“Nə qaldı haqq anına”?!! “Uzaqların adamı” bilir bəlkə …

“Nə qaldı haqq anına”

Rüstəm BEHRUDİ

Üşüyürəm… Tanrı dağlarında göy türk çadırlarına qar yağır indi.
Çin ilə sərhəddə bütöv bir ordu ilə təkbaşına vuruşan bir göy türk əsgərinin yaralarından qan süzülür misralarıma.
Kərkük qan ağlayır, Krım can üstədir, qaqauzlar əsir düşüb, başqırdlar qəfəsdə, karaimlər yad ellərdə, 30 milyondan çox uyğur Çində cəhənnəm əzabında, İstanbuldan Diyarbəkirə qədər uzanan məzarlıqlarda 25 min şəhidin qanı soyumayıb hələ. Bir sirli, görünməz əlin işarəsi ilə özbək məhsəti türkünə, qırğız-özbəyə qənim kəsilib. Türk dünyasının başı Türkiyə bölünmək, federallaşmaq təhlükəsi qarşısında…

Bölünə-bölünə yox olan sevgili bir yurd… Sevgili bir yurd hər gecə-hər gecə yuxularımda.

Hər gün şəhid verir qanıyla suvardığı torpaqda türk milləti.
Qarabağ “qara yara”dı Azərbaycanın bətnində.

Düz 1400 ildir tuğ və bayraqlarımızdan Boz Qurd boylanmır döyüş yollarımıza. Boz Qurd yalquzağa çevrilib daha.
Əsrlərdi, qərinələrdi Oğuzun, Metenin, Bilgə Xaqanın, Gürşadın, Atillanın, Əmir Teymurun uçulub-dağılmış balbal daşları son döyüşdən şad xəbər gözləyə-gözləyə qalıb.

Təbrizin, Tehranın, İsfahanın, Urumçinin, İstanbulun həbsxanalarından nigaran-nigaran boylanan qəhrəmanlar imdad gözləyir bizdən.

İran-Turan savaşının qılınc və nizələrinin əks-sədası hələ də qulaqlarımdadır.
Əsatirləşən, mifikləşən İran-Turan savaşlarından İran qaldı, Turan yoxdur. İran varsa, Turan da olacaq.
Kim nə deyir desin – dünya düşmənimiz, bir dostumuz yoxdu bizim.

Bu milləti öymək yox, sevmək gərəkdir.

Sevgili oxucum! Sevgili türk gəncliyi! Bu kitabı Əli bəy Hüseynzadənin, Ziya Göyalpın, İsmayıl bəy Qaspıralının, Yusif Akçuranın, Zəki Vəlidi Toğanın, Nuru Paşanın, Osman Baturun, Mustafa Kamal Atatürkün, Məhəmməd Əmin Rəsulzadənin, Nihal Adsızın, Alparslan Türkeşin, Əbülfəz Elçibəyin və türklük savaşında can qoymuş adsız qəhrəmanların ruhuna dua kimi yazdım. Oxu və türk millətinin böyüklüyünə baş əy. Baş əy və anla ki, bu gün böyüklüyündən edilmiş, ucalığından endirilmiş bu millətin sənə ehtiyacı var.
Türklük savaşında sıra nəfəri olmaqdan böyük xoşbəxtlik yoxdur yer üzündə!

And olsun Tanrı dağa,
Ota, gülə, yarpağa,
Turan qalxıb ayağa,
Qılınclar qına gəlməz!

Qəzanız mübarək olsun!

PS-noto.com

Share: