“Şəhidlərimizi, qazilərimizi, orduya yardım edənləri, arxa cəbhədə bacardığını əsirgəməyənləri, bir sözlə xalqımızı bölməyə, kiçiltməyə hesablanmış ittiham və iradlarınızı saxlayın.”
Müstəqil.Az bildirir ki, bu sözləri “Ümid” Partiyasının sədri İqbal Ağazadə özünün feysbuk səhifəsindəki divarında yayınlaıyıb. Partiya sədrinin bəzi insanlara ünvanlanan iradını olduğu kimi təqdim edirik:
“Kiminsə kimdənsə xoşu gəlmirsə, ya bir köhnə “haqq-hesabı” varsa, onu və ya doğmasını müharibəyə getməməklə şantaj və təhdid edir.
Nədən?
Müharibə könüllülərin müharibəsi deyildi. Prezident qismən səfərbərlik elan etmişdi, könüllü yazılanlar belə səfərbərlik təlimatına uyğun orduya çağırılırdı.
Kiminsə övladı, özü, qardaşı çağırılmayıbsa, onda bir günahmı var?
Şəhidlərimizi, qazilərimizi, orduya yardım edənləri, arxa cəbhədə bacardığını əsirgəməyənləri, bir sözlə xalqımızı bölməyə, kiçiltməyə hesablanmış ittiham və iradlarınızı saxlayın.
Bu, Vətən müharibəsi idi. İlk gündən döyüşə çağırılan da oldu, son gün də. İlk gün şəhid olan da oldu, son günə qədər döyüşüb qazi olan da. Nə edək, indi son günə qədər döyüşüb şəhid olmayanı ittiham edək ki, niyə ilk gün ölmədin?
Müharibə uzansaydı, yəqin ki, çağırılmayanlar da ordu sıralarına cəlb ediləcəkdi.
İnsanlar pul yardımı etdilər, əllərindən gələn nə vardısa, orduya yardım etməyə çalışdılar. İndi yardım etməyənləri tapıb bir-bir cəzalandıraq?
Bu hərəkətlər, ittihamlar, iradlar yersizdir, etməyin. Şəhidimizə, Qazimizə kiməsə irad bildirməklə ehtiram ifadə etməyək. Problemlərinin həllinə, doğru qiymətlərinin verilməsinə çalışaq. Həm də müharibə bitməyib. Erməni kimi qonşusu olan mütləq yenə savaşa cəlb olunacaq. Sıra hamıya çatacaq.
Ataları döyüşməyənin övladları, övladları döyüşməyənin nəvələri mütləq döyüşəcək.
Bir-birimizi sevək, ittiham etməyək.
P.S. Bu ara əslən Füzulidən olan dostum Manaf Ağayevə də irad bildirənlər var idi. Manaf Tovuz hadisələrindən sonra özü və oğlanları ilə birlikdə orduya könüllü yazılanlardan idi. Kim iddia edə bilər ki, Manaf Ağayevin oğlanları və özü orduya çağrılsaydı, imtina edərdi?
Manafı tanıyan kimsə bunu iddia edə bilməz. Çünki illərdir hamı susanda, qaçqınçılıqdan, qaçqından, Qarabağdan danışmayanda Manaf o torpaqlar üçün mahnısı ilə, səsi ilə ağı deyib, ağlayıb. Kimsə onun ifasını bəyənməyə bilər, lakin torpağa bağlı ürəyinə və dəyanətinə heç kim şübhə etməməlidir.
Bəzən Qarabağlıların toyunu Qarabağ naləsi, ahı ilə ağladıb, hər kəsə haralı olduğunu xatırladıb Manaf. Ədalətli olun, ola bilmirsinizsə, susun.
Manaf Ağayev və övladları orduya çağrılsaydı, mütləq gedəcəkdi. Çağırmayıblarsa, bu onun və oğlanlarının suçu deyil.
Lakin Manaf o çətin günlərdə də əlindən gələn yardımı əsirgəməyib, ilk gün səngərə, əsgərlərimizin yanına gedib – gücü nəyə çatıbsa, ordumuzla bölüşüb.”