Mən bəlkə də mininci dəfə belə kövrəlirdim!
Sonuncu bir dəfəsi Şəmşad Ağayla Aslan İlyasovun “Həyati”sinə ikimiz qulaq asanda olmuşdu qeyri-iradi Ağanın ağzından çıxanda: “Bu mahnını bəstələyən, ifa edən Aslanın öldüyü dünyadı e”.
İndi o kövrəlməklik tutdu məni Aşıq Vüqarın “Ceyran”ına rast gələndə: Aşıq Vüqarın öldüyü dünyadı e!
Sonra ardınca ürəyimin bir ayrı yerində köz bağlamış ayrı yarasından qaysaq qopdu: “Aşıq Mahmudun öldüyü dünyadı e!” “İbrahim peşrosu”nu mükəmməl ifadə edən Aşıq Mahmudun. Sonra da “Sevgilim”i oxuyan…
Ürəyimdən keçdi… – o ürəyimdən ki, yazmaq istəyirdim bir az əvvəl: adı çəkiləndə yüzlərlə-minlərlə insanın dəyərini dilə gətirdiyi, rəğbətini çatdırdığı, varlığına ehtiramını ifadə etdiyi qadın(lar)dı Ana(lar). Anamla bağlı statusdan yana yaranan ən xoş duyğular belə mənim kövəlməkliyimin (necəsi məndə qalsın!) “yas çadırı”na büründü.
İstədim uzanam – həzz dəqiqələrinin hüzn dəqiqələrinə qurban getdiyinin acısını yaşamağımda olum, amma… amma… amma… bacarmadım!
Aşıq Vüqar əvvəl özünü xatırlatdı, sonra Aşıq Mahmudu!
İkisini də bircə dəfə görmüşdüm!
Aşıq Mahmuddan yazmağa imkan tapmadım! Aşıq Vüqardan ilk dəfə mən yazdım aşıqlığa başlaması xəbərini-portretini! İlk bilən mən oldum yazarlardan Vüqar Aşıq Mahmudun sazını əlinə alacaq, Aşıq Mahmudun paltarını geyinəcək, Aşıq Mahmudun yolunu gedəcək və Aşıq Vüqar kimi oxuyacaq! Aşıq Mahmud kimi seviləcək, Aşıq Mahmud kimi sevə-sevə oxuyacaq Şirvan gözəlləmələrini, ifa edəcək “peşro”larını!
Aşıq Vüqar təzə başlamışdı oxumağa – fikirləşirdim hələ qabaqdadı illər, ən gözəl yazını yenə mən yazacam ondan!
Beynimi deşdi bu fikir: bircə dəfə gördüyüm bu əziz, bu nur üzlü, bu doğma, şirin, yapışıq səsli gözəl insanlardan nə doyunca dinlədiyim oldu, nə də adam balası kimi sağollaşa bildim!
Aşıq Mahmud vəfat edəndə Moskvada “Üçüncü Azərbaycan”ı buraxırdım Zöhrab Əmirxanlı ilə.
Zöhrab Bakıdan qayıtmalıydı vədəsində – qayıtmadı, bircə bunu dedi telefonda: “Aşıq Mahmud vəfat edib, yubanıram!”
Sağollaşa bilmədim ziyarəti mənə nəsib olmuş bu böyük Kişiylə! Mütləq və lazım idi bu evində çörək kəsdiyinin arvadına tamah salan nadürüstlərin yaşadığı xarabalıqda nəinki dostunun xanımına, hətta məşuqəsinə söz atan birini xurd-xəşil edən el Kişisiylə sağollaşmaq!
Mən Onunla Şıxzərlidə (Şıxzahirli də deyirlər), ocağında görüşmüşdüm: 2001-ci ildə Meysəridən yas yerindən kollektivlə qayıdanda (odur deyirlər ki, yas yerindən hərə öz xarabasına qayıtsın, yolüstü ora-bura dönməsin – bu, ayrı inancdır!).
Nadir hallarda üzü elə nurlu, ağayana, ədalı və qürurlu, mərd və xas kişi görmüşəm!
Moskvadaydım…
Aşıq Vüqar da, Aşıq Mahmud kimi, qəfil və vaxtsız köçəndə… bilmirəm hansı cəhənnəmdəydim: deyəsən, depressiya dönəmim idi, küskün vaxtlarımıydı!
Aşıq Mahmud da, Aşıq Vüqar da dünyadan köçəndə… nə dilimdə, nə beynimdə heç bir söz, heç bir düşüncə sirkulyasiya etməmişdi: tormozlanmışdı ruhum sanki!
İndi, gecənin bu vaxtı, o boyda uzun yolun yorğunluğunda səsləndi içimdə – Aşıq Vüqar diktə elədi: anladım ki, niyə dillənə bilməmişəm, yaza bilməmişəm 20 ildən üzübəri, baxmayaraq arada yazılarımda Aşıq Mahmudun BÖYÜK KİŞİ olmağını nümunə gətirmişəm! Amma bəs nədən yaza bilməmişəm… sualının cavabını tapdım: nə doymağa, nə sağollaşmağa imkan tapmadığım əzizlərim imiş!
Sonra da məni və şəklimi görənlər deyir ki, qocadır ki! Zalım balası, nə dərdlər içimdə səltənət qurmadı!? Nə zərbələr almadım ki!?
YaZmasam, yaTmazdım – yata bilməzdim! Beynimdə sirkulyasiya edən, vücudumu vibrasiyaya gətirən fikirlər-yaşantılar məni bir az daha qocaltsa da gecənin bu vaxtı, sakitləşdim!
Yeriniz cənnət, ruhunuz şad, Allahın və mələklərin yanında yanımızda əziz olduğunuz qədər əziz olasınız, Aşıq Mahmud, Aşıq Vüqar!
Biz sayənizdə… çox rahat… “ceyran” vəsfiylə “sevgilimiz”lə deyişmədəyik!
Yuxu bir də çətin gələ əgər… Aşıq Mahmud “Sevgilim” oxuyursa, əgər Aşıq Vüqar “Ceyran” oxuyursa…
Aslan İlyasovun, Aşıq Mahmudun, Aşıq Vüqarın, onlardan da əvvəl Üzeyir Hacıbəyovun öldüyü dünya… utanıb da ölmür e! Yat indi görüm, necə yatırsan!
Əgər Aşıq Vüqar oxuyursa…
Yanağı al, dodağı bal… CEYRAN
– Məlhəm eylə bu xəstəhal canıma
Ya ruhumu bədəndən al, ceyran!
– Üşüyürsən? Məndən uzaqda gəzmə,
Yeerini ürəyimdə sal, ceyran!
– Yara ancaq yardan gələr tək aman
Gəl, ömürlük yanımda qal, ceyran!
Əgər Aşıq Mahmud “Sevgilim” oxuyursa:
O gün olsun bitirəsən məktəbi
dilə gəlsin qəlbimizin mətləbi…
… gerisi təfərrüatdır!
Şadlıq edin dönə-dönə… əzizlərinizdən doyun və sağollaşmağa tələsməyin, qoymayın sağollaşmamış saxlasınlar!