə ermənilər yenidən psixoloji cəbhəni işə salıblar; sivillərin telefonuna vahiməli mesajlar göndərmək, şəhərləri bombalamaq, kimə və hansı zamana aid olduğu bilinməyən əsgər meyitlərinin təhqir edildiyi videogörüntülər yaymaq və s. Bunların hamısı bizi bu dəfə də psixoloji cəhətdən sarsıtmaq üçündür. Yəqin, zəif yerimizi bilirlər. O meyitləri təhqir edənlər, başqa bölgələrdə olan işgəncə görüntülərindən montajla qorxu filmləri düzəldənlər çox yəqin əsgər deyillər, erməni xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.
Psixoloji savaş boş veriləcək məsələ deyil; ölkədə qorxu mühiti yaratmaq üçün hazırlanmış o şəkillərin, videoların yayılmamasında dövlət orqanları daha çox maraqlı olmalıdır. Sıravi vətəndaşlar da bu cür videoları, şəkilləri görüb bəri başdan altını batıranlara imkan verməməlidir ki, öz qorxularını başqalarına yoluxdursunlar.
Unutmayaq, qorxu həm də psixoloji xəstəlikdir və bəzi qorxular yoluxucudur.
Qarabağ Azərbaycandır!