“Ordumuzun Ağdərə istiqamətində əks-hücum əməliyyatları zamanı ermənilərin bir taboru məhv edilib”.
Bunu döyüş bölgəsində oktyabrın 9-u saat 13:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.
Səxavət Məmmədin məlumatına görə, dünən axşam təqribən saat 19:00-da Ermənistanın artilleriya bölmələri Ağdam rayonunun Quzanlı qəsəbəsini atəşə tutub:
“Quzanlının atəşə tutulması nəticəsində qəsəbədə bir neçə ev yanıb. Döyüş şəraitinə gəldikdə, Ordumuzun bölmələri dünən axşamdan etibarən, Ağdərə istiqamətində əks-hücum əməliyyatlarını inkişaf etdirib. Əməliyyat nəticəsində işğalçı ordunun bir taboru məhv edilib, bir neçə tank qənimət olaraq ələ keçirilib. Bu saatlarda cəbhənin həmin istiqamətində nisbətən sakitlikdir.
Yeri gəlmişkən, dünən sosial şəbəkələrdə Ordumuzun Murov dağı silsiləsindəki bəzi yüksəklikləri guya boşaltdığı haqda məlumatlar yayılıb. Həmin məlumatlar tamamilə əsassızdır. Murov dağı istiqamətində heç bir geriləmə yoxdur və bölməllərimiz azad etdikləri mövqelərdə möhkəmləniblər. Hal-hazırda cəbhənin bu istiqamətində döyüşlər davam edir.
Eyni zamanda, döyüşlərin davam etdiyi bu ərəfədə xalqın Ordumuza dəstəyinin və yardımının ardı-arası kəsilmir”.