Bu il COVİD-19 pandemiyası nikahların və boşanmaların sayına təsir göstərib.
Müstəqil.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (Pandemiya və post-müharibə dövrü) mövzusunda videokonfrans formatında keçirilən dinləmədə deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var:
“Çox təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığını və boşanmaların artdığını müşahidə edirik. Bir çox ölkələrdə demoqrafik artım mənfi tendensiya ilə müşahidə olunur. Lakin bütün bunların fonunda biz Azərbaycanın bu çətin günlərdə böyük vahid ailə kimi birləşdiyini gördük. Vətən üçün canından keçən övladları gördük. Onları tərbiyə edən valideynləri gördük. Azərbaycan Prezidentinin öz xalqına sevgisini və siyasi iradəsini gördük”.
H.Hüseynova qeyd edib ki, pandemiyanın qarşısını almaq üçün sosial təcrid və karantin tədbirləri çox vacibdir:
“Lakin mütəxəssislərin rəyinə görə, bu, ailə üzvləri arasındakı münaqişələrin, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, karantin dövründə ailədaxili münasibətlərin, şəxslər arasında qarşılıqlı münasibətlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ailədə meydana çıxan çətinliklərin vaxtında üzə çıxarılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixoloji sağlamlığının qorunmasına xidmət etmiş olar”.
Müstəqil.Az