Azərbaycanın ərazi bütövlüyü uğrunda haqlı davaya gedən və onun sərhədlərini yenidən quran hər bir əsgər xüsusi hörmətə və diqqətə layiqdir. Müharibə həyatın tərs üzüdür, ölümlə olumun nəfəs-nəfəsə dayandığı məqamdır. Bu oğullar film kimi həyat yaşadılar və gələcək nəslə hər biri bir qəhrəmanlıq dastanı yazıb qoydular.
Müharibənin dəhşətləri içərisində pozulmayan əhdlər, andlar yazıldı, qardaşlıq və dostluq bağları yarandı. Qardaş olmağın, əsil dostluğun görünməyən məqamları çıxdı ortaya, müharibə bir qurtum suyu, bir tikə çörəyi yarıya bölməyin həqiqətdə nə demək olduğunu göstərdi. Gətirdiyi fəlakətlərlə, dəhşətlərlə yanaşı müəllim də oldu 44 günlük müharibə…
Əkbərov Rahil Canəhməd oğlu müharibənin başlandığı gündən sonuna qədər davada olan, gülşən Qarabağın yağılardan azad edilməsində xüsusi cəsarət və igidlik göstərən oğullardandır. O,1 mart 1991-ci ildə Ətcələr kəndində dünyaya gəlmiş, 1998-2009-cu illərdə Ətcələr kənd tam orta məktəbində təhsil almış, məktəbi bitirdiyi ilin yaz çağırışında da hərbi xidmətə getmişdi. Tovuz rayonunun Əlibəyli kəndində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının əsgəri kimi vəzifəsini yerinə yetirərək 2011-ci ildə geri dönmüşdü. Gələndən sonra müxtəlif işlərdə çalışan Rahil 2015-ci ildə sevdiyi Sveta xanımla ailə həyatı quraraq həyat yollarını birləşdirmişdi.
Amma hərbi sahəyə olan marağı, Vətən məhəbbəti onu yenidən 2017-ci ildə Müşviq qəsəbəsindəki “N” saylı hərbi hissəyə gətirb çıxarır. Burada üç il xidmət edərək kiçik çavuş rütbəsi alır. Son vaxtlar erməni tərəfinin heç bir qayda-qanuna əməl etməyərək cəbhənin müxtəlif istiqamətlərindən yeni hücumlara başlaması, hətta dinc əhali içərində qorxu və təxribat məqsədilə atəşə tutması onun da səbrini dara çəkirdi. Hücuma keçmək, mənfur düşmənə həddini göstərmək üçün Ali Baş Komandanın verdiyi əmr onun da ürəyindən oldu.
Müharibə başlandığı 27 sentyabr günündən Rahil də manqa komandiri kimi vətənin haqq savaşına qoşulmuşdur. Həmin gün xidmət etdiyi hərbi hissə ilə birgə Goranboya gələn döyüşçü sonra Füzuli və Cəbrayıl rayonları, onların kənd və qəsəbələri uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmiş və Şuşaya qədər gedib çıxmışdı. Şuşada gedən ağır döyüşlərin də iştirakçısı olmuş, qismətinə bu dağlar gözəlinin azadlığına ürəkdən sevinmək də düşmüşdü Rahil Əkbərovun. Snayper atəşi ilə düşmənləri sərrast nişan alan kiçik çavuş müharibənin sonuna kimi orada olmuş, ağır döyüş tapşırıqlarının yerinə yetirlməsində, döyüş meydanından yaralıların təxliyyə olunmasında xüsusi cəsarət və qəhrəmanlıq göstərmişdir. Qələbə xəbərini də elə cəbhədə almışdı Rahil Əkbərov…
…Qaldırdıq göylərə haqq səsimizi,
Yazdıq, qanla yazdıq tariximizi.
Dünyanın ən uca yerindən asdıq-
Asdıq Qarabağdan bayrağımızı!..
Müharibə bitdikdən sonra xidmət etdiyi ordu hissəsi ilə noyabr ayının 25-ə qədər Cəbrayıl rayonunda, sonra Hadrut qəsəbəsində yerləşmişdilər. Ərazidə yenidən diqqətlə yoxlama tədbirləri aparan hərbi qulluqçular dağılmış binalara, salamat qalmış evlərə baş çəkirdi. Başını götürüb qaçan ermənilər yenə öz düşmən xislətini göstərirdi. Evləri, yolları minalayır, təxribat törətmək üçün ağıla gəlməyən yerlərdə belə gizlənib qalanlar olurdu. Rahil 25 noyabrda, axşam ailəsi ilə telefon əlaqəsi saxlayaraq sabah tezdən xidmət etdiyi hərbi hissənin Hadrutdan çıxacağını bildirmiş və tezliklə görüşəcəklərini söyləmişdi. Ailəsi üçün darıxmışdı, onlarla paylaşacaq ürək sözləri çox idi, müharibənin acılarından, qələbənin şirinliyindən söz açacaqdı. Bir də iki övladını bağrına basıb oxşayacaqdı…
26 noyabr gecə saatlarında ərazini yenidən yoxlamaq məqsədi ilə tapşırıq alan Rahil beş nəfərlə bir evə daxil olur. Hər zaman ehtiyat təbdiri görən hərbi qulluqçularımız, bu dəfə gözləmədikləri halda evin zirzəmisində gizlənən düşmən əsgərlərinin açdığı güllədən yayına bilmir. Müharibənin sonuna qədər sağ-salamat gəlib çıxan Rahil də digər iki yoldaşı ilə birgə şəhidlik zivəsinə icalır…
Rahilin qardaşı Fərid də 29 sentyabrdan müharibəyə səfərbər olmuş, piyada qoşunlarının tərkibində manqa komandiri kimi Füzuli, Cəbrayıl istiqamətində gedən ağır və çətin döyüşlərdə iştirak etmişdir. Müharibə başa çatdıqdan sonra ordunun ərzaq və digər təminatları üçün Şuşa şəhərində yerləşmişdilər, Rahilin şəhid olması səbəbi ilə o da dekabr ayında ordudan tərxis edilmişdir.
Əkbərov Rahil Canəhməd oğlu yaşadığı kənddə torpağa tapşırılmış və ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olumuşdur.
Rahilin azyaşlı övladlarının hələ nə müharibə haqqında anlayışı var, nə də ataları barədə bilgiləri. Onlar bu günümüzün qəhrəmanlıq tarixini yazanları kitablardan tanıyacaq, anasının söhbətlərindən öyrənəcəklər. Böyüyüb vətəndaşı olduqları ölkə ilə də, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarla və onlardan biri olan ataları Rahil ilə də fəxr edəcəklər.
Şahnaz Şahin