Azərbaycanın öz müstəqilliyinə qovuşması, bunun ilk illərini əhatə edən keçid dövrünün başa çatması nəticəsində artıq ədəbiyyatımız özünün yeni dövründə təsbitinə başlamışdır. Ədəbiyyatımızın, milli bədii təfəkkürün inkişafını, xüsusiyyətlərini nəzərə alaraq deməliyik ki, keçid dövrünə xas olan “sönük əsərlərin həqiqi bədii dəyərləri üstələməsi”(1, s. 201) halı sənətdə buraxdığı ağır təsirini artıq itirməkdədir.
Azərbaycan xalqının “yetmiş illik mənəvi riyakarlıq məngənəsində”(Elçin) çırpındığı zaman barədə tarixi əsərlərin görkəmli tədqiqçisi Y. Axundlu Azərbaycan tarixi …uzun illər tarixi həqiqətləri tam əks etdirə bilməmiş; bəzən də tarixçilərimiz bilərəkdən bu təkzibolunmaz həqiqətlərin üzərinə kölgə salmışlar, deyə yazır və düşüncələrini “bu cəhət özü də tarixçilərlə bərabər bədii söz ustalarına da təsirsiz qalmamışdır. Onlar da tarixçilərlə bir sırada keçmişi yalnız müəyyən qərar və direktivlərin dəst-xəttinə uyğun bədii tədqiqat obyektinə çevirmişlər. (6, s. 169) şəklində yekunlaşdırırdı. Lakin artıq həm tarixi yazanların, həm də oxucuların tarixi həqiqətlərə; ədəbiyyat tarixinin “ideoloji yasaqlarına”(Elçin) münasibəti dəyişmişdir. İndi tarixi faktların doğru-dürüst əks olunması öz zəruruyyətini hər an hiss etdirməkdədir. Hal-hazırda görünən tarixi mövzularda yazılmış əsərlərin də bizə hər zamankından indi daha çox lazım olmasıdır. Məhz bu ehtiyacdan ölkənin öz müstəqilliyini qazanmasından sonra yazıçılar tarixin qaranlıq səhifələrində gizlənmiş və əl vurulması yasaq olan o dövrləri də ələ almışlar(2, 433)
Keçmişimizin tarixi-bədii tədqiqi: Müstəqillik dövrü yeni tarixi əsərlər mövzusunda danışarkən bir həqiqəti nəzərə alaq ki, bədii ədəbiyyat elmi ədəbiyyatdan, tarixdən çox oxunur, tez yayılır… Belə əsərlər bizim tarixi təcrübəmizin bu günümüzə və gələcəyimizə tətbiqi mənasında örnək, müəyyən mənada proqram xarakterli qiymətli vasitələrdir və bədii ədəbiyyat elmi ədəbiyyatdan, tarixdən çox oxunduğu da məlumdur. Odur ki, gəncliyimizə, müstəqil ölkənin gənc vətəndaşına tariximizi sevdirməyin yollarından biri kimi belə mövzulu kitabları oxumağa həvəs və şövq aşılamaqdır.
Bu məqsədlə əsərlərini dövrün bədii tədqiqi saya biləcəyimiz Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Çəmənzəminli, Seyid Hüseyn, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Hüseyn Mehdi, Həsən Seyidbəyli, Əzizə Cəfərzadə, Nəriman Həsənzadə, Fərman Kərimzadə yaradıcılıq təcrübəsi üzərində yüksələn yeni müstəqillik dövrü ədəbiyyatımızın Söhrab Tahir, Yunus Oğuz, Sabir Rüstəmxanlı, Hüseynbala Mirələmov kimi nümayəndələrinin yaradıcılığı üzrə müşahidələrimiz səmərəli görünə bilər. Çünki bu yaradıcılıq örnəklərində son illərdə keçmişə yeni meyarlarla yanaşmanın güclənməsi, tarix elmində olduğu kimi, söz sənətində də obyektiv tarixi həqiqətləri əks etdirmək meylinin artması hallarını izləmək mümkündür.
Fikrimizcə, əgər tarixi roman janrının yeni çağda inkişafından danışmaq lazım gəlirsə bu sahədə intensiv fəaliyyət göstərən Yunus Oğuzun fəal rolunu xüsusi qeyd etmək lazım gəlir. Türk tarixini yaxşı bilən yazıçı Yunus Oğuz (habelə müəllif bir çox tarixi həqiqətlərin üzərinə işıq salan “Türkün gizli kitabı” elmi-publisistik əsər də ortaya qoymuşdur) ədəbiyyatımızda – “Attila” dramı və “Nadir şah”, “Təhmasib şah” kimi silsilə təşkil edən tarixi romanlarını Azərbaycanın müstəqilliyi illərində yazdı. Əlbəttə, bu hamımızın sevdiyi, ürəkdən istədiyimiz tarixdir. Heç şübhəsiz, sevdiyimiz tarixin ədəbiyyatda əksini də biz həmişə həyəcanla gözləyirik.
Yunus Oğuzun Azərbaycan dövlətçiliyi tarixindən hesab olunan mövzulara üz tutması bu günümüzün reallığıdır. Yeri gəlmişkən qeyd edək ki, bu romanların hər biri bizim tarixşünaslıqda haqqında demək olar ki, söz açılmamış və nəticədə böyük boşluq duyulan məsələləri əhatə edir. Nizami Cəfərovun haqlı qeydlərinə görə həmişə Səfəvilər dövrünün tarixi istər elmi baxımdan, istər ictimai-publisistik səviyyədə tariximizin tərkib hissəsi olaraq araşdırılarkən əsas diqqət Şah İsmayıl Xətaiyə, yəni Səfəvilər xanədanının banisinə yönəlib…amma Şah İsmayıldan Şah Abbasa qədərki dövrdə həmişə nə isə kölgədə qalıb …bu dövrün də ən görkəmli hökmdarı Təhmasib şahdır. (3,s.3) Həmin sıraya daha sonrakı dövrləri də aid etmək lazım gəldiyini hörmətli alimimizin sözlərinə əlavə edə bilərik. “Təhmasib şah” romanın mühüm məziyyətlərindən biri də ondadır ki, əsərin mövzusu miqyası geniş olmaqla həm də istiqamətləri etibarı ilə də çoxtərəfli və maraqlıdır. Belə ki, əsərin başlıca ideyası Azərbaycanın bütövlüyü və Türk dünyasında mövcud olan siyasi ziddiyyətlərin yazıçı tərəfindən ortaya qoyulması və bu məsələlərin bədii həllidir.
Əsərin tərbiyəvi əhəmiyyəti böyükdür; belə ki, tarixi romanlarımız üçün örnək cəhətlərdən biri də ölkədə siyasi-ideoloji duruma, mənəviyyat məsələlərinə xüsusi diqqət yetirilməsi, səltənətin idarə olunmasında əlverişli görünən vasitələrin önə çəkilməsi və s. Bu gün – dövlətçiliyimizin bərpasında bu məsələlər xüsusi aktuallıq kəsb edir. Kitabın ön söz müəlliflərindən biri olan prof. Şamil Vəliyev əsərdə tarixə müraciət tərzinin diqqət çəkdiyini, onun fərdi ictimai-tarixi marağının sosial-fəlsəfi keyfiyyət kəsb edərək xalqın möhtəşəm obrazının yaranmasına səbəb olduğunu vurğulamışdır (5, s.24 ).
Alim əsərin bədii məziyyətlərindən bəhs edərək: “Təhmasib şah” romanının səhifələri arasında zəngin tarixi məlumatların, hadisə və şəxslərin mövcudluğu onun müəllifinin yalnız “filoloji fantaziyalar”a deyil, daha çox sənəd, fakt, arxiv materiallarına əsaslandığını təsdiqləyir” deməklə bunu yazıçının bədii düşüncəni real tarixi faktlara tabe tutmasıyla yox, əksinə, tarixi həqiqətlərdən müasir bədii-estetik qənaət hasil etmək, irs və varis arasında sosial-fəlsəfi mühakimə kodlarının bərpasını təmin etmək bəsirəti ilə bağlayır. Yunus Oğuz əsərdə Xətainin bir şah, bir dövlət xadimi, nəhayət bir şəxsiyyət olaraq böyüklüyünü nəzərə çarpdırmaq üçün varisinə-oğluna vəsiyyətini belə təqdim edir: “… oğlum, Osmanlılarla savaşa girmə. Onlar bizdən daha güclü olduqlarına əmin olmasalar, torpaqlarımıza basqın etməzlər. Sultan yeniçərləri bizim torpaqlara girməsə, sən öz başından onların sərhədlərini pozma. Aramızdakı sünni – şiə fərqinə baxma, Osmanlılar Qızılbaşlarla qan qohumlarıdır. Onlar da Oğuzlardandır. Çaldıran müharibəsi olmasaydı, hər şey tamam başqa cür olacaqdı… tamam. Təəssüf! Sultan Səlim bunu anlamadı… Mən canımdan çox sevdiyim Azərbaycanımı tam birləşdirə bilmədim. Şirvanı və Şəkini nəzərdə tuturam. İndi bu şərəfli iş sənin öhdənə düşür. İnanıram ki, sən bunu edəcəksən. Bunu etmək üçün yeddi oğuz tayfasını öz ətrafında cəmlə. Çalış ki, heç zaman səndən uzaqlaşmasınlar, onları incitmə. Mən Rumlu, Qacar, Avşar, Zülqədər, Təkəli, Ustaclı, Şamlı tayfalarını deyirəm. Onlar sənin döyüşən qolların, səltənətin isə dirəkləridir. Əməllərinə və bacarığına görə onlara vəzifə, ənam ver, torpaqlar bağışla… Bu tayfalardan birini o birilərindən üstün tutma! Elmdən və ədalətdən kənar olma! Hər şeyi Allahın qoyduğu qaydalarla həll et! Onda sənin hakimiyyətin uzunömürlü və möhkəm olacaq…” Təhmasib şah hakimiyyətə keçir və atasının bu vəsiyyətinə həyatının sonunadək sadiq qalır: Şirvanı və Şəkini birləşdirir, bir tayfanın digəri üzərində üstünlüyünə imkan vermir; atasının tapşırdığı kimi Osmanlılarla savaşa girmir, onların sərhədlərini pozmur, heç vaxt yadından çıxarmır ki, Osmanlılar da Oğuz türkləridir – eyni xalqdırlar, mühüm yeddi oğuz tayfasını öz ətrafında birləşdirir, əməllərinə və bacarıqlarına görə onları qiymətləndirir,
XVIII əsrdə Azərbaycandakı intibah dövrü, şübhəsiz ki, Nadir şah Avşarla (1688-1747) əlaqəlidir. Onun 11 il davam edən hakimiyyət dövründə dövlətin sərhədləri Hindistana gedib çıxırdı. Yunus Oğuz Nadir şah dövrünü, onun hakimiyyətə gəlmə səbəblərini və sonrakı Azərbaycan tarixini obyektiv şəkildə dərindən təhlil edib. Məhz bu səbəbdən müəllif “Nadir şah” əsərində tarixi Azərbaycan coğrafiyasının hüdudlarını, ölkənin milli tərkibini və səltənətdəki həmin dövrün mədəni-tarixi, iqtisadi, hərbi-siyasi vəziyyətinin bədii tarixi mənzərəsini çəkmişdir. Yazıçınınn qədim mərasimlərimizi, adət-ənənərimizi, folklor deyimlərimizi, xalq sənətimizi məharətlə, aydın, axıcı dillə qələmə alması isə mövzuya bəslədiyi hüsn-rəğbətdən, güclü iftixar hissindən irəli gəlməklə yanaşı, yazıçı məsuliyyətinin də aydın ifadəçisidir .
Buradan belə bir sual doğur: Yazıçılarımız nədən son illər tarixi janra üstünlük verir və bu zaman nə səbəbə şahların-hökmdarların obrazını rəsm etməyə üstünlük verirlər?! Sualın birinci tərəfinin cavabı özlüyündə aydındırsa, digər qismini belə cavablandırmaq olur ki, bu müstəqil dövlət anlayışımızla bağlıdır. Tarixin uzaq çağlarında padşahlarımızın varlığı dövlətçiliyimizin də qədm tarixə malik olduğunu göstərir. Mirzə Cəlilin “Usta Zeynal” əsərindəki məzlum, fəqir usta erməni tacirə “xozeyin, niyə sizin padşahınız yoxdur?” deyə sual verir və tacir bu sualdan alovlanır. Elə ermənilər də bu sualdan bərk narahat olurlar ki, hekayənin Moskvada rus dilinə tərcüməsində bu sualı çıxarmışlar. Bu onların ağrılı yeridir- padşahı olmamaq-dövləti olmamaq deməkdir. Bəli padşahı olmaq budur…
Minə Xanım Təkləli
Professor
Professor