“Nə olsun gözünün yoxdur yuxusu, Taleyi ilboyu yatar adamın…”- Süleyman Abdulla…

Müstəqil.Az tanınmış ,sevilən şair Süleyman Abdullanın şeirlərini təqdim edir:

 

ALLAH KƏRİMDİ…

…Kiridərik,
demişiksə,
Ağlamaq tutan Kərimi…
Yerdə dərya, göydə bulud,
Adladıb sudan Kərimi.

Fərəhində dərdi gizlə,
Haqq aradıq nahaq izlə.
Nərd oynayıb bəxtimizə
Həmişə udan Kərimi.

Bir gün yoxuq, beş gün varıq,
Qəlbi kiçik, gözü darıq.
Yerdə göyə tapşırarıq,
Bizi unudan Kərimi…

 

 

Gedərəm

Göyə səpələrəm dualarımı,
Gözlərəm, müstəcəb olar, gedərəm.
Narın çisək yağar, bulud rəngində,
Tutaram ovcumu, dolar, gedərəm.

Torpaq gözlərimdə həsrət lək aça,
Gərək qış sinəmi boz külək aça.
Bir fidan əkərəm, ağ çiçək aça,
Bir qara yaz günü solar, gedərəm.

Olaram səhrası saat qumunun,
Küsüsü ağırmış yüngül umunun.
Dodağı çatlasa ümid tumunun,
Cücərən zoğları yolar, gedərəm.

Ürəyi yuxayam, əyni saya mən,
Açıram sirrimi hərdən aya mən.
Sənsiz ki, gəlmişdim bu dünyaya mən,
Sənsiz də gedərəm, nolar, gedərəm.

 

 

ƏLÇATMAZLIQLARIN ŞEİRİ

Haralardasa…
təqribi…
təxmini…
…heç nəyi gözəyarı ölçmək olmur ey,
Fikirlərini cəmləşdirə biləcəyin bir məqam yox,
bir məkan yox…
ya uzaqdan,
ya yaxından gələn yorğun bir səs…
ulartımı, hıçqırtımı, pıçıltımı…
havanı dinşəmək mənasızdır,
uzaqlar o qədər uzaq ki,
dərinliklər o qədər dərin ki…
ən yaxın dayazlıqlarda külək iniltisi…
adamın gözlərinin içində yırğalanır yovşanlar,
fikirlərin dalğalarında ilğımvari bürkü…
təngnəfəs boşluqlar…

Şər vaxtı üzü axşama,
bir ovuc su tələsir ulduzları axıtmağa,
süd yoluna hələ çox var gecəyarı…
Adam səsindən tərk edilir yalquzaqlığa…
ən azı,
neçə-neçə işıq ili məsafə var arada
sənsizliyə bürünmüş
rəngi solğun pəncərə çərçivəsi.
Niyə üfürürsən göy üzünü,
ümid kimidir bədirlənmiş ay
sönməsi mümkün deyil nəfəsinə…
Ağac siluetləri sükuta qərq olmuş
yarpaqların xışıltısında
hardasa bir dələ ceviz görür yuxusunda.
yulğunların dibindəki şaqqıltılar
unudulmuş serenadasıdır mayböcəklərinin
oxunur sübhəcən…

Biz yönü sabaha dayananlardanıq,
yol haraya gedir-getsin, özü bilər.
Ürəyimizdəki ağrılar,
gözümüzdəki həsrət,
ruhumuzdakı ayrılıq bizimlədirsə,
sona hələ çox var demək…
Əllərimin soyuq olmağına baxma,
istidir ürəyim…
sübh şehində baxışlarım dona bilər,
amma nəfəsim deyil…
can kimi çıxar adamın ağzından buxar,
üfüq boyu boz duman…
sənə çox var hələ,
hesablamaq olmur
aradakı məsafəni, vaxtı, incikliyi…
təxmini,
təqribi…
haralardasını…

 

 

ÖMÜR DEDİKLƏRİ…

Sənə nə fərqi var hansı fəsildir,
Yarpaqmı açılır, xəzəlmi yağır.
Bu zaman, bu dövran sənin deyilsə,
Günəşmi tutulur, buludmu axır;
Sənə nə fərqi var, bu il nə ildir!

Yadına gəlirmi, bir yaz günüydü,
Gözləri gülürdü göyün şən vaxtı.
Vardı fidanların yaşıllaşdığı,
Vardı çiçəklərin tökülən vaxtı;
O gün bu dünyanın bəyaz günüydü.

Səadət yağırdı hər yana nur-nur,
Gözəllik doluydu onda hər tərəf.
Səsi şaqraq idi qaranquşların,
Aran köç edirdi dağlara səf-səf;
Sevinc bəxş edirdi insana nur-nur.

Adamın təntiyən vaxtları olur,
Halınmı qalmışdı bir quru səslik.
Birdən elə düşər dəli istilər,
Kəsər amanını təngnəfəslik;
Baxarsan, yol yarı, can yarı olur.

Qəfil büdrəyərsən ayaq izindən,
Yollar balağına bir də tən olmaz.
Çöllərdə qalmaq da başqa bəladır,
Sevdiyin yurd-yuva, el, vətən olmaz;
Boğaza yığılar düz-dağ izindən.

Qıyarsan gözünü, yox, tanımazsan,
Sənə səlbə atan uşaq kimindi.
Əlinə-ovcuna baxarsan, heç nə,
Meyvəsi tökülən o bağ kimindi;
Özünü…
özünü…
yox, tanımazsan!

Sonra baxarsan ki, hər yan dümağdı,
Gündüz çox gödəlib, gecə çox uzun.
Bağlıdır üzünə süd yolu daha,
Düşdü yalavıyıb tale ulduzun;
…Sonra başın üstən ağ bulud axdı…

 

ADAMIN

Səssiz ağrıları heç kim eşitməz,
Harayı içində batar adamın.
Nə olsun gözünün yoxdur yuxusu,
Taleyi ilboyu yatar adamın.

Baxmaz ağ saçına, qara yaşına,
Həyat zəhər qatar çox vaxt aşına.
Qadası-bəlası mənzilbaşına,
Qismətindən öncə çatar adamın.

Tökər sərt qayadan sinə dağını,
Yaşadar ömrünün qəza çağını.
Yığar, buxovlayar əl-ayağını,
Başını dərd ilə qatar adamın.

Sən bircə Tanrıdan əlini üzmə,
Çoxdu gülməşəkər, dodağıbüzmə…
Varsa da güvənmə…
yoxsa da küsmə,
Səni bir quruşa satar adamın.

Namərd na ar bilər, nə ayıb elə,
Xəyanət etməyə vaxt sayıb elə…
Daşın qarasını qovzayıb elə,
Qəfil arxasınca atar adamın.

 

Müstəqil.Az

Share: