Nə qədər lütsənsə, bir o qədər intellektualsan

Nə qədər lütsənsə, bir o qədər intellektualsan

Aqşin Yenisey

Azərbaycana qayıtdığım gündən tez-tez soruşurlar: Türkiyə cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasında hansı oxşarlıqlar və fərqlər var? Həm fərqlər, həm oxşarlıqlar o qədərdir ki…

Məsələn, Türkiyəyə bolşevizmin küləyi dəyməyib, yəni türk toplumu Nazim Hikmətə icazə vermədi ki, orada kolxoz hökuməti qursun. Türkiyə ənənəvi kapitalizm ölkəsidir və bu gün bu ölkədə varlanmağın yolu intellektual əməklə məşğul olmaqdan keçir. Universitet bitirməyən adam bu ölkədə milyoner olmaq şansından məhrumdur. Hə, bir də fitri istedad sahibi olmalısan. Məsələn, dana ətindən tort bişirə bilməlisən.
Türkiyədə varlı təbəqə kitab əhlidir.
Bizdə tam əksinədir; kitab oxuyanlar itə də bir çörək borclu bir həyat yaşayırlar. Azərbaycanda kitab oxumaq kasıblıq səbəbi kimi göstərilir. Kitab oxuyanlar da, sanki boyunlarına qoyulubmuş kimi həqiqətən kasıblığa meyilli olurlar: nə qədər lütsənsə, bir o qədər intellektualsan!
Türkiyədə “Qaribanizm” deyə bir söz var. Mənası, yetimliyin, vələmyesirliyin, ləlöyünlüyün öyülməsi və bundan fayda umulması deməkdir. Yetimlik tanrının imtahanıdır, bəh-bəh-bəh! Yəni yetim birbaşa tanrının nəzarətindədir və tanrı ona görə yetimi acından öldürür ki, ona veriləsi mükafatı var. Hər nə qədər atiest quruluş olsa da, bolşevizm bu düşüncəni tərənnüm edirdi. Çox oxumaq və pis yaşamaq!
Türkiyənin bizdən fərqli yanı çox oxuyanların yaxşı yaşayanlar olmasıdır.
Bu gün nə yaxşı ki, Azərbaycanın bir çox gənci də ömürlərini tükənən təbii sərvətlərin əlçatanlığına bağlamırlar. Artıq azərbaycanlı gənclər, sözün əsl mənasında, elm dalınca Çinə belə gedirlər. Bu da onunla əlaqəlidir ki, müasir dünyanın həqiqi milyonçularının çoxu elmi texnoloji sahənin mütəxəssisləridir. Hacı Zeynalabidin milyonerliyi dövrü bitdi. Elm-texnoloji inkişaf yaxın gələcəkdə yüzlərlə yeni peşə sahələri vəd edir. Bu da elmə dəyər verən ölkələrdə minlərlə yeni iş yerləri deməkdir. Məsələnin ən qanqaraldıcı tərəfi odur ki, bu gün oxumaq üçün yad ölkələrə gedən gənclərin çoxu ölkəsinə qayıdanda ixtisasına uyğun iş yeri tapa blməyəcək. Yəni İsrail universitetində gen mühədisliyi ixtisasına yiyələnən gənc Azərbaycana qayıdıb harada işləyəcək? Ya biz gərək ona ixtisasının dəyərində maaş verib universitet müəllimi işləməsinə nail olaq, ya da təkcə onun üçün bir iş yeri açaq. Hər halda düşünürəm ki, bu məsələ ilə indidən maraqlanmaqda fayda vardır.
Bundan ötrü Azərbaycan da, ən azı, Türkiyə qədər universitetli cəmiyyət olmağa can atmalıdır. Universitetli cəmiyyət nədir? Universitetli cəmiyyət odur ki, orda universitetlər tələbələrə yalnız mühazirə oxumaqla işlərini bitmiş hesab etmirlər, universitetlər cəmiyyətin həyatında da öz bilikləri ilə iştirak edirlər. Məsələn, Türkiyədə hansısa bir hadisə baş verir. Müzakirəyə və doğru qərarlara ehtiyac var. Hər telekanalın, yaxud qəzetin özünün əməkdaşlıq etdiyi universitet professorları, elmi işçilər var. Baş vermiş hadisə bu adamlarla müzakirə olunur mediada. Yəni universitet bir növ cəmiyyəti də məlumatlandırır, bilgiləndirir.  Bizim ciməyyətdə də belə bir mühitin yaranmasına ehtiyac var.
Elm olmayan yerdə mövhumat tez çiçəkləyir.
İntellektual mühit dinin özünün də dəyişməyə məcbur edə bilir. Məsələn, xristianlıq heç də öz istəyi ilə yenilənmədi, onu buna məcbur etdilər. Əgər Vatikana axan vergilərə görə narahat olan alman hersoqları Martin Lüterin reformist ideyalarını dəstəkləməsəydilər, Avropada çox güman maarifçilik hərəkatı da yaranmayacaqdı. Düzdür, Avropa maarifçilik hərəkatının yaranmasında başlıca rolu XV əsrdə vəba epidemiyası oynadı, ancaq insanın kainatın mərkəzinə gətirlməsi intellektual əməyin nəticəsi idi.
Ən allahmərkəzli ölklələrdən biri olan ABŞ özü də dindarlığın önünə bütün dünyanın gözü olan məşhur universitetləri ilə çıxır. Riçard Doukinz “Tanrı illüziyası” kitabında yazır ki, Amerikaya köçən ilk avropalı xristianlar yeni qitəyə inkivizisiyası, “cadugər ovu”, “cənnət qəbzləri” olan xristianlığı aparmadılar, sadəcə, tanrını onun içindən sıyırıb özləri ilə götürdülər. Amerikaya köç ənənəvi xristianlığa müxalif olan fikirlərin meydanını genişləndirdi və nəticədə qurucuları ateist olan ABŞ dövləti yarandı. Yəni dindar avropalılar “yeni torpaqlarda” atesit dövlət yaratdılar.
ABŞ-da universitetli cəmiyyətdir: Universitetlər araşdırır, izah edir, tapır, qadağa qoyur və s. Bu yaxınlarda psixoloq yardımına ehtiyacı olan bir adamla qarşılaşdım. Qarnının ağrısını dinlədikdə, gördüm ki, adamın problemi psixoloji deyil, sosiolojidir. Yəni onu Freydə yox, Drukheymə aparmaq lazımdır.
Azərbaycanda psixoloqların sayının çox olmasının səbəbi də sosioloqların sayının heç olmamasıdır.
Unversitetli cəmiyyətdə belə bədbəxtlərə nadir halda rast gəlmək olar.
Sonda yalnız bir ünvanı təkrarlamaq istəyirəm: Universitet, universitet, universitet…
Qardaş ölkə ilə ən böyük fərqimiz bu!
Share: