Müxalifət liderləri Ali baş komandanı təbrik edir – Sorğu

Müxalifət liderləri Ali baş komandanı təbrik edir – Sorğu

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu tarixi Suqovuşanda Azərbaycan bayrağını qaldırıb, Cəbrayılı işğaldan azad edib, yeddi gün ərzində ümumilikdə 23 kənddə düşmən işğalına son qoyub.

Teleqraf.com Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad olunması ilə bağlı apardığı əks-hücum əməliyyatlarının tam qələbə ilə yekunlaşmasından sonra siyasi partiya sədrlərinin reaksiyalarının necə olacağına dair sorğu keçirib. Maraqlıdır, onlar necə davranacaqlar? Eyni zamanda siyasətçilər bu qələbə münasibətilə Ali Baş Komandanı təbrik edəcəklərmi?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, o, Ali Baş Komandanı bəri başdan təbrik edir:

“Mən cənab prezidenti cəsarətli addımlarına, uzun illərdir apardığı diplomatik işə, son vaxtlar keçirdiyi müxtəlif beynəlxalq görüşlər, xarici televiziyalara müsahibələr, o cümlədən “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırması zamanı, BMT-nin 75-ci sessiyasi zamanı etdiyi çıxışlar, atdığı bütün addımlar, Avropanın ermənipərəst qüvvələrini qarşısına alıb Azərbaycanın öz torpağını qorumaq əzmi göstərdiyinə görə təbrik edirəm. Bunlar hamısı əslində təbrikə layiq işlərdir və mən bəri başdan, sonunu gözləmədən Ali Baş Komandanı təbrik edirəm. İnşallah, bu işin sonu uğurlu olar”.

Sabir Rüstəmxanlı qeyd edib ki, qələbə bizim haqqımızdır:

“Təbii ki, 30 il bir həsrətin sonudur. İndi ərazi bütövlüyümüz bərpa olunur. Ruhumuzun, ürəyimizin dincəlməsidir. Biz çox psixoloji basqılardan, xəcalətdən, dünya məclislərində dili qısalıqdan-filandan xilas olmalıyıq. Şübhəsiz ki, işğal olunmuş ərazilərin azad olunması millətimizin bayramı olacaq”.

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bildirib ki, ilk növbədə Azərbaycan xalqını təbrik edəcək:

“Çünki bu qələbə ilk növbədə Azərbaycan xalqının qələbəsi olacaq. Eyni zamanda qəhrəman Azərbaycan əsgərini təbrik edəcəyik. Çünki bu qələbəni Azərbaycan xalqına bəxş edən ilk növbədə əsgərimizin, zabitimizin qəhrəmanlığı, fədakarlığı olacaq. Eyni zamanda təbii ki, bu uğurun qazanılmasını təmin edən istənilən şəxs təbrikə layiqdir”.

Müsavat Partiyasının başqanı Arif Hacılı deyib:

“Döyüş əməliyyatları uğurla nəticələnib Azərbaycanın ərazi bütövlüyü təmin olunsa, bu, Azərbaycan tarixinin ən şərəfli günlərindən biri olacaq. Təbii ki, bu şərəfli günün daha da şərəfləndirilməsi və yaddaşlarda Azərbaycan xalqının ümumxalq qələbəsi kimi qalması üçün bizdən nə asılıdırsa, onu da edəcəyik”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu qeyd edib ki, cəbhədəki uğurlar hər bizimizin gecikən arzularıdır:

“Mən Azərbaycan Ordusunu indidən təbrik edirəm. Sizə də təşəkkür edirəm. İnşallah istəyirəm ki, zəfər reportajını da siz edəsiniz. Şəhidlərimizin qanı yerdə qalmasın. Mütləq və mütləq qisasımızı almalıyıq. Bu savaş bizim zəfərimizlə, Azərbaycanın zəfəri ilə başa çatmalıdır”.

Mirmahmud Mirəlioğlu daha sonra vurğulayıb:

“Qalib əsgərimizin alnından və əlindən öpəcəyik. Nə danışırsınız? Əsgərin də komandanı var. Nə xoş o əsgərə ki, o əsgər Şuşa qalasına, Xankəndiyə, Kəlbəcərə bayraq sancacaq. Nə xoş həmin əsgəri ziyarət edənə. Əlbəttə, əsgəri də, Ali Baş Komandanı da təbrik edəcəyik”.

Böyük Azərbaycan Partiyasının başqanı Elşad Musayev bildirib ki, hazırda Vətən müharibəsi gedir:

“Vətən müharibəsi olanda hər kəs, o cümlədən, siyasi təşkilatlar ordunu, dövləti, eyni zamanda bu prosesi aparan ölkənin prezidenti, Ali Baş Komandan İlham Əliyevi müdafiə etməlidir. Böyük Azərbaycan Partiyası da müharibə başlayan gündən bu xətti yürüdür. Biz bundan əvvəl də bəyan etmişik ki, belə olmalıdır. Bütün işlər ikinci plana keçməlidir. Bütün güc orduya, dövlətə kömək, dəstək istiqamətinə yönəlməlidir. Müharibə olandan sonra təbii ki, hamı kimi biz də müharibənin zəfərlə başa çatmasını istəyirik və əminik ki, Azərbaycan düşmən üzərində qəti qələbə çalacaq. Biz şərtləri diqtə edən tərəf olacağıq. Şərtləri diqtə edən tərəfdə hamı sevinməlidir. O cümlədən, ölkənin sıravi adamları da, partiya sədrləri də, ölkənin prezidenti də sevinməlidir. Təbii ki, biz hamımız bir-birimizi, eləcə də Ali Baş Komandanı təbrik edəcəyik”.

 

Müstəqil.Az

Share: