Müşfiqə Baladdinqızı: Mən müəllifin səsiyəm

Müşfiqə Baladdinqızı: Mən müəllifin səsiyəm

Məlum olduğu kimi bu ilin fevral ayında Türk dünyasının tanınmış şairi Əlişir Nəvainin anadan olmasının 580- cı ildönümü münasibətilə Özbəkistanın İstanbuldakı səfirliyi, “Avrasiya Türk Dərnəkləri Federasiyası”, “Türküstan elləri Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi” və “Türküstanlılar Mədəniyyət və Sosial Yardım Dərnəyinin” təşkil etdiyi “Nəvainin Nevaları adlı qiraət yarışı” keçirilmişdir. Yarışmaya Azərbaycandan tanınmış qiraət ustası Müşfüqə xanım Baladdinqızı qatılmışdır. Bütün türkdilli dövlətlərin və dünyada yaşayan Türkdilli xalqalrın qatıldığı yarışmada həmyerlimiz birincilik qazanmışdır. Onunla müsahibəni təqdim edirik:

Müşfiqə xanım, sizi Müstəqil.Az saytının oxucuları və “DSD” İB nin adından salamlayıram, necəsiz?

– Mən həm Müstəqil. Az saytının kollektivini və dəyərli oxucuları, həm də İctimai Birliyinizin üzvlərini, qrup səhifəsində daima aktiv olanlar  salamlayıram. Çox sağ olun, yaxşılıqdır.


– Bu yaxınlarda böyük bir uğura imza atdınız. Beynəlxalq bir səs, qiraət yarışmasında birincilik əldə etdiniz. Bu haqda ətraflı danışmağınızı istərdim.

– Gözləmədiyin bir təklif idi. Vaxt da az idi.  Əlişir Nəvainin 580 illiyinə həsr olunmuş qiraət yarışmasına qatılmaq çox ürəyimcə oldu. Baxmayaraq ki, müraciət edilmək üçün qoyulan vaxt bitmişdi və mən bir gün də gecikmişdim. Müraciətimi müsbət qarşıladılar və səsləndirmədə birincilik qazandım. Bu  fövqəladə qalibiyyət, dediyiniz kimi  böyük uğurdu həqiqətən. Türk dövlətləri arsında birincilik qazanmaq, hesab edirəm ki təkcə mənim deyil, bütün Azərbaycanın uğurudur.

– Yarışma nə vaxt başladı?

-Fevral ayının 28- dən start götürən yarışmanın nəticəsi ölkələrarası proqramla onlayn və bir neçə ölkənin televiziya kanallarında canlı yayım zamanı açıqlandı. Nəticə doğrudan da  möhtəşəm oldu. Azərbaycanın adı  birincilər sırasında yer aldı. İlk qatıldığım yarışda qazanılan uğura, ancaq belə deyərdim: Bu böyük xoşbəxtlikdir.

– Müşfiqə xanım, bizlərdə bu yarışmanı izlədik və qələbənizi çox xoş qarşıladıq. Birincilik üçün özünüzdə inam nə qədər idi?

– Hazırlıqsız idim demək olar ki.  Dediyim kimi, ilk onluğa düşə biləcəyimə inansam da birinci olmağı heç  gözləmirdim. Fövqəladə bir nəticə oldu. Həm gecikmişdim, həm də yarışmanın tələblərinə uyğun olaraq klip belə çəkməyə şəraitimiz olmadı. Havalar sərt olduğu üçün fikrimdə tutduğum görüntüləri əldə etmək mümkün olmadı. Ona görə də yarışmaya ürəklə qatılsam da, dediyim kimi, birincilik haqda o qədər də düşünmürdüm.

– Bəs, yerli auditoriyaya necə, güvənirdinizmi ki sizi tək qoymazlar, yoxsa istedadınızın sizi seçilmənizə, göründüyü kimi birinciliyə aparacağına əmin idiz?
– Mən hər zaman Allaha inanmışam. Təbii ki, bu istedada, bacarığa görə də Allaha borcluyam. Mənə, məni dəyərləndirən, mənə inanan, bu yarışmada iştirakıma təkid edən dostların da dəstəyi stimul verirdi. Onların inamı , güvəni məni qalib etdi.

– Siz sözü çox gözəl dərk edirsiz, sanki səsləndirdiyiniz şeirin yaşantılarını  yaşayırsız, adama özünün yazdığı  şeirlərini belə sevdirirsiz. Bu xüsusi bir qabiliyyətdir. Deyin, söz sizin üçün nədir?

– Söz mənəviyyatın pasportudur. Hər bir ürəyin bir ünvanı olur. Kimisi o ünvanı sətirlərə yansıdır, kimisi ifayla. Mən şeirdə hər kəsəm, müəllifəm, ünvanlı qəhrəmanaam, sevgiyəm, dostam, həsrətəm… Çox sadalamaq olar. Bir sözlə mən müəllifin səsiyəm.

– Kimləri daha çox qiraət edirsiz? Yoxsa imza fərq etməz, yetər ki, şeir gözəl olsun?

-Müasir çağdaş ədəbiyyatımızda istedadlı  şair və yazarlar çoxdur. Onlardan söyləmək, yaradıcılıqlarına müraciət etmək,  fikirlərini dinləyiciyə çatdırmaq mənim üçün ürək rahatlığı olub. Məncə onların dinlənməyə ehtiyacları var, çox adam heç oxumur, amma dinləyir, eşidir, bəyənir, şeirimizi sevə bilir. Klassik ədəbiyyat nümunələrində də qəlbimə yaxın olanları səsləndirir, klassiklərimizin  şeirlərinə də tez-tez müraciət edirəm

– Özünüzün də gözəl şeirləriniz var, gözəl şairsiz. Deyin,  şair kimi daha rahatsız, yoxsa qiraət ustası kimi?

– Bayaq qeyd etdim kii,  hər ürəyin ünvanı var. Mən şeirlərimi əvvəllər xəyallarımla yazırdım, bu səmimi olmur. Son şeirlərdə qəhrəmanı özüm olmasam da, reallığı göstərməyə çalışmışam. Qeyd edim ki, son hadisələr məni çox sarsıdıb. Müharibə, şəhidlərimizin itkisi… Bir növ durğunluq yaşayıram. Qiraətçi kimi daha gözəl mövqeydəyəm.

-Məlumdur ki, hər kəs istər ki, siz onun şeirlərini deyəsiz. Belə xahişlər olurmu və necə dəyər verirsiz? Axı bildiyimə görə hər şeiri də sizin süzgəcdən keçirmək olmur.

– Bəli, müraciətlər çox olur. Çalışıram qəlb qırmayım. Çətin də olsa işləyirəm. Elə şeirlər var ki, ifamda istəmərəm kimsə eşitsin. Amma nə edim, müəllifi də qırmıram, səsləndirib özünə göndərirəm.

-Mənim də sizə təşəkkürüm var. Şeirlərimi səsləndirimisiz.

 Amma ən böyük təşəkkürüm qazandığnız, Azərbaycanın adına yazdırdığınız qələbədir. Var olun.

-Mən də sizə təşəkkür edirəm. Bu dəyər və sayğı üçün. Sizin şeirlərinizi söyləmək isə mənə doğrudan da zövq verir…

Söhbətləşdi: Faiq Balabəyli

 

Share: