Türkiyənin məşhur müğənnisi Mustafa Cecelini Bakıya dəvət edən restoran sahibi cərimələnib.
Bunu Oxu.Az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
O bildirib ki, Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin “İstanbul Meyhane Bilgah” restoranında keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə sahibkar cəzalandırılıb.
DİN rəsmisi qeyd edib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgah” restoranının açılışı ilə əlaqədar konsert proqramı təşkil olunub və xüsusi karantin rejimi pozulub:
“Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb. Restoranın sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə edilib”.