“Qorbaçov və onun yaxınlarıyla bəzən gülərüzlə rəftar etsəm də, onların xalqıma qarşı etdiyi zülmlərə görə içəridə ürəyim parçalanırdı…”
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovla 18 Oktyabr 1991-ci il tarixinədək keçmiş İttifaqda və respublikamızda baş verənlərlə bağlı geniş söhbətimizin davamında onun Komunist Partiyasının sonuncu qurultayında Mixail Qorbaçova qarşı çıxışına məşhur general Lebedin reaksiyası, Ali Sovetin sözügedən tarixdəki sessiyası ərəfəsində kimlərlə hansı məsləhətləşmələr aparılması, müstəqillik aktının qəbulundan sonra müstəqillik əleyhinə səs vermiş deputatların dövlət başçısı kimi onunla görüşüb nəsə etirazlarını bildirib-bildirməmələri və s. haqda danışdıq…
– Ayaz müəllim, SSRİ-nin dağıdılması prosesindən danışdıqlarınızdan sonra belə bir sual çıxır: Qorbaçov elə öncədən SSRİ-ni dağıtmaq üçün gətirilmişdi hakimiyyətə, yoxsa sonradan Qərb, ABŞ onu ələ alaraq buna yönləndirdi?..
– Hesab edirəm ki, Qorbaçov elə əvvəlcədən Sovetlər Birliyini dağıtmaq niyyəti ilə hazırlanmış bir kadrdı. Əvvəlcə onu Britaniyanın keçmiş baş naziri Marqarit Tetçer yoxladı, qonaq dəvət etdi, gəzdirdi və s. Sonra da Amerikaya xəbər verdi ki, onunla işləmək olar. Daha sonra Qorbaçov Reyqanla, ata Buşla məlum görüşləri keçirdi və bu minvalla nəhəng bir dövləti çökürtmək planı işə düşdü. Ona görə mən heç cür deyə bilmərəm ki, Qorbaçov nə vaxtsa SSRİ-ni qorumağa çalışıb. Hər şey tamamilə əksinə idi. Onun üzünə də bir dəfə dolayısıyla sözümü dedim…
Moskvada təkbətək görüşdə Qorbaçova dedim ki, Mixail Sergeyeviç, mən anlamıram sizin nə etmək istədiyinizi. Əgər sizin davranışlarınızın məntiqinə görə mənim düşündüklərim baş verirsə, o halda siz bizi də him-cimlə bur başa salın, biz də işimizi buna uyğun quraq. Yəni bu ölkəni doğrudan da sökürsənsə, açıq de, biz də nə etdiyimizi bilək…
– Əgər Qorbaçov ABŞ-ın baş agenti kimi SSRİ-ni yıxmaq məqsədi güdürdüsə, onda belə çıxır ki, 1986-cı ildən üzü bu yana Almatıda, Vilnüsdə, Tiflisdə, o cümlədən Bakıdakı 20 Yanvar faciəsi zamanı da Kommunist Partiyasının bu sonuncu baş katibi İttifaqı qorumaq deyil, əksinə yıxmaq məqsədi ilə dinc etirazçıların üzərinə ordu yeridirdi. Yəni etirazları da, onlara qarşı güc tətbiqini də özü təşkil edirdi. Məqsəd partiyanı, ordunu gözdən salmaqla xalqın sovet dövlətinə qarşı etirazlarını daha da körükləməklə müttəfiq respublikaların ayrılma, yəni bu imperiyanın dağılma prosesini gücləndirmək idi… Hamımızın yadındadır ki, 20 Yanvardan sonra yalnız Azərbaycanda deyil, bütün postsovet məkanında kommunistlərin kütləvi şəkildə partbiletlərini yandırması prosesi də başlandı…
– Bəli, razıyam sizinlə. Qorbaçov xalqın, aşağı təbəqələrin başına müxtəlif oyunlar, faciələr açmaqla dövləti içəridən zəiflədirdi. Həmin texnologiyanı son onilliklərdə məşhur Corc Soros davam etdirir: “rəngli inqilab”larla… Bu prosesin hələ ikinci, üçüncü mərhələdə davam etdirilməsi də planlaşdırılıb. Belə oyunların ta ki, ABŞ-ın bütün planetdə öz sistemini bərqərar etməsinədək aparılması gözlənilir…
– Ayaz müəllim, 18 oktyabr 1991-ci il tarixli Müstəqillik barədə Konstitusiya aktının son müzakirəyə çıxarılacağı parlament sessiyası ərəfəsində öz ən yaxın, etibarlı komanda üzvlərinizlə bir məsləhətləşmə apardınızmı?
– Demək olar ki, artıq həmin günlər bu məsələ ilə ciddi maraqlanmırdım. Çünki bilirdim ki, əsas etibari ilə öncədən düşündüyümüz müstəqillik aktının qəbulu öz həllini tapacaq. Odur ki, kimlərləsə oturub nəyisə məsləhət etmək haqda düşünmürdüm…
– Yəni heç ehtiyat etmirdiniz ki, biz müstəqillik aktını qəbul etsək, buna Moskva nə deyər, birdən yenə üzərimizə qoşun yeridərlər və s.?
– Yox. Kimlərdəsə belə fikirlər var idi. Ancaq mən prosesləri nəzarətdə saxlayırdım. Moskvada kommunistlərin müttəfiq respublikaların müstəqiliyi məsələsinə münasibətni bilirdim. Kommünistlər bir küncdə, demokratlar bir az genişlikdə bu haqda mübahisələr edirdilər. Mənim hər iki tərəflə münasibətim var idi. Söhbətlər aparıb məsləhətləşirdik. Mənimlə də məsləhətləşənlər olurdu… Siyasi Büro üzvlərinin narahatçılığı göz qabağında idi… Amma mən də gözəl bilirdim ki, artıq əqidəli kommunistlər də İttifaqın çökməsinə qarşı nəsə etmək iqtidarında deyillər. Çünki Qorbaçov İttifaqın başına elə bir torba tikmişdi ki, 19 milyonluq partiya aciz qalmışdı…
– Bəs sizin ən yaxın silahdaşlarınız olan Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov kimi təcrübəli şəxslər nə deyirdi müstəqillik məsələsinə?..
– Onlar mənim silahdaşım kimi işin içində idilər, tez-tez məsləhətləşirdik və nə baş verdiyini yaxşı bilirdilər… Və bir məsələni də vurğulayım ki, bizim, yəni mənim və inanıram ki, komandamın böyük əksəriyyətinin qəlbində Moskvadan, Qorbaçovdan böyük inciklik vardı. Sovet dövrünün son illərindəki faciələri xalqımızın başına Qorbaçov gətirmişdi…. Mən Moskvada Qorbaçov və onun yaxınlarıyla gülərüzlə rəftar etsəm də, onların xalqıma etdiyi zülmlərə görə içəridə ürəyim parçalanırdı… Və bir dəfə- 1990-cı lin iyulunda partiyanın sonuncu -28-ci qurultayında dözməyib birbaşa tribunadan Qorbaçovun üzünə ürəyimdəkilərin çoxunu dedim:
“Nə istəyirsiniz bizim xalqdan, nə vermisiniz, ala bilmirsiniz? Nə edib bu xalq sizə? Nəyə görə siz öz funksiyalarınıza belə məsuliyyətsiz şəkildə yanaşırsız? Bu nə deməkdir? Siz deyirsiz ki, biz bir partiya olaraq keçmiş, 37 -ci il repressiya qurbanları qarşısında öz günahlarımızı etraf etməlyik. Bununla razıyıq. Lakin bu gün gözünüzün qarşısında Azərbaycan xalqı qırılır, diri-diri yandırılır, 200 mindən artıq soydaşımız (o vaxt hələ Qarabağdan qaçqınlarımız yox idi) öz dədə-baba torpağından qovulur, bir anda hər şeydən məhrum olur, sizsə buna göz yumursunuz. Və belə çıxır ki, sovetlərin avtoritar keçmişi geridə qalıb, amma indi də yenidənqurma sayəsində qurmaq istədiyimiz demokratik cəmiyyətdə də repressiyalar baş varir. Yalnız Azərbaycanda 200 min qaçqın var. Onları sovet hökuməti qorumadı, müdafiə etmədi. İndi biz nədən danışırıq, nə fərqi var ki, dinc, günahsız insanlar öz vətənlərini, çörəklərini Stalin repressiyaları nəticəsində itirir, ya da xalqa qarşı demokratik repressiyalar dövründə?..” Bu sözlərdən sonra aləm dəydi bir-birinə. Məşhur general Lebed ayağa durub ideoloji katib, o zaman SSRİ üzrə masonların kuratoru olan Yakovlevin üstünə qışqırdı ki, ey yoldaş, siz deyin görüm, əslində kimsiniz… Mənim çıxışım Qorbaçov əleyhdarlarını ruhlandırırdı. Nitqim boyu neçə dəfə ayağa qalxıb yenidən əyləşirdilər… Həmin kəskin sözlərimdən sonra Qorbaçov Nazirlər Sovetinin sədri Nikolay Rıjkovu ayağa qaldırdı və birlikdə zaldan çıxdılar. Tab gətirmədilər…
– Deyəsən, o vaxt həmin çıxışınızı televiziyada verməmişdilər?
– Bəli, məncə də verməmişdilər. Amma yadımdadır ki, o çıxışım o zamanki müxalifət tərəfindən yüksək qiymətləndirilmişdi. Cəbhəçilər məni Bakıda görəndə dedilər ki, Ayaz müəllim, heç gözləməzdik ki, riskə gedib Moskvada belə kəskin çıxış edəsiniz…
– Ayaz müəllim, 18 oktyabr 1991-c il tarixli sessiyada müstəqillik aktının qəbulundan sonra Azərbaycanın müstəqilliyi əleyhinə olan deputatlar sizinlə görüşüb nəsə dedilərmi, öz etirazlarını bildirdilərmi?..
(Davamı var)
Söhbətləşdi: Sultan Laçın
Fotoların müəllifi: Vasif Əlihüseyndir.