Musiqimizə doğan günəş… – Fuad Biləsuvarlı yazır

Musiqimizə doğan günəş… – Fuad Biləsuvarlı yazır

Musiqimizə doğan günəş

Allah hər bir kəsin tale, bəxt yazısını ana bətnində olanda yazır. Elə istedadı da ana bətnində olanda verir. İstedad insana ilahidən göndərilən bir vergidir.
Əgər istedad anadan gəlmə sənin qanında,
canında yoxdusa, sən heç nə edə bilməzsən. Necə deyərlər, yazıya pozu yoxdur. Alın yazısından, qismətdən, bəxtdən qaçmaq olmaz. Allah sənin bəxtinə istedadını yazıbsa haçansa o, istedadın üzə çıxacaq. Əlbəttə ki, geci, tezi var. İstər bəstəkar, istərsə də şair və yaxud rəssam, aktyor ol. İncəsənətin hansı sahəsində olursansa ol birinci növbədə fitri istedad ön planda olmalıdır. Bu günkü gündə meydanda istedadsızlar at oynatsa da, mənim kimi bir çox istedadlı dostlarım səbrlə, təmkinlə hər bir şeyin yaxşılığa doğru dəyişəcəyini incəsənətimizin əvvəlki kimi ön sıralarda olacağına səbrsizlənirlər. İnsanlar qulaq asmaq üçün, beyinlərini rahatlaşdırmaq üçün əsl musiqi istəyirlər. Televiziyalarımızda, radio dalğalarında əvvəlki keyfiyyətli nəğmələr oxunmur, səslənmir. Keyfiyyətli musiqilər haqda yazanda birinci növbədə Əməkdar İncəsənət Xadimi, əziz dostum Nadir Əzimov yada düşür: Elə bu yazımı da əziz bəstəkar, sənətkar dostumun peşəkar fəaliyyətinə həsr etmişəm.
Gəlin onun həyat və yaradıcılıq yoluna bir nəzər salaq.

Deyirlər, hər şey gendən, qandan gəlmədir və heç şübhəsiz ki, Nadir müəllimə bu istedad da ailədən, nəsildən, gendən keçmədir.
Nadir Nəriman oğlu Əzimov 31 oktyabr 1963- cü ildə Bakı şəhərində görkəmli bəstəkarımız, Xalq artisti, dirijor, simfonik əsərlərin, ölməz mahnıların müəllifi Nəriman Əzimovun ailəsində dünyaya göz açıb. Dünyaya gözünü açandan, ağılı kəsəndən atası Nəriman müəllimin musiqilərini eşidib, duyub, görüb. Ailədə iki qardaş olsalar da, musiqiyə həvəs Nadir Əzimovda olub.
Atası Nəriman Əzimovun musiqi ənənələrini davam etdirən məhz Nadir müəllim olub. Yaradıcılığında mahnılar çoxluq təşkil eləsə də, Nadir müəllim təkcə mahnı bəstəkarı deyil. Yəni mahnılar bəstələməklə kifayətlənməyib. Əsərləri arasında simfonik lövhə (1990), tar və xalq çalğı alətləri orkestri üçün “Xatirə” (1991), piano üçün variasiyalar (1993), 1990-2001 – ci illərdə isə müxtəlif mövzularda mahnılar bəstələmişdi.
Filmlərə çox gözəl musiqilər bəstələyib.

“Evlənmək istəyirəm” (1983, tammetrajlı bədii film) – dirijor
“Qaynana” əməliyyatı (1999, tammetrajlı film-tamaşa) – bəstəkar
“Gəlinlər” (2002, tammetrajlı film-tamaşa) – bəstəkar
“Ayrılıq imiş” (2008, tammetrajlı bədii film) – bəstəkar
İndi də möhtəşəm yaradıcılığını mahnı janrında mükəmməl, möhtəşəm əsərlər bəstələməklə davam etdirir.
Nadir Əzimovun öz musiqi yolu, öz musiqi üslubu var. Bütün mahnıları bir-birindən gözəl, əsrarəngiz olmaqla bərabər həm də bənzərsizliyi ilə seçilir. Televiziyalarda, radiolarda Nadir müəllimin əsərlərini dinləyən kimi deyirəm bax, Nadir müəllimin dəsti – xəttidi.
Çətin, dərdli vaxtlarımda, özümə qapılanda və yaxud yorğunluğum olanda həmişə çalışıram ki, gözəl musiqilər dinləyim. Əbəs yerə deməyiblər ki, musiqi ruhun qidasıdı. Ona görə çətin vaxtlarımda Nadir müəllimin damara işləyən, adamda nostalji hisslər oyadan mahnılarını dinləyirəm. Nadir müəllimin əsərləri həmişə gündəmdədi. Həmişə sözlərə çox diqqətlə yanaşır. Özü necə musiqinin üstündə əsirsə, bir yerdə çalışdığı şairlər də sözün nazıyla oynayan, sözün qədrini bilən olublar. Nüsrət Kəsəmənlinin, Rəsmiyyə Sabirin, Xanım İsmayılqızının, Musa Vahidin, Sabir Abdinovun, Zemfira Əlişqızının, Bəxtiyar Qaracanın, Fuad Biləsuvarlının, Kəmalə Abıyevanın, Vüqar Əhmədin, İlham Mirzəyevin və sairə şairlərimizin şeirlərinə bəstələdiyi əsərlər illər ötsə də, zaman keçsə də yenə də öz aktuallığını qoruyub saxlayır. Bax, elə sənətkarın xoşbəxtçiliyi ondadı ki, yazdığı musiqilər sənətkarı unudulmağa qoymur. “Bakının işıqları”, ” Dərdimdən sən öləcəksən”, “Qarabağ- Şuşa” , ” Mübarək”, ” Sevəcəyəm de”, ” Getdi arzular”, Xatırla məni”, “Gedirəm”,
“Mənə dəniz verin”, “Unutdun”, “Əlvida Cəmilə”, ” Azərbaycan”, ” Bir gün”, ” Səndən sonra sənsiz Yusif”, “Neyləyə billəm”, ” İnanmazdım”, ” Dəli küləklər”, ” Əzizim”, ” Darıxdım”, ” Bilirəm getmisən”, ” Dözəcəyəm”, ” Dünya”, ” Mənsiz necə dözürsən”, “Anacan həyatım mənim”, “Sən qayıdan yollara”, “Yadıma sən düşürsən”, “Alışdım”, “Xəzərim”, ” İstərsənmi” “Neylərəm”, ” Yenə dəniz” “Səadət” və sairə yüzlərlə nəğmələri incəsənətimizin qızıl xəzinəsi sayılır. Nadir Əzimovun əsərlərini demək olar ki, bütün sənətkarlarımız oxuyub. Ən çox
Brilliant Dadaşova, Eyyub Yaqubov onun əsərlərini ifa ediblər. Ondan əlavə Mübariz Tağıyev, Elçin Cəlilov, İlhamə Quliyeva, Rüfət Mehdiyev Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Gülüstan Əliyeva, Zaur Rzayev, Baloğlan Əşrəfov, Nüşabə Ələsgərli, Abbas Bağırov, Mətanət İsgəndərli, Almaz Ələsgərova, Roza Zərgərli, Aynur İsgəndərli, Ləman Əzimova, Günay İbrahimova, Səidə Dadaşova, Nazpəri Dostəliyeva, Vasif Şahbazov və sairə sənətkarlarımız, sənətçilərimiz Nadir Əzimov yaradıcılığından bəhrələniblər.
Bu gün Nadir Əzimovun yaradıcılıq çeşməsi yenə də qaynayır. Hörmətli sənətkar dostumuz yenə də yazıb-yaradır. Özü hansısa mədəniyyət ocaqlarının birində müəllim olmasa da, tələbələrə musiqimizin incəliyindən aşılayıb, tədris eləməsə də, əsərləri bir növ öyrətmən, müəllim statusunu daşıyır. Sənətə yeni gələn nə qədər gənc bəstəkarlarımız var ki, onlar Nadir Əzimovun yaratdığı şedevr əsərlərindən bəhrələnirlər. Nadir müəllimin musiqiləri, melodiyaları, simfonik əsərləri haqda musiqi tədqiqatçıları araşdırmalar aparmalıdırlar. Mən yenə də deyirəm Nadir Əzimovun musiqiləri Musiqi Akademiyasında, Konservatoriyada, Mədəniyyət və İncəsənət Universitetində tədris edilməlidir.
Bu yerdə Cabir Novruzun şeiri yadıma düşür.
“Sağlığında qiymət verin insanlara.”
Bəli, sağ ikən sənətkarlarımızın, bəstəkarlarımızın, aktyorlarımızın, şairlərimizin qədrini bilməliyik.
Hamı gördüyü işin dəyərini, qiymətini sağ ikən almaq istəyir.
Eşitdiniz? Eşitsəydiniz nə gözəl olardı.
Nadir Əzimovun musiqiləri insanın ruhuna, ürəyin sarı siminə toxunan, dinləyicini ahənrüba kimi özünə çəkən bir möcüzədi.
İnanın insana musiqi qədər təsir edən güclü bir qüvvə yoxdur. Ağılı, huşu başında olan, əsl musiqini dərk edən melomanlar çox yaxşı bilirlər ki, musiqi sehrdir, duyğuları , hissləri tənzimləyən bir qüvvədir. Musiqi insanı öldürər də, dirildər də. Nadir müəllimin musiqisi məhz insanı dirildən, ruhunu gözləyən musiqidir.
Nadir Əzimovun musiqiləri insanı çox düşündürür. İnsanları ötən çağlara qaytarır. O, nəğmələr bir növ güzgü funksiyasını daşıyır. Mən, sən, və başqaları o, nəğmələrdə özümüzü görürük. O, nəğmələrdə hamımızın yaşatdıqlarından cizgilər var. Nəğmələrin gücündən, təsirindən kimi uşaqlıq illərinə, kimi gənclik illərinə qayıdır. Nadir Əzimovun nəğmələrini oxuyan müğənnilər də çox şanslıdırlar. Bu, barədə ünlü bəstəkar müsahibələrinin birində özü belə nəql edib.
“Çox müğənnilər olub ki, səhnədə heç bir mahnısıyla yadda qala bilməyib. Sonralar mənlə bir neçə mahnılar yazıblar. Həqiqətən də o, mahnılar onluqlarda birincilik əldə ediblər.”
Nadir Əzimovun musiqiləri geniş tamaşaçı, xalq sevgisi qazanmış musiqilərdi.
Əbədilik, həmişəlik tarixdə qalacaq, orijinal əsərlərdi.
Çox sevindirici haldı ki, Nadir müəllimin əməyi dövlətimiz tərəfindən də layiqincə dəyərləndirilib, qiymətləndirilib. Uzun illər mədəniyyətimizə, incəsənətimizə verdiyi musiqi töhfələri, səmərəli, çox şaxəli fəaliyyəti qiymətsiz qalmayıb. Prezident İlham Əliyevin sərəncamıyla Nadir Nəriman oğlu Əzimov 2012 – ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Həm də Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdü.
Nadir Əzimov hal-hazırda Azərbaycan Dövlət Televiziyasında çalışır. Həm də mehriban ailə başçısıdı. Ömür-gün dostu Lalə xanım da ali təhsilli musiqiçidir. Nadir müəllim həmişə bəstələdiklərini birinci Lalə xanıma göstərir. Xanımıyla məsləhətləşir. Təkcə Nadir müəllim yox. Nadir müəllimin biz dostları da Lalə xanımdan çox razıyıq. Haçan getmişik evlərinə bizi çox gülərüz qarşılayıb. Nadir müəllimin iki övladı, bir nəvəsi var. İlk övladı Nəriman babası böyük bəstəkarımız Nəriman Əzimovun adını daşıyır. Onu da deyim ki, Nəriman bəy keçmiş futboolçu olub. Neftçidə, bir çox futbool komandalarında fəaliyyət göstərib. Qızı Ləman xanım da istedadlı müğənnidi. Böyük sənətkarımız, Xalq artisti Eyyub Yaqubovla “Yenə dəniz” adlı əsəri çox gözəl ifa edib. Müğənniliyə hobbi kimi baxsa da adamın başının üstündə Allah var, çox istedadlı müğənnidi. Mədəniyyət ocaqlarımızın birində fəaliyyət göstərir.

P.S. Nadir müəllimə can sağlığı, uzun ömür arzulayıram. Çox sevdiyi həyat yoldaşı Lalə xanımla bir yerdə övladlarının həmişə xoş günlərini görsün. Nəvəsi İlham bəylə bağlı bütün arzularına çatsın. Nəriman bəy gəlin bacıyla xoşbəxt olsun!!! Oğullu, qızlı olsun!!! Amin, inşallah.
Sonda əziz dostum Nadir müəllimə həsr etdiyim şeirimi oxucularımızın nəzərinə çatdırmaq istəyirəm.

Musiqiyə doğan günəş

Nəriman Əzimov məktəbindənsən,
Layiqli davamçı sənə min əhsən.
Yaxşı qurdum sənlə işbirliyi mən,
Nə yazdıq toxundu lap sarı simə,
Yenə də nəğmələr yazaq Vətənə!

Gövhər dostum səni hey çəkir misal,
Odur ki, royalı yenə işə sal.
Səninlə çox gözəl dillənir royal,
Gözəl nəğmələrdən bəstələ yenə,
Yenə də nəğmələr yazaq Vətənə!

“Əlvida Cəmilə”, “Qarabağ – Şuşa”,
“Azərbaycan”, “Dəniz”, köçüb yaddaşa.
Bunu mən deyirəm sənə birbaşa,
Yaratmaq şövqünü heç qoyma sönə,
Yenə də nəğmələr yazaq Vətənə!

Sənin öz üslubun, sənin öz yolun,
Bənzərsiz bəstəkar daim sağ olun.
Nəğmələr ürəyin, qanadın, qolun.
Maşallah, çatıbdı beş yüzə, minə,
Yenə də nəğmələr yazaq Vətənə!

Sən kimi dostumdan, sən kimi bəydən,
Ricam var yorulma, gəl düşmə heydən.
Musiqiyə doğan günəşsən göydən,
Nəğmələrin işıq ulduza, günə,
Yenə də nəğmələr yazaq Vətənə!

Səhnəmizə bəzək, parlaq sənətkar,
Nəğmələrin ilə yaşayanlar var.
Səhnədə bir inci, sayrışan par-par,
Brilliant xanıma başqa heç kimə,
Yenə də nəğmələr yazaq Vətənə!

Altımış yaşında səni çox cavan,
Saxlayan qadın var o, Lalə anam.
Nəriman oğlunla, gül qızın Ləman,
Onlar da mənimtək deyirlər sənə,
Yenə də nəğmələr yazaq Vətənə!

Fuad Biləsuvarlı

31 oktyabr.

AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı, Cəsarətli qələm mükafatçısı

Share: