Muradın Novosibirsk səfəri

Murad KÖHNƏQALA

Litinstitutda bizə, sistemli proqram əsasında, rus və dünya ədəbiyyatından dərslər keçirdilər. Üstəlik, tələbələrə öz yaradıcılıq təcrübəsindən danışmaq üçün məşhur şair və yazıçılar da dəvət edilirdi.

Hərdən tədbirlərə, yaxud yeyib-içməyə getdiyimiz Yazıçılar Evinin sakit restoranında, kafelərində Yevtuşenko, Voznesenskiy, Çingiz Aytmatov, Oljas Süleymanov, Anatoliy Kim, Bella Axmadulina, Valentin Rasputin kimi məşhurlar da görünürdü.
İnstitutun binası şəhərin mərkəzində yerləşirdi. Biz yataqxanadan trolleybus, avtobusla gəlib Puşkin Meydanında düşür, oradan da piyada, üç dəqiqəyə instituta çatırdıq. İnstitutla Kremlin arasında 3-4 avtobus dayanacağı vardı. Bizi müxtəlif sərgilərə, muzeylərə, gəzintilərə, teatrlara aparsalar da, mənim hərdən başqa macəralar axtarmaq damarım tuturdu.
İkinci kursda oxuyanda şaxtalı bir payız günü tələbə yoldaşım Elxana dedim, bir dənə də “pijonluq” eləmək istəyirəm.
Nədənsə, qatara bilet almadan xuliqanlar kimi pulsuz başqa şəhərə getməyi çox sevirdim. Elxan məni bir xeyli dilə tutsa da fikrimdən dönmədim. Dedim, mənə yaxşılıq eləmək istəyirsənsə gedək məni vağzaldan yola sal. Elxan soruşdu ki, hansı şəhərə getmək istəyirsən? Dedim, hansı qatara minə bilsəm, ora gedəcəm.
O vaxtlar bilet almaq üçün pasport tələb olunmurdu. Qatar bələdçilərinə yalnız bileti göstərmək kifayət eləyirdi ki, vaqona daxil olasan.
Biz vağzala gəldik. Orada bir neçə istiqamət üzrə qatarlar dayanmışdı. Oyun belə idi, prinsipial olaraq qatara bilet almamalı, cibimə bir qəpik də pul qoymamalıyam.
İlk qarşımıza çıxan Moskva-Novosibirsk qatarı oldu. Mən bələdçilərdən birinə yanaşıb bir bəhanə ilə onun vaqonuna minməli idim. Bu yerdə adamdan yüksək artistlik istedadı tələb olunur.
Rastıma çıxan ilk qadın bələdçiyə dedim, mən tələbəyəm, biletim və pulum yoxdu, Novosibirskdə sevdiyim qız məni gözləyir, mütləq getməliyəm, teleqram almışam, ölüm-dirim məsələsidi.
Qadın tərs-tərs süzüb məni yanından qovdu. Lakin ruhdan düşmədim. İkinciyə, üçüncüyə yanaşdım, hərəsinə bir cür yalan quraşdırıb danışdım, yaxına buraxan olmadı. Axırda Elxana dedim, sən bunların birinin başını qat, mən vaqona girəcəm.
Elxan bir kişi bələdçiyə yaxınlaşıb onu uzun suallara tutunca mən arxasından xəlvəti vaqona mindim. İçəri keçib pəncərədən Elxana minnətdarlıqla əl elədim. O, kömür tüstüsünün iyi qarışmış bu şaxtalı havada ağzı buğlana-buğlana başını bulayaraq qatardan uzaqlaşdı.
Mindiyim vaqon “kupe” idi. Əlbəttə məni kupe vaqona biletsiz qoymazdılar. Bir neçə vaqon keçdikdən sonra gəlib “plaskart” vaqonlara çatdım. Baxdım ki, vaqonun bələdçisi iki qadındı. Keçib boş yerlərin birində oturdum. Yanımdakılar 40-45 yaşlarında ər-arvad və bir yaşlı kişi idi. Yəqin mənim oturduğum boş yerin sahibi növbəti stansiyaların birində minəcəkdi.
Qatar tərpənənə qədər ürəyimdə bələdçiyə söyləməyə ssenari hazırlayırdım. Çünki bir azdan biletləri təzədən yoxlamağa gələcəkdilər.
Nəhayət, qatar tərpəndi, ancaq mən biletsizliyimə bəraət kimi bələdçiyə söyləmək üçün beynimdə sürətlə quraşdırdığım “hekayət”lərin heç birini bəyənmirdim. Elə bir ucdan fikrimdə quraşdırdıqlarıma redaktələr edirdim. Bir də baxdım, bələdçilər biletləri yoxlaya-yoxlaya bizə yaxınlaşır. Mən yerimdən qalxıb siqaret çəkmək bəhanəsi ilə tambora getdim. Ancaq fikirləşdim, arxamca baxan bələdçilər yəqin gəlib məni tamborda yaxalayacaqlar. Uzun-uzadı bir siqaret çəksəm də arxamca gələn olmadı. Yəqin elə biliblər, qonşu vaqonun sərnişiniyəm, düşündüm. Orada bir az da vaxt öldürdükdən sonra bayaq oturduğum yerə qayıtdım. Baxdım ki, qoca kişi bir küncdə əyləşib dinməz-söyləməz pəncərədən çölə baxır, bayırda isə qar tozanaqlayır. Yan-yana əyləşən ər-arvad isə süfrə açıb şam yeməyinə hazırlaşırlar. Mən sakitcə qoca oturan tərəfdə əyləşdim. Bir azdan şam yeməyinə hazırlaşan kişi özümü şübhəli aparmağımdan şəklənərək nəzakətli və ehtiyatlı səslə məndən soruşdu:
– Sizin də biletiniz buradı?
Baxdım ki, onlar məndən xeyli şübhələniblər. Dedim:
– Bəli, sizinlə bir yerdə gedəcəm, ancaq mənim biletim yoxdu.
Ona qədər qoca kişi həm bizim söhbətə qarışmaq, həm də özünü təcrübəli göstərmək üçün:
– Əşi, biletin nə problemi var, pulunu verərsən, bələdçinin özü sənə yer ayırar, – deyə mızıldandı.
Qadın isə hər şeyin qanuni olması arzusuyla:
– Onda gedin, probleminizi bələdçilərə indi deyin, yoxsa yoxlanış gəlib sizi qatardan düşürə bilər, həm də görün, sizə dəqiq hansı yeri verəcəklər. Bəlkə bu yerin bileti növbəti stansiyada satılıb? – deyə, guya mənə canıyananlıq elədi.
Beləcə yığılıb mənim bilet məsələmi müzakirə eləyirdik ki, bələdçi qadının biri zəhmli səsi ilə üstümü kəsdi:
– Sizin biletiniz, yoldaş!
Səsindən hiss olunurdu ki, uzun yol təcrübəsi ona biletsiz adamları tanıtmaqda zəngin fəhm bağışlayıb.
Ayağa durub ona dedim ki, mənim biletim yoxdu.
Bələdçi qadın təəccüblə məni süzərək:
– Odu haaa! – deyə, qəribə bir səs çıxartdı. – Bəs vaqona necə girmisiniz? – soruşdu.
Dedim ki, başqa vaqondan girmişəm.
– Zəhmət çəkin, hansı vaqondan minmisiniz, ora da qayıdın! – səsini daha da kəskinləşdirdi.
Çox maraqlıdı, nəticəsi nə ilə bitəcəyi məlum olmayan vəziyyətin belə gərginləşməsi məni qətiyyən qorxutmurdu. Açığını desəm, əksinə, bu durumum mənə ləzzət eləyirdi. Ona görə bir az da soyuqqanlılıqla:
– Hansı vaqondan mindiyim yadımdan çıxıb, – deyərək, gülümsədim.
Əlacsız qalan qadın üzümə tərs-tərs baxıb:
– Gedək, pulunu ödə, heç olmasa, qarşıdakı stansiyalardan sənə bilet alaq. – dedi.
Mən acizanə gülümsəyərək yavaş-yavaş “kartımı” açmağa girişdim:
– Nə pul? – dedim, – mən tələbəyəm.
– İşimiz var da! – qadın əlini dizinə vurdu. – Mən neynim tələbəsən, gözüm aydın tələbəsən, pulun yoxdu, qatara niyə minirsən? – dedi.
– Bəs siz nə bilmişdiniz, tələbə olduğuma görə Novosibirskə piyada getməliyəm? – deyə, guya ona düşündürücü sual verdim.
– Mən hardan bilim, sən tələbəsən? Bəlkə oğrusan, xuliqansan?!
Əlbəttə, başa düşdüm ki, bələdçi qadın bu sualı tələbə biletimi yoxlamaq üçün verir.
Mən arasında bir neçə avtobus və trolleybus bileti olan tələbə biletimi çıxarıb ona uzatdım. Qadın bileti açıb başını bulayaraq yorğun və yumşaq səslə:
– Oy-yoy-yoy! – dedi, – bəs indi biz neyləyək? Mən sizə heç cür kömək eləyə bilmərəm, məcburam, barənizdə qatarın briqadirinə xəbər verəm. Ola bilsin, sizi yolda düşürələr. Cibinizdə də bir qəpik pul yox, hara gedəcəksiniz? Bilirsinizmi, Novosibirskə dörd sutka yol gedəcəyik? Neçə yaşınız var?
– 26 bu yaxında tamam oldu.
– Elə də deyirsiniz, guya məni sizin ad gününüz xüsusi maraqlandırır.
Bayaqdan kobud görünən bələdçinin bu ironiyası məni bir az da ürəkləndirdi. O, hər ehtimala qarşı tələbə biletimi özündə saxlayaraq:
– Gedək, görüm, – deyə, məni özü ilə vaqonun bələdçilər üçün olan kabinəsinə apardı. Kabinənin qapısını şaqqıltı ilə açıb içəridə uzanmış növbə yoldaşını “muştuluqlayaraq”:
– Oy, Zina, dur “qonağı” qarşıla! – deyə, məzəli bir səs çıxartdı.
Mən qapının ağzında dayanmışdım. Zina adlandırdığı gonbul qadın növbə yoldaşının səs tonundan mənim yaxşı sərnişin olmadığımı anlayaraq yerindən dikəlib üzümə ironik bir nəzər saldı və çönüb rəfiqəsindən soruşdu:
– Noolub? Oğurluq?
– Oğurluq olsa nə vardı ki!
Hə, vaqon bələdçisi gonbul Marina məni öz kabinələrinə gətirib ironiya ilə o biri bələdçiyə təqdim elədi:
-Zina, qalx “qonağı” qəbul elə!
Zina məni tərs-tərs süzüb növbətçi rəfirəsindən soruşdu:
– Nolub, oğurluq?
– Oğurluq olsa nə vardı, vaqona biletsiz minib.
– Bəs necə minib?
– Başqa vaqondan.
– Hansı vaqondan minib qoy getsin ora!
– Deyir, mindiyim vaqon yadımdan çıxıb, özü də tələbədi, cibində də bir qəpik pul yoxdu.
Zina dikəlib məni zəndlə süzdükdən sonra:
– Onda neyləyək? Gərək qatar briqadirinə xəbər verək, – dedi.
Onlar qatar briqadirinə mənim haqda məlumat verdilər. Bir azdan iki nəfər orta yaşlı kişi bizim vaqona gəlib məni sorğu-suala tutdular. Mən yalandan gopladım ki, instituta qəbul vaxtı Novosibirskdən Nataşa adlı bir qız mənimlə imtahan verirdi. Biz bu vaxt ərzində tanış olub bir-birimizə vurulduq. Nataşa da şeirlər yazırdı, ancaq qəbul ola bilmədi. Mən onunla həmişə məktublaşıram. İndi ondan teleqram aldım, yazıb ki, mənə dəyməsən intihar eləyəcəm. Mən də sonuncu pulumu verib ona teleqram vurdum ki, tezliklə yanındayam, bu gün qatarla çıxacam. Sonra da qaça-qaça gəlib vaqonların birinə mindim, bax belə.
Briqadirlər bir-birinin üzünə baxdı, sonra yaşca böyük olan müəllim səsi ilə:
– Baax, əslində biz səni növbəti stansiyada düşürtməliyik, ancaq baxıram, tələbəsən, cibində pulun da yoxdu, ortada da sevgi söhbəti var,- dedi və üzünü Zina tərəfə tutub: – Birtəhər yola verin getsin! – dedi.
Onlar məni əvvəlcə oturduğum o üç nəfərin yanına qaytardılar və dedilər ki, yerin sahibi gələrsə üçüncü mərtəbəyə qalxmalısan. Mən sevinə-sevinə razılaşdım.
Sərnişin yoldaşlarım artıq süfrə açmışdılar. Ər-arvad ortaya toyuq, soyutma kartof, xiyar-kələm turşusu araq qoymuşdu. Yaşlı kişi isə şirin çaxır çıxartmışdı. Məndən soruşdular ki, nə oldu, briqadir qəbul elədimi? Dedim, hə, sizinlə birgə gedəcəm. Qoca təzədən soruşdu:
– Bəs, Novosibirskə getməkdə məqsədin nədi?
Mən bayaq gopladığım eşq macərasını söylədim. Onlar məni rəğbətlə öz süfrələrinə dəvət elədilər. Biz artıq yeyib-içir, anekdotlar söyləyirdik.
Gecə oldu və mən hələlik yuxarı yerdə yatası oldum. Uzanan kimi məni yuxu apardı. Gecənin bir aləmi, səhərə yaxın vaxtlar bələdçi Marina məni oyadıb dedi, tələbə, qalx, yerin sahibi gəldi. Mən birtəhər qalxıb “obşaqdan” bir siqaret götürərək tambora çıxdım. Sonra geri, bələdçilərin yanına saatı soruşmağa getdim. Hardasa səhər saat beşin yarısı idi. Onlar çay süzüb məni öz yanlarında oturtdular və sevdiyim qız haqda suallar verdilər. Mən cavabında, bayaq söylədiyim gopu məcburən “indeyski” detallarla daha da genişləndirib danışırdım. Onlar artıq mənə bir eşq fədaisi kimi yanaşırdılar. Bir-birilərinə: – Görürsən, – deyirdilər – bizimkilər heç belə sevə bilirmi?
Axırda Zina soruşdu ki, bəs sevdiyin Novosibirskin harasındandı?
-Oktyabrsk rayonundan, – arxayınlıqla dilləndim, çünki şəhərin belə bir rayonundan olan tələbə yoldaşım vardı. – Ev telefonu da var, çatan kimi zəng edəcəm, – arxasını da belə gopladım.
Sonra o, canıyananlıqla:
Üçüncü mərtəbədə yatmaq bir az qorxuludu, yıxıla bilərsən, həm də çox isti olur. Özünü yaxşı aparsan, biz yatmayan vaxtlarda burda yata bilərsən.
Qadınların bu yardımından utansam da əlac yox idi, çünki qarşıda 3 sutka yol vardı. “Özünü yaxşı aparsan” o demək idi ki, sənə olunan etimaddan istifadə edib bizə girişməyəsən. Birincisi, bu yekəpər qadınlar mənim zövqümdə deyildi, ikincisi də, əfsanəvi sevgi qəhrəmanı roluna girmiş gəncin başqa qadına şəhvətlə baxmaq ixtiyarı belə olmamalıdı.
Nə isə, artıq hiss edirdim ki, vaqonda mənim haqda söz-söhbət gəzir.
Gopumdan xəbər tutanlar məni rəğbətlə süzür, tamborda siqaret çəkəndə söhbətə tuturdular. Vaqonda yeyib -içənlər məni tez-tez süfrələrinə dəvət edirdilər. Mən gah düşən sərnişinlərin boş yerində, gah Zinagilin yanında yatıb yuxusuzluqdan qorunurdum. Arada gəlib sobaya kömür atmaqda bələdçi qadınlara gömək eləyirdim. Bəzi stansiyalarda qarıların satdığı soyutma kartof, yumurta, turşu kimi ərzaqlardan almaq üçün bələdçilər pul verib məni göndərir, özünə də pivə al, deyirdilər. Hərdən briqadirlər vaqonda görünəndə gülümsəyərək halımı soruşurdular.
Nəhayət, təxminən üç sutkadan çox yol gəldikdən sonra günorta vaxtlarında Novosibirsk şəhərinə çatdıq. Vaqon bələdçiləri ilə vidalaşanda zorla mənə marşrutpulu verdilər. Mən pulu götürmək istəmirdim, deyirdim ki, hansı bazara getsəm həmyerlilərimi tapıb pul ala biləcəm.
Nə isə, vağzalından ilk dəfə olduğum şəhərə çıxıb adamlardan yaxınlıqda yerləşən bazarın marşrutunu soruşdum. Sonra avtobusa minib bazara gəldim. Adını xatırlamadığım bu böyük bazarın içərisində bir az gəzinib azərbaycanlılar alver elədiyi tərəfi tapdım. Onlar burada mer-meyvə və gül satmaqla məşğul idilər. Yaxınlaşıb tanış oldum və aralarında aparıcı adamın kim olduğunu soruşdum. Elə bildilər mən də mal gətirmişəm, dedilər, Arif indi gələr, səni tanış eləyərik. Sözarası Arifin hansı bölgədən olduğunu soruşdum. Dedilər, Göyçədəndi. Sevindim, çünki göyçəlilər, adətən, romantik olurlar, məni daha yaxşı anlayar, düşündüm.
Nəhayət, ucaboy bir oğlan mənə yaxınlaşıb Arif olduğunu söylədi və mənimlə tanış oldu. Biz geniş söhbət eləmək üçün yaxınlıqdakı bir kafedə oturduq. Mən Moskvada tələbə olduğumu, bura necə “pijon” kimi gəldiyimi, vaqon əhvalatlarımı ona söylədim. Arif mənə çox maraqla qulaq asırdı. Sonra:
– Nə maraqlı insansan, səni burdan bir həftə buraxdı yoxdu! – dedi.
Mən ona minnətdarlıq eləyərək:
– Qardaş, mən burda sizin bircə gün qonağınız ola bilərəm, çünki, artıq nə qədər dərs buraxmışam, – dedim.
Nə isə, Arif axşam məni bir neçə dostu ilə restorana, şam yeməyinə apardı. O, məclisdə mənim əhvalatımı dostlarına xüsusi ləzzətlə danışıb sağlığıma badə qaldırdı. Məclisdəkilərin hər biri şənimə tost söylədi. Mən onlara öz şeirlərimdən oxudum və beləcə onların hər biri ilə mehribanlaşdım.
Gecə Arif məni rus xanımı ilə yaşadığı evinə apardı və tanış elədikdən sonra əhvalatımı ona da danışdı. Biz evdə də yüngülvari bir məclis qurduğumuzdan çox gec yatdıq.
Sabah günorta vaxtlarında bazara gəldik. Söylədiyinə görə Arif burada hansısa bazarda şuba alveri ilə də məşğul idi, yəni ticarət mərkəzində satıcıları vardı. Nə isə yenə məclis, yenə dostlardan sonra mənim israrlı xahişimlə biz vağzala gəldik. Mən onlara bildirdim ki, geriyə də biletsiz qayıtmaq istəyirəm. Arif zorla mənə kupe vaqonuna bilet aldı və cibimə bir qalaq pul basdı. Vağzalda məni yola salan dostları bir-bir bağrıma basdım. Baxdım ki, Arif əlinin arxası ilə göz yaşını silir. Qatar yavaş-yavaş yerindən tərpəndi. Mən vaqona minəndə Arif arxamca:
-Bax, yayda mütləq gələrsən haa, gözləyəcəm! – deyib, qatarın yanı ilə yeriyərək bir müddət mənə əl elədi.

Share: