Murad HÜSEYNOV – Cəsur döyüşçü

Murad HÜSEYNOV – Cəsur döyüşçü

Şəhla mənim tələbə yoldaşımdı. Universiteti bitirdikdən sonra yeganə yoldaşımızdı ki, onun sayəsində illər sonra bir neçə xanım görüşdük. Şəhlayla ilk görüşümüzü heç unutmaram. İkimiz də bir-birimizdən xəbərsiz Xırdalan şəhərində yaşayırıq.

İndi biz parkda görüşməliyik. Gözlərim onu axtarır. Bir də baxıram uzaqdan gəlir, əl edirəm. Elə gəlir, elə yüyürür, ürəyim atlanır. Mən də ona doğru tələsirəm. Şəhla bax belə istiqanlı insandı… Son vaxtlar hərənin başı öz qayğılarına qarışmışdı, onun iş yerinə də getdim, amma tapmadım. Sonra zəng elədim. O şən, həyat dolu xanım dedi: “Heç bildinmi başıma nələr gəldi?”

Beləliklə, bu yazının qəhrəmanı Şəhla xanımın igid əsgər övladı  Murad Hüseynovdu. O, 2002-ci ildə Xırdalan şəhərində anadan olub. 1saylı Tam Orta Məktəbi bitirib. 2020-ci ilin mayında hərbi xidmətə yollanıb. Mingəçevirdə N hərbi hissəsindən sonra Goranboyda hərbi təlim keçib. İkinci Qarabağ Müharibəsi başlayan gündən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Onu Naftalan şəhərinə xəstəxanaya gətiriblər. Ancaq Naftalan şəhəri də düşmən tərəfindən atəşə tutulduğundan Ucardakı qospitala göndərilib. Murad sol qolundan yaralanıb. Həkim deyib ki, qəlpə əgər 5santimetr irəli getsəydi ürəyini tutardı. Həmin qəlpə bu gün də Muradın qolundadı. Həkiminin dediyinə görə, qəlpə elə yerdədir ki, onu çıxarsan əsgərin qolu işləməyəcək. Qəlpənin bədəndə qalması nə deməkdi, bunu yaxşı bilirəm. Otuz ilə yaxındı qardaşımın ayağındakı qəlpəni mən də, ürəyimdə gəzdirirəm. Necə ki, Muradın anasının saçı bir gecədə ağarıb…

Şəhla xanım deyir: – “Bir az əvvəl qonşudakı Şəhidimizin hüzurundan gəlmişdim. Zəng gəldi. Dedilər Murad yaralanıb. Amma mən oğlumun Şəhid olduğunu sandım. Çünki qonşumuza da, telefonda oğlunun yaralandığını demişdilər, amma Şəhid olmuşdu. Mən o anlarda nələr yaşadım… Demə həmin vaxt Murad əməliyyatda imiş. Sonra özü zəng elədi. Mən onun səsini eşitdiyimə inana bilmirdim… Nəhayət, bir az özümə gəlib ata-anamla Ucara yollandıq. Muradın əl-qolu, ayaqları qapqara qaralmışdı. Sarıbəniz adam kömürə dönmüşdü. Bel nahiyəsində əzilmələr olduğundan neçə gün qamətini düz saxlaya bilmirdi…” 5 gündən sonra Muradı İsmayıllı qospitalına göndəriblər. Burada qohumları yaşadığından ana bir az rahatlanıb. Deyir, Muradın qanı da düşmüşdü, getdikcə rəngi üstünə gəlməyə başladı, qaməti də düzəldi. Sonra ona 10 günlüyə evə getməyə icazə verilib. Murad qolundakı qəlpə ilə yenidən cəbhəyə qayıdıb.

Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Murad Hüseynov  “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib. O, indi də öz hərbi xidmətini- Vətənə borcunu layiqincə yerinə yetirməkdədir.

Ana isə sonda bunları söylədi: – “Biz övlad böyüdürük, mən onun anasıyam. Amma VƏTƏN də onun anasıdır. Əgər övladımız öz borcunu şərəflə yerinə yetirməsə bizim də üzümüz ağ olmaz. Ona görə biz onunla fəxr edirik…”

Onu da əlavə edim ki, Murad tanınmış yazıçı, jurnalist Nizami Mirzənin nəvəsidi.

Yolun açıq, üzün həmişə ağ olsun, igid əsgər – Murad balamız!

Allah səni və bütün əsgərlərimizi qorusun!

Mina Rəşid

 

Share: