Təbrizdə türkdilli klassik poeziyanın ən nəhəng nümayəndəsi Əmir Əlişir Nəvainin “Dörd divan”ı ilk dəfə Azərbaycan dilində işıq üzü görüb.
Kulis.az xəbər verir ki, bu barədə saytımıza şair və jurnalist, ədəbiyyatşünas Əvəz Qurbanlı məlumat verib.
Onun sözlərinə görə, Nəvainin özünün “Xəzain ul-məani” adlandırdığı bu dörd divan – “Ğəraib us-siğər”, “Nəvadir uş-şəbab”, “Bədai ul-vəsat” və “Fəvaid ul-kibər” tarixdə ilk dəfədir ki, Azərbaycan dilinə uyğunlaşdırılır. Dörd divanda ümumilikdə 2645 qəzəl, 158 qitə və müxtəlif sayda digər şeirlər yer alır:
“Üç ildən artıqdır, divanlar üzərində iş gedirdi. Qeyd edim ki, bu, tərcümə deyil, uyğunlaşdırmadır.
Yəni müəllifin əsərləri orijinal çağatay türkcəsindən çağdaş Azərbaycan dilinə tərcümə olunmayıb, sadəcə, uyğunlaşdırılıb.
Bu zaman əsərlərin orijinalının saxlanılmasına maksimum çalışılıb. Azərbaycan oxucusunun başa düşməyəcəyi sözlər və ifadələr aşağıda dipnot (qeydlər) vasitəsilə izah edilib. Bu isə o deməkdir ki, artıq Nəvaini də Füzulini oxuduğumuz kimi çətinlik çəkmədən orijinaldan oxuya biləcəyik. Hesab edirəm ki, Azərbaycan ədəbiyyatı tarixində mühüm hadisə sayıla bilər.
Bu işin əsas ağırlığını öhdəsinə götürən – divanları təshih edən (təshih – bütün nüsxələri incələyərək, ən etibarlı olanlarını seçmək) istedadlı dostum Qulamrza Rəzmiyə gərgin əməyindən dolayı təşəkkürümü bildirirəm. Həqiətən də Qulamrza bəyin işi çox ağır idi. 3 il ərzində sutkada təqribən 15-16 saat çalışmaqla bu iş ərsəyə gəlib. Təsəvvür edin ki, divanların təshihində 70 etibarlı əlyazma nüsxəsi incələndikdən sonra 16 nüsxədən istifadə olunub. Eyni zamanda, Nəvai divanlarının Özbəkistanda və Türkiyədə aparılan təshihlərinə də tənqidi yanaşma ortaya qoyulub. Divanların ön sözü isə Təbrizin görkəmli alimlərindən olan professor Ərgin Əfşara məxsusdur”.
Ə.Qurbanlı qeyd edib ki, dörd divanla yanaşı, bu divanlara ön söz sayıla biləcək daha bir əsər işıq üzü görüb:
“Əmir Kəbir Nizaməddin Əmir Əli Şir Nəvayi: Həyatı, əsərləri, yaradıcılıği və əsərlərinin təshih şivəsi” adlı əsər isə professor Ərgin Əfşarın yardımı ilə yazılıb. Əsər Təbrizdə “Təcəddüd” Nəşriyyatının təşəbbüsü ilə işıq üzü görüb”.
Qeyd edək ki, Təbrizdən sonra “Dörd divan” Bakıda nəşrə hazırlanır. Bakı nəşrinin elmi redaktoru və məsləhətçisi Əvəz Qurbanlıdır.