“Muxtardan sonra heç vaxt həmin yeməyi bişirmədim…” — Videoreportaj

Bu gün Vətən müharibəsində döyüşlərə könüllü qatılan Muxtar Qasımlının şəhidlik zirvəsinə ucaldığı gündən iki il ötür.

“Qafqazinfo” bu səbəbdən şəhid Muxtar Qasımlı ilə bağlı hazırladığı videoreportajı bir daha təqdim edir:

Redaksiyadan onların yaşadığı ünvana qədər olan məsafə cəmi 15-20 dəqiqəlik yoldur. Heç bəzən vaxtın necə keçdiyini də anlamırsan.

Di gəl bir də zaman məhfumunu şəhid ailəsindən soruş.

Bəlkə də başqa biri üçün “həyat davam edir” ifadəsini işlətmək çox asandır. Amma ağır itki yaşayan bir ailə üçün bu, heç də belə deyil. 

Muxtar Qasımlının atası Əli Qasımlı da bunu təsdiqləyir. Deyir, oğlum şəhid olandan sonra heç biz də yaşamırıq. 

Vətən müharibəsindən iki ilə yaxın vaxt keçib, amma Qasımlı ailəsi hələ də Füzuli uğrunda döyüşlərdə şəhid olan oğlu Muxtarın yoxluğu ilə barışa bilmir. 

Ailə 2 oktyabr tarixini, həmin gün yaşadıqlarını hafizəsindən silməyə çalışır, amma alınmır ki, alınmır. Necə alınsın axı…

Bütün şəhid anaları kimi, Muxtarın anası Almaz xanım da çox əziyyət çəkir, oğlu ilə bağlı xatirələri bölüşür, gözlərinin yaşı dayanmır. Deyir, oğlu ən çox yarpaq dolmasını sevirdi. Muxtar şəhid olandan sonra isə bir dəfə də olsun, həmin yeməyi bişirməyib. 

Ailədən etdiyimiz çəkiliş nəticəsində 13 dəqiqəlik videreportaj ərsəyə gəlir. Bu, həm də acının 13 dəqiqəsidir…

Qeyd edək ki, Bədən Tərbiyəsi və İdman Akademiyasında kikboksinq təhsili alan şəhidimiz sonralar fitnesə üz tutub. O, 2019-cu ildə Azərbaycan çempionu adını qazanıb, ölkənin ən yaxşı fitnes müəllimlərindən biri olub.

Emin Səfərov

Video-Fotolar: Müzəffər İsmayılov


Share: