Nə olsun ürəyin sümüyü yoxdur   Amma qırılanda, elə qırılır

Nə olsun ürəyin sümüyü yoxdur    Amma qırılanda, elə qırılır

 Vüsal HƏBİBLİNİN yeni şeirləri

Könüllü könülsüz

Cammahat daş atdı, mən dilə tutdum ,

Sovrula qoymadım tək əllə tutdum.

Dərdini dinlədim çün belə tutdum,

Deyəsən bilmədən üzdüm  dünyanı,

Könüllü, könülsüz gəzdim dünyanı .

 

Görmədim gəzdiyim yerdə ədalət,

Xeyirdə ədalət, şərdə ədalət .

Hər kəsi salıbdı dərdə ədalət.

Kənardan eləcə  sezdim dünyanı,

Könüllü könülsüz gəzdim dünyanı.

 

Kini küdurəti dostluq qaldırıb,

Ələm təlatümün boşluq qaldırıb.

Bir zaman bezəcəm,  yumruq qaldırıb,

Görərsiz başından əzdim dünyanı ,

Könüllü könülsüz gəzdim dünyanı.

 Sonunu gətir

Anaya məhəbbət tükənməz- bitməz,

Yolunda ölsəndə borcuna yetməz.

On bibi, on xala bir ana etməz,

İstəsən onlardan onunu gətir.

 

İnsanlar olsaydı insan donunda,

Yamaq görünməzdi vicdan donunda.

O qədər iblis var şeytan donunda,

Get mənə şeytanın donunu gətir.

 

Fələk amansızdır hec nə itirmir,

Xoşbəxtlik adında rövzə bitirmir.

Onsuz baş qulağım səs- küy götürmür,

Mənə sakitliyin fonunu getir.

 

Yenə məsum gözü yaş alıb gedir,

Ürəymin başını daş alıb gedir.

Bu qədər haqsızlıq baş alıb gedir,

İlahi dünyanın sonunu gətir,

İlahi dünyanın sonunu getir.

                 Qırılır…

 

Baxma ki, sağlamdır, əziyi yoxdur.

Mənim hec bəxtimin üzüyü yoxdur.

Nə olsun ürəyin sümüyü yoxdur

Amma qırılanda, elə qırılır.

 

Güllərin üstündə tikan qırılır,

Təravət həzzindən hər an qırılır.

Həyatdan soruşsan insan qırılır?

Qırıb göstərəcək, belə qırılır.

 

Gülmə nimdaşıma, gülmə mazutuma,

Nə dəlil taparsan, əsrar sübutuma.

Güvən vəzifəyə, amma unutma,

Dağ boyda ağaclar selə qırılır.

 

Ey həyat, halıma ağla özündə,

Bağladın gözümü, bağla özündə.

Nə sözün vardısa, saxla özündə,

Toxunma qəlbimə, hələ qırılır.

 

Allahın işinə qarışmıram ki

 

Dünyanı vəfasız bilib gedəcəm,

Gedəndə həyata gülüb gedəcəm.

Nə bilim nə vaxtı ölüb gedəcəm,

Ölümlə üz-üzə baxışmıram ki.

 

Yolumu salıram sənətkarlardan,

Nigaran qalıram sənətkarlardan.

Qiyməti alıram sənətkarlardan,

Çürük dayaqlardan yapısmıram ki.

 

Həyata açılsın gözün deyirəm,

Yəni gör bunları, özün deyirəm.

Vallah nə  deyirəm, düzün deyirəm,

Sizi aldatmağa çalışmıram ki.

 

Vətən eşqi olsun gərək canında,

Şəhid mövludunda, ol ünvanında.

Şəhidimin yasında, qazi yanında,

Evimə,  eşiyimə yığısmıram ki.

 

Çox sözlər yazacam hələ zamanan,

Dad , fəryad edirəm elə zamanan.

Ürəyim açılmır belə zamanan,

Bu geniş dünyaya sığışmıram ki.

 

Adam var adamı peşman eyləyir,

Bir ömür keçilməz nöqsan eyləyir.

Heyvan etmədiyini insan eyləyir,

Düzdü də, yalanan danışmıram ki.

 

Fələk qiyamətin qəliz tutacaq,

Nə söz anlayacaq, nə söz tutacaq.

Nə bilim, cənnətə kim üz tutacaq,

Cənnət mələyi ilə yazışmıram ki.

 

Millətin dərdindən danışıram da,

Düzəlsin zəmanə calışıram da.

Bəndənin işinə qarışıram da,

Allahın işinə qarışmıram ki

Share: