Murovun o üzü bizim vətəndir … – Sevil Gül Nur

Murovun o üzü bizim vətəndir … – Sevil Gül Nur

 

Haqq savaşımızın ilk günlərindən qüdrətli ordumuz düşmənə ağır zərbələr vuraraq onu geri qaçmağa məcbur etdi.Əskər addımlarının səsi həsrətlə yol gözləyən ellərə qələbə müjdəsi verdi, ayrılıqdan bağrı qana dönmüş torpağı sevinclə muştuluqladı. Elə ilk günlərdən əsarətdə inləyən torpaqlar azadlığa qovuşaraq rahat nəfəs almağa başladılar. Onların sırasında əzəməti ilə qürur yerimizə çevrilən Murov zirvəsi də var idi.

Bu xəbəri eşidəndə sevincimdən ürəyim böyüyüb Murovdağ boyda olmuşdu, ruhum uçub o zirvənin başına qonmuşdu. Və həmin an Vasifi xatırlamışdım. O Vasifi ki, Qarabağ müharibəsi başlayanda düşmənin başına od ələmiş, bağrına dağ çəkmişdi. O Vasifi ki, igidliyi ilə ürəklərdə əbədi məskən salmışdı. Bu xəbər mənə Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vasif Səfərovu xatırlatmışdı… O, 1974-cü il may ayının 24-də Tovuzda anadan olmuşdu. Uşaq yaşlarından hərbə meyilli idi Vasif. Bunu onun hələ də otağında qorunub saxlanan oyuncaqları – topu, tüfəngi, tankı da sübut edir. Bu istəklə də o, 8-ci sinfi bitirib C. Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdu. İki il sonra Bakıda baş vermiş qanlı yanvar faciəsi onun gözü önündə baş vermişdi. Bu hadisə zamanı o, möcüzə nəticəsində sağ qalmışdı. Sonra Qarabağ müharibəsinin başlanması, Xocalı soyqırımının törədilməsi Vasifin qəlbində azğın düşmənə qarşı nifrət oyatmış, o, vətən torpağının müdafiəsi uğrunda mübarizəyə qoşulmuşdu. 1992-ci ilin iyununda gənc zabit “Babək-44” batalyonunun tərkibində əskərlərə təlim keçmək üçün Gəncəyə göndərilir. 3 aydan sonra onun idarə etdiyi bölük döyüş bölgəsinə yollanır. O vaxt Ağdərə uğrunda şiddətli döyüşlər gedirdi. Vasif döyüş yoldaşları ilə birlikdə Ağdərinin Dronbom kəndi ətrafında gedən amansız döyüşlərə qatılır. Ağdərədə 1 il müddətində gedən qanlı döyüşlərdə Vasif hər zaman ön sıralarda olur, doğma torpağın hər qarışı üçün mərdliklə vuruşur. Onun son döyüşü isə 1997-ci ildə Murovdağ uğrunda olur. Həmin il iyulun 2-də düşmən gecə “Sibir postu” adlanan müdafiə xəttinə yaxınlaşmışdı. Vasif düşmən həmləsini dəf etmək üçün əskərlərə tapşırıq verdi, özü isə qumbaraatanla düşmənə atəş açmağa başladı. Gərgin keçən döyüşdə onun bir neçə döyüş yoldaşı şəhid oldu. Tərəflərin qeyri-bərabər gücü nəticəsində Vasif düşmən tərəfdən açılan atəşdən ağır yaralandı. Yoldaşları onu döyüş meydanından çıxarsalar da həyatını xilas edə bilmədilər. Vasif Səfərov şəhadət şərbətini içərək ali məqama yüksəldi… Bu düşüncələrdən ayrılıb Bahar anaya zəng etdim: -Anacan, Vasifin qarış-qarış gəzdiyi, uğruna can verdiyi torpaqlar artıq düşmən tapdağından azad olunur. Murov zirvəsi də azadlığına qovuşdu. Cənnətqoxulu şəhidimin ruhu şad olsun! Bahar ananın səsində həyəcanqarışıq sevinc hiss olunurdu: -Qızım, gözümüz aydın! Qələbə ətrini duyuruq. Artıq şəhidlərimizin ruhu şaddır. Vasifimin qanı yerdə qalmadı, oğullarımızın onun da qisasını aldılar. – Sevincimiz əbədi olsun, Bahar ana, bu sevinci bizə yaşadan əskərlərimizə eşq olsun, şəhdilərimizin ruhu şad olsun. – Qızım, bu qələbə xəbərini eşidib mən də bir iş görmüşəm. Sonra mənə şəkillər göndərdi. İlahi! Bir ananın qəlbindəki sevgidən güclü nə ola bilər? Vətən həsrəti ilə oğul acısının vəhdətindən yaranan sevgi bir ananı şair də edər, heykəltaraş da, rəssam da. Bahar ana da əlinə fırça alıb vətən göylərini bəzəyən üç rəngin ahəngini qəlbindən dəmir darvazaya köçürmüşdü. Bir şəhid anasını rəssama döndərə biləcək o qüdrətli hiss otuz ilə yaxın idi ki, səbrini basıb bir qıraqda sakitcə oturmuşdu, sevincə dönüb qanad aça bilmirdi. Zəfər sədası ilə ruhlanıb rənglərdə vətən sevgisini əks etdirdi. Qələbə xəbərinə sevinən hər kəs kimi Bahar ana da sevincini bu yolla izhar etmişdi – bayrağımızın və gerbimizin rəsmini öz qapısına çəkməklə qələbə sorağını hər yerə yaymışdı. İndi Vasif Səfərovun da ruhu səmadan bu möhtəşəm rəsmi seyr edir, zəfər müjdəsinə sevinir.

Ruhun şad olsun, şəhidim!

 

Sevil Gül Nur

 

Müstəqil.Az

 

Sin descripción disponible.

Sin descripción disponible.

Share: