Müsəlmanlara İslam kimi izah edilən xurafatlar dini qaynaq olmaqdan çıxarılmalıdır 

Son günlərdə mətbuatda 200 azərbaycanlı qadının İŞİD-lə əlaqədə şübhəli bilinərək İraq ordusu tərəfindən həbs olunduqları barədə məlumatlar yayılmışdır.

 

Keçən ay isə radikal qrupların sıralarına qoşulan azərbaycanlıların rəsmi statistikası açıqlandı. Açıqlamaya görə, bu günə qədər radikal qruplara qoşulan azərbaycanlıların sayı 900 nəfərdir. Lakin bu sayın rəsmi olaraq açıqlanan rəqəmlərdən çox olma ehtimalı da var.

 

Bundan əlavə, ölkədə hələ də radikal qruplara qoşulmaq niyyəti olan insanlar vardır. Təbii ki, hüquq mühafizə orqanlarımız  ölkəmizdə baş verən qanun pozuntularının qarşısını alır. Lakin əsas olan məsələnin kökünü taparaq gənclərimizin bu yola düşməsinə səbəb olan fikir və təlimlərin nələr olduğunu müəyyən etmək və bu istiqamətdə geniş maarifləndirmə işləri aparmaqdır. Çünki istənilən problemin həllində tam nəticəni almaq yanlış təbliğata qarşı doğruları çatdırmaqla mümkündür. Ona görə də radikalizmi doğuran səbəblərdən bəhs edəcəyik.

 

Radikalizmi dini inanclar üzərində qurulmuş bir düşüncə sistemi hesab etmək tamamilə yanlışdır. Hər şeydən əvvəl, haqq dinlərin heç birində terror və qətl əməlləri əsla qəbul edilmir. Bir Quran ayəsində belə buyurulmuşdur:

 

“Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi”. (Bəqərə surəsi, 256)

 

İslam terroru qəti olaraq lənətləyir və qadağan edir. Ancaq dini yanlış izah edən bəzi qruplar dünyada bu cür düşüncənin meydana gəlməsinə səbəb olmuşlar.

 

Dini mənada radikalizm Quranın hökmlərini dəyişdirmək məqsədilə dinə yanlış və fanatik təlimlərin əlavə edilməsi ilə ortaya çıxmışdır. Bu təlimləri qəbul edənlərin böyük bir qismi özlərinin doğru yolda olduqlarını zənn edirlər. Guya İslam adından fəaliyyət göstərdiklərini iddia edən bu qruplar öz yanlış inanc və həyat tərzlərini cəmiyyətə sərt yollarla tətbiq edir. Bu qruplar İslamı yanlış izah etməklə yanaşı, öz inanclarını mənimsəməyən hər kəsi hədəfə alırlar. Əfqanstanda “əl-Qaidə”, Suriya və İraqda isə İŞİD terror qruplarının hakim olduğu ərazilərdə din adından tətbiq olunanlar buna əyani sübutdur.

 

Dini xurafələrə görə yaşayan radikal qrupların əsas xüsusiyyətlərindən biri öz inanclarında olmayan insanları müşrik hesab etmələridir. Özlərinin inandıqları xurafələr isə şiddət və cinayət xarakterli hökmlərlə doludur. Bu hökmlərə görə dindən çıxan, yəni dini inancını itirən və ya dəyişdirən insan kafir sayılır və öldürülməlidir. Fanatik dindarların inanclarına əsasən, namaz qılmayan müsəlmanlara qarşı, ilk öncə, şiddət tətbiq edilir, əgər qılmamaqda israr edərlərsə, öldürülmələri vacib hesab olunur. Xürafələrə görə, sərxoşedici içki içənlərə çubuqla döyülmə cəzası var. Əgər içməkdə 3 dəfə israr edərlərsə, ölüm cəzası tətbiq edilməlidir. Zina edən qadın və kişiyə xurafatçı zehniyyətin verdiyi cəza hökmü isə tükürpədicidir. Bu hökmə görə, zina edən qadın və kişi yarıya qədər torpağa basdırılır və gün ərzində daşlanaraq öldürülür.

 

Quranla tamamilə ziddiyyət təşkil edən bu xurafələrdə Allahın qadınlara verdiyi bütün hüquqlar da qadağan edilir. Qız uşaqlarının məktəbə getməsinin qadağan edilməsi, qadınların tamamilə örtünməsinin məcburi hala gətirilməsi və buna tabe olmayanların şiddətli şəkildə cəzalandırılması, həmçinin makiyajın və gözəl görünmək üçün etdikləri hər bir şeyin qadağan edilməsi, qadınların çölə çıxmalarına, məscidlərə getmələrinə icazə verilməməsi və nəhayət cəmiyyətdən tamamilə təcrid edilmələri kimi qadağalar radikal xurafatçı qrupların verdiyi hökmlər sırasındadır.

 

Qurana zidd fikirləri din adına mənimsəmiş radikal zehniyyət qadına düşmən olduğu kimi incəsənətə də düşməndir. Belə ki, fanatik dindarların xurafələrə əsaslanaraq uydurduqları hökmlərə əsasən, haram olmayan musiqi, rəqs, əyləncə, rəssamlıq, heykəltaraşlıq, demək olar ki, hər cür incəsənət, həmçinin konsert, teatr, kino kimi zövq alınacaq gözəlliklər, zənginlik, gözəl əşyalar, evlər, məkanlar müsəlmanlara haram edilmişdir.

 

Radikal dindarların din adından uydurduqları bu hökmlərin əsasını Quran deyil, dinə əlavə edilmiş xurafələr təşkil edir. Xurafat Qurana əsaslanmayan batil inanclara verilən addır. Xurafat olaraq adlandırdığımız bu batil inanclar, çox təəssüf ki, hər məzhəbə, hər firqəyə sirayət etmişdir. Hətta dini təlim verən bütün universitetlərdə oxudulan hədis və fiqh kitablarında da həmin xurafələr vardır. Bəs nə üçün bu xurafələr İslam adından öyrədilir və çox mötəbər sayılan qaynaqlarda mövcudluğunu qoruyur?

 

Buna əsas səbəb müsəlmanlara əsrlərdir təlqin olunan Quranın İslamı yaşamaq üçün kifayət etmədiyi fikridir. Tarixə nəzər salsaq, dinin İslamın əsl mənbəyi olan Quran əsasında yaşandığını yalnız Peyğəmbərimiz (ə.s) və 4 xəlifənin zamanında görərik. Bundan sonrakı dövrü əhatə edən Əməvi və Abbasilərin hakimiyyəti dövründə Quran əxlaqının qorunmasında çox mühüm rol oynamış əhli-beyt imamları şəhid edilmiş, həmin dövrlərdən başlayaraq formalaşan hədis külliyyatlarına və məzhəblərə çox sayda xurafələr daxil edilmişdir. Bununla da Quran əxlaqının əskiksiz olaraq yaşandığı dövr başa çatmış və xurafələrin din olaraq qəbul edildiyi dövrün başlanğıcı qoyulmuşdur. Bu səbəbdən günümüzdə də müsəlmanlar tərəfindən mötəbər sayılan hədis və fiqh kitablarında çox sayda xurafələr mövcuddur. Bu gün əksər müsəlmanlar dini qaynaqlar sayılan mənbələrdə yer alan xurafələrin, həqiqətən də, Peyğəmbərimizin (səs) dövründə yaşanıb tətbiq edildiyinə inanırlar.

 

Buna inanan müsəlmanların içərisindən  bir qismi isə öyrəndikləri bu xurafələri İslam dini kimi qəbul etdikləri üçün onların tətbiqini israrlı şəkildə istəyir və bunun üçün uyğun şərait axtarırlar. Buna görə də radikal qrupların məskunlaşdığı Yaxın Şərq ölkələrinə üz tuturlar.

 

Nəticədə din kimi izah edilən xurafatlar müsəlmanların İslamı öyrəndiyi qaynaqlardan çıxarılmadığı müddətcə bu cür radikal qrupların ortaya çıxmasının qarşısı alınmayacaq. Çünki bu düşüncəni mənimsəyən radikal insanlar xurafələri tətbiq emək üçün hər zaman uyğun zəmin axtaracaqlar. İslam adından ortaya çıxan radikal qrupların tamamilə yox olması xurafələrdən təmizlənmiş həqiqi İslam əxlaqının müsəlmanlara izah edilməsi ilə mümkündür ki, bu da yalnızca Quranda mövcuddur.

Ramiq Vəliyev

 

Share: