Kulis.az mərhum yazıçı İkinci Mahmudun dadaizm haqda yazısını təqdim edir.
“Dada” – “heç nə”
Qısa zaman kəsiyində (1916-22) bütün Avropanı silkələmiş, sürrealizmin və postmodernizmin (bəzi tədqiqatçılar dadaizmi postmodernizmin bir mərhələsi hesab edirlər) sistemləşməsinə böyük təkan vermiş, poeziyadan tutmuş rəssamlığa qədər, musiqidən kinoyadək bütün sənət sahələrini əhatə edən dadaizmin üstündən sükutla ötmək mümkün deyil.
Dadaizm haqqında danışacağıq. Hardan və nədən başlamaq haqqında uzun-uzadı düşünməyə dəyməz. Fikrimcə, ən doğrusu cərəyanın adından – “dadaizm” terminindən başlamaqdır. Çünki bu avanqard və bir az da anlaşılmaz sənət cərəyanının mahiyyətini ən yaxşı elə onun adı izah edə bilər. “Dadazim” termini “dada” sözündəndir, “dada” sözünün mənası… Bax əsas məsələ də budur: “dada” sözü heç bir mənanı ifadə etmir. Yazıya cərəyanın adından başlamağımız adicə formallıq xatirinə deyil idi. Qəribə heç nə yoxdur, axı biz irrasionallığı və prinsipsizliyi əsas meyar hesab edən, sənətdə bütün qaydaları, standartları və dəyərləri inkar edən cərəyan haqqında danışırıq. Onlar deyirdilər:
“Dadaistlər özlərində heç bir şeyi, heç bir şeyi, heç bir şeyi ifadə etmirlər və əlbəttə, onlar heç bir şeyə, heç bir şeyə, heç bir şeyə nail olmayıblar.”
Terminin maraqlı yaranma tarixcəsi var. Dadaizmin banisi hesab edilən rumın şairi Tristan Tzara sənət dostları ilə görüşlərin birində “Larous” lüğətini aralayıb əlini təsadüfi bir sözün üzərinə qoyur: “dada”. Budur, cərəyana ad tapıldı! Sonralar Tzara bu termin haqqında yazırdı:
“Bu söz zənci Kru qəbiləsinin dilində “müqəddəs inəyin quyruğu” mənasını verir, İtaliyanın bəzi bölgələrində ananı belə adlandırırlar, ola da bilsin ki, uşaqların oynadığı taxta at deməkdir… Hər halda, nəsə mənasız bir şeydir. Məhz buna görə də öz cərəyanınmız üçün bu adı seçdik”. (T.Tzara “Dadaizm manifesti 1918”)
Necə də dadaistsayağı izahdır!
“Volter” kabaresi
Tədqiqatçılar dadaizm cərəyanının yaranma yeri kimi “Volter” meyxanəsini (“Cabare Volter”) göstərirlər.
“Volter” kabaresi İsveçrənin Sürix şəhərində yerləşir (bu gün də fəaliyyət göstərməkdədir), onu 1916-cı ilə dadaizmin banilərindən biri hesab edilən alman şairi və dramaturqu, esseist və jurnalisti Ball Huqo açmışdı.
Huqo hələ Birinci Dünya müharibəsi başlayanadək Berlin ədəbi prosesində aktiv işkirak edir, “paradoksal şeirlər” ustası kimi tanınırdı. Müharibə başlayanda isə o, İsveçrəyə sığınmalı olmuşdu.
Maraqlıdır ki, Lenin 1916-cı ildə Sürixdə olarkən “Volter” kabaresinə baş çəkmiş, hətta burda özünə bir otaq da kirayələmişdi. Vsevolod Bernşteyn özünün “Lenin və dadaistlər” adlı məqaləsində bir az da qabağa gedərək Lenini dadaist adlandırır. Müəlif bolşeviklərin məşhur “Nə müharibə, nə sülh, ordunu isə buraxmaq!” devizinin dadaizmin təsiri ilə yarandığı iddia edir.
Dadaizm haqqında yazılan bütün nəzəri məqalələrdə “Volter” kabaresi haqqında geniş söz açırlar. Bu, təsadüfi deyil. Dadaist düşüncəli sənət adamları – şairlər, rəssamlar, müsiqiçilər məhz burda toplaşırdılar. Heç şübhəsiz ki, dadaizmin bir sənət cərəyanı kimi ortaya çıxması adicə təsadüf ola bilməzdi (cərəyanın yaranmasını təmin edən tarixi şərait haqqında geniş danışacağıq), amma bununla yanaşı qeyd etməliyik ki, bəlkə də, “Volter” kabaresi olmasaydı, bu avanqarq cərəyanın formalaşması və ya təzahür forması tamam başqa şərtlərlə baş verəcəkdi. Bu, şübhəsizdir.
Huqo sonralar yazırdı ki, “Volter” kabaresini açan zaman “İsveçrədə mənim kimi sadəcə azadlıqdan zövq almaqla deyil, həm də azad olduqlarını sübut etməyə can atan gənclərin olduğuna əmin idim.” Doğrudan da, o kabare qısa zamanda böyük populyarlıq qazandı. Fərqli və azad sənət adamlarının toplaşdıqları avanqard məkana çevrildi. Elə ilk gün – açılış gecəsində dadaizmin banisi T.Tzara öz şeirlərini oxumuşdu, bu, böyük bir hərəkatın, radikal dəyişikliklərin başlanğıcı idi…
Ball Huqo 1916-cı ildə mətbuat üçün yazdığı qısa bəyanatda deyirdi: “ “Volter” kabaresi… Məqsədləri öz sənətlərini nümayiş etdirmək olan bir qrup sənətçi və yazıçı bu adın işığına yığışdı…”
Anti-sənət cərəyanı
Yuxarıda, “Volter” kabaresi haqqında söz açarkən qeyd etdik ki, dadaizmin yaranması birbaşa “Volter”lə bağlıdır. Əlbəttə, bu fikrə ciddi yanaşmaq doğru olmazdı. Məqsədimiz yalnız və yalnız dadaizmin formalaşmasında kabarenin rolunu qabartmaqdan ibarət idi.
Dadazim kimi ciddi sənət cərəyanın meydana çıxması hansısa təsadüfi şəraitdən asılı ola bilməzdi. Ümumiyyətlə, bu və ya digər cərəyanın, hərəkatın yaxud tendensiyanın yaranması ciddi səbəblərlə (ictimai-siyasi vəziyyət, tarixi dövr, iqtisadi amillər vəs.) bağlı olur. Bir sözlə, “dada” sözünün izahı və ya Volter kabaresi haqqında danışmaqla, əslində, dadaizm cərəyanı haqqında elə də çox şey öyrənə bilmərik. Bunların hamısı məsələnin zahiri tərəfləridirlər. Yaxşı olardı ki, dadaizmin meydana çıxmasını şərtləndirən ictimai-siyasi vəziyyət haqqında danışaq.
1914… XX əsrin əvvəli… Yeni sənət növləri yaranmaqda. Bəşəriyyət yeni mərhələyə – sonralar “elm və texnika əsri” adlanacaq dövrə qədəm qoyub. Artıq bəşər övladı kino və ya avtomobil kimi nəhəng, bəlkə də, bioloji fərd olaraq insanın mahiyyətini, cəmiyyətin strukturunu dəyişməyə qadir kəşflərlə tanışdır. Təxminən 10 il əvvəl Rayt qardaşları ilk təyyarələrini havaya qaldırmağı bacarıblar.
Bir sözlə, ilk baxışdan hər şey əladır; bəşəriyyət sürətlə inkişaf etməkdə… Bütün bunlarla yanaşı Yer planeti ilk Dünya müharibəsinin astanasında. (Hələ “dünya müharibəsi” anlayışı yaranmayıb)
1914-cü ilin yayında hersoq Frans Ferdinandın qətlə yetirilməsi Birinci Dünya müharibəsinin başlaması üçün qığılcım rolunu oynayır. Əslində, bəşəriyyət çoxdan bu müharibəyə hazır idi. Tezliklə bütün Avropa, Şimali Afrika, Yaxın Şərq amansız döyüş meydançasına çevirilir. Yüz illər boyu yaradılmış memarlıq nümunələri, sənət əsərləri məhv edilir. Yoxsulluq və səfalət bütün Avropanı cənginə keçirir. Avropa cəmiyyəti sanki uzun illər idi, bu müharibəni səbirsizliklə gözləmişdi. Müharibəyə etiraz etmək əvəzinə insanlar böyük həvəslə öz övladlarını ölümün görüşünə yola salırdılar.
Bir yanda ölməz sənət əsərləri yaradan insan oğlu, o biri yanda bu sənət nümunələrini ibtidai bir vəhşiliklə dağıdan (və ya dağıtmağa hazır olan) insan… Bu ki ikiüzlülükdür, riyakarlıqdır! Görəsən, insan oğlu hansı halında daha səmimidir: yaratmaq arzusundamı, yoxsa dağıtmaq ehritasındamı? Əgər XX əsrdə də insan öz vəhşi xislətinə sadiqdirsə, bəs onda sənət nə üçündür? Sənət nəyə xidmət edir? Bəkə, ümumiyyətlə, sənət lazım deyil?! Bəlkə, bütün bu fəlakətlərin səbəbi elə sənətdir?
Dadaizm məhz bu ruhi vəziyyətin məhsulu kimi çıxdı ortaya. Dadaizm bu absurda etiraz idi; baş verən vəhşiliklərə sənətin reaksiyası idi.
Təsadüfi deyil ki, bəzən dadaizmi solçu hərəkat kimi də xarakterizə edirlər. Dadaistlər, doğrudan da, kapitalizmə nifrət bəsləyir, bu mənasız savaşı – bu absurdu kapitalizmin məhsulu hesab edirdilər. Və etiraf edək ki, bu, doğrudan da, belə idi…
Müharibənin viran qoyduğu ölkələrdə etirazçı gənclər yetişirdilər. Onlar bütün bu fəlakətlərin səbəbini ənənəvi sənətdə, daha doğrusu, sənətin mənasında görürdülər. Müharibə uzandıqca etirazlar daha da kəskinləşir, daha da radikallaşırdı. Dadaizm Avropa cəmiyyətinin, hələ ağlını ititməmiş Avropa cəmiyyətinin Birinci Dünya müharibəsinə etirazı kimi meydana gəldi. Belə vəziyyətdə ən yeganə çıxış yolu qaçmaq idi: absurdun tərkib hissəsinə çevrilməmək üçün qaçmaq lazım idi. Müharibənin çatmadığı bircə ölkə var idi – İsveçrə.
Avropanın müxtəlif yerlərindən İsveçrəyə pənah gətirmiş şair və yazarlar, rəssam və musiqiçilər Ball Huqonun “Volter” kabaresinə yığışmağa başladılar. Onları bu fikir birləşdirirdi:
Bütün müharibələrin səbəbkarı sənətdir, sənətin mənasıdır! Sənətdə heç bir prinsip, dəyər, norma, məna ola bilməz! Rədd olsun məntiq! Rədd olsun bütün mənalar, norma və qaydalar, dəyərlər və prinsiplər! Yaşasın mənasız sənət!
Beləliklə, yeni cərəyana yarandı. Cərəyana ad tapıldı. Dadaizmin qurucuları arasında Tristan Tzaranın, Ball Huqonun, Marsel Düşamın adı xüsusi qeyd edilir.
Əlbəttə, biz bu yazıda dadaizmi tam mənada şərh edə bilməyəcəyik. Bu, mümkünsüzdür. Dadaizm rəssamlıqda, dadaizm poeziyada, dadaizm müsiqidə, dadaizm teatrda – bunların hamısı ayrıca araşdırma mövzusudur. Ona görə də sadəcə dadaizmin meydana çıxmasını şərtləndirən tarixi vəziyyətin mənzərəsini yaratmaqla kifayətlənməli olduq.
Qeyd etdiyim kimi dadaizm, bir növ, etiraz forması olaraq ortaya çıxmışdı. Dadaistlərin əsərləri provakasiya xarakteri daşıyırdı. Sanki, onlar ənənəvi sənətə meydan oxuyurdular. İnsanları qıcıqlandırmağa çalışırdılar. Bu, yuxulu adama vurulan sillə effekti verirdi.
Onlar deyirdilər, dadaizm sənət deyil, dadaizm anti-sənətdir!
Dadaizm sənətə etiraz idi; anti-sənət idi, lakin işə bax ki, biz bu gün dadazim haqqında sənət cərəyanı kimi söz açırıq.
“Provakasiya” sözündən istifadə etməyim təsdüfi deyil. Məsələn, 1917-ci ildə təşkil edilmiş bir sərgidə fransız rəssamı, dadaizmin və sürrealizin nümayəndəsi Marsel Düşam sənəti əsəri adı ilə adicə bir unitaz nümayiş etdirmişdi. Bütün Avropa sənət aləmi bir-birinə dəymişdi. Düşam çox-çox sonralar müsahibələrinin birində deyirdi: “Qabaqlarına bir unitaz qoydum, ərinmədən illərlə bunu müzakirə etdilər…”
Dadaistlər bütün sənət sahələrini olduğu kimi, poeziyanı da ənənədən, vəzn və ölçüdən, qafiyə və mənadan xilas etməyə çalışırdılar. Dadaist şeir yazmağın metodu da müəyyən edilmişdi:
“Bir qəzet alın,
bir qayçı götürün.
Bu qəzetdən yazmaq istədiyin şeir uzunluğunda bir məqalə seçin.
Məqaləni qayçı ilə bərabər parçalara bölün.
Sonra hər bir sözü kəsib götürün.
Bütün sözləri bir torbaya töküb ehmallıca qarışdırın.
Sonra hər bir sözü bir-bir, sıra ilə torbadan çıxarıb yan-yana düzün.
Onları olduğu kimi vərəqə küçürün.
Şeiriniz sizə bənzəyəcək…”
Sənəti çirklənmiş hesab edən dadaistlər çıxış yolunu onu məhv etməkdə görürdülər. Daha doğrusu, onlar cəmiyyəti yüz illər boyu formalaşmış “sənət müqəddəsdir, sənət safdır” mifindən xilas etmək arzudunda idilər. Dadaistlərə görə sənət kirlidir.
İnsan oğlu öz vəhşi xislətini sənət əsərlərinin yalançı parıltısı altında gizlədir; sənət insan oğlunun vəhşi sifətini gizlətməyə xidmət edir. Bu mənada, bütün faciələrin birbaşa səbəbkarı elə sənətdir, ənənəvi sənət anlayışıdır. Ona görə də o, məhv olmalıdır.
Bircə yol var: ənənəvi sənətin qaydalarına boyun əyməmək, onun normalarını darmadağın etmək, bütün mənaları inkar etmək. Bəli, ola bilsin ki, bu dəlilik idi. Bəs ənənəvi sənətin parlaqlığı aldında öz əsl simasını gizlədərək bir-birinə düşmək kəsilən, hansısa mənəsız ideya uğrunda bir-birinin qanına susamış insan oğlu axmaq deyilmi?!
Əlbəttə, bu məqalədə dadaizmi tam mənada şərh etmək mümkün deyil – bunu yuxarıda da qeyd etdik. Bu yazı dadaizmlə ümumi tanışlıq xarakteri daşıyır. Etiraf etməliyəm ki, məsələn, “dadaizm teatrda” və ya “musiqidə dadaizm” mövzusuna toxunmağa nəzəri biliklərim imkan vermir. Bu haqda teatşünaslar, musiqişünaslar yazmalıdırlar. Dadaist pozeziya haqqında qısa da olsa, danışdıq. “Dadaizm təsviri sənətdə” mövsuzuna ötəri də olsa, toxunduq. (Məqalənin sonunda bəzi nümünələrlə tanış olacaqsız)
Məncə, yazını elə burdaca yekunlaşdırmaq olardı. Amma istərdim, bir məsələyə də toxunum. Söhbət “Əndəlüs köpəyi”( “ Un Chien Andalou” – “Əndəlüs küçüyü”) filmindən gedir. Düzdü, bu filmi dadaist sənətə aid etmirlər, amma bir həqiqət də var ki, film öz mənasızlığına (zəruri qeyd: biz “mənasızlıq” deyərkən intellektual və ya məqsədli mənasızlığı nəzərdə tuturuq) görə dadaistik sənəti çox xatırladır.
Bu təəccüblü deyil, məsələ burasındadır ki, filmin yaradıcılarından biri – sürrealizmin ən parlaq nümayəndəsi hesab edilən ispan rəssamı Salvador Dali dadaistlərlə yaxın ünsiyyətdə idi. Tez-tez Volter kabaresinə baş çəkirdi. Şeir gecələrində iştirak edirdi. Bundan əlavə, əvvəldə də qeyd etdiyim kimi sürrealizmin bir sənət cərayanı kimi sistemləşməsində dadaizm hərəkatın böyük rolu olmuşdur. Sürrealizmi, müəyyən mənada, dadaizmin davamı, yeni forması da hesab etmək olar.
1929-cu ildə çəkilib. Film Sanvador Dalinin və fransız rejissoru Luis Bunuelin yuxuları əsasında ekranlaşdırılıb. Yetərincə ekperimentaldır. Unutmamalıyıq ki, biz 1929-cu ildən danışırıq və fikrimcə, o zaman belə bir film çəkmək üçün böyük cəsarət tələb edilirdi. Film, ümumiyyətlə, süjetsizdir, hadisələri bir-biri ilə bağlayan heç bir detal yoxdur, xronoloji ardıcıllıq gözlənilmir.
Elə isə bəs bu filmi sənət tarixi üçün maraqlı edən nədir? Məsələn, film bir kişinin (bu rolu Bunuel oynayıb) bir qadının gözünü ülgüclə çərtdiyi səhnə ilə başlayır. Bax bu artıq yenilik idi. Şübhəsiz ki, bu film kino sənətinin inkişafında mühüm rol oynamalı idi. Bu film rejissorları səbəstliyə, ənənəçilikdən xilasa, daxili azadlığa səsləyirdi.
“Dadaistin nəğməsi”
Bir dadaistin nəğməsi
Qəlbi dadayla dolu
Motoru qızdırdı
Qəldi dadayla dolu…
Dayanmadan şokolad tıxışdırın
beyninizin pasını təmizləyin.
Sonra da üstündən su için…
(Tristan Tzara (1896-1963), dadaizmin banilərindən biri, rumın-fransız şairi)
“Tiki”
Dənizlərə qarşı sevirəm səni,
qırmızı yumurta kimi yaşıl olduğun zaman…
Məni düzlüyə aparırsan.
Əllərin bildirçin kimi yumşaq…
Məni qadının qarnına qısırsa,
sədəf rəngli zeytuna dayarmış kimi
Məni sahmana salırsan,
yatağa
uzadırsan
Yaşanmışlara baxaraq
əvvəl və sonra
kauçuk göz qapaqlarının altından.
(Ande Breton (1896-1966), fransız şair və yazıçısı, sürrealizmin nümayəndəsi)