Nə zamansa bu nişanda bir atam vardı

Nə zamansa bu nişanda bir atam vardı

Müstəqil.Az Fəxri Uğurlunun “Poeziyamızda psixoloji portret janrının mükəmməl örnəyi haqqında” adlı yazısını təqdim edir.

 

…Liftin qapısı açılanda altı-yeddi yaşlı bir oğlan uşağı böyrümdən sivişib özünü içəri təpdi. Neçənci mərtəbəyə çıxdığını soruşub düyməni basdım. Kimin balası olduğunu xəbər alanda anasının adını çəkdi. Dedim, bəs atan kimdir? Qayıtdı ki, atamdan ayrı yaşayırıq, buna görə də onun adını bilmirəm.

Ürəyim sinəmdə kəfkir kimi yırğalandı, beynimə qatı duman gəldi. Müvazinətimi itirməmək üçün istinad nöqtəsi axtaranda Əli Kərimin bir şeiri dadıma çatdı. Oradakı ata obrazının ətəyindən yapışıb, şeirin misralarını müqəddəs bir mətnin ayələri kimi zikr eləyə-eləyə canımı sürüyüb içəri saldım.

Məndən olsa, atalıq institutunun ciddi böhran keçirdiyi bir zamanda bu şeiri aşağıdan-yuxarı bütün siniflərin dil-ədəbiyyat dərsliklərinə salardım…

***

“Atamın xatirəsi” (1959) milli poeziyamızda psixoloji portret janrının mükəmməl örnəyidir. Şeirin canında bir sanballı romanın şirəsi var. Bəlkə də, bəlli dövrlərdə “Qaytar ana borcunu” şeirindən daha populyar olub, ancaq populyarlıq əsas şərt deyil. “Qaytar ana borcunu” sosial-publisistik məzmunlu şeirdir, oradakı mətləbi bir qəzet məqaləsində də ifadə eləmək olardı (əlbəttə, mənzum formada deməyin effekti ondan qat-qat artıqdır), fəqət o biri şeir haqqında bu hökmü vermək olmaz.

Əli Kərimin yaratdığı xarizmatik ata obrazı Azərbaycan mentalitetinin dərin laylarından püskürüb. Bu obraz ümumbəşəri Tanrı-ata arxetipinin milli donda zühurudur. Şeirdəki ata o zabitəli atalardandır ki, onun zəhmi, nüfuzu ailə nizamını qoruyurdu, o nizamın keşiyində duran ana balalarını ata cəzasıyla qorxudurdu, atanın bir sərt baxışı yoldan azmağa meylli övlada şəriətdən, qanundan, polisdən, prokurordan çox əsər eləyirdi. Sovet vaxtı bu nizam xeyli sarsılmışdısa da, özünü imperiyanın sonuna birtəhər çatdıra bilmişdi. Sonra o nizam yavaş-yavaş pozuldu, ardınca cəmiyyət gözgörəti bir templə matriarxata doğru irəliləməyə başladı. Allah bundan betərindən saxlasın!..

Klassik poeziyada ata göyə, ana yerə bənzədilir. Göylərin qarı, yağışı, günəşi yer üzünü dölləndirir, Göy Atadan hamilə qalan Torpaq Ana xeyir-bərəkət doğur, hərçənd göylərin qəzəbi hərdən yeri yandırır da. Qəzəb göyə, həlimlik yerə yaraşır, qəzəbli göy gurultusu torpağı mayalandıran bərəkətli yağışın, bol məhsulun müjdəçisidir. İki dünyanın birliyindən min-min varlıq vücuda gəlir, o dünyalardan biri olmasa, o biri heç nəyə yaramaz. O dünyalardan biri olmasaydı, həyat dediyimiz bu tarla Əli Kərim kimi parlaq bir istedadı da yetirə-bitirə bilməzdi.

Bu dünyanı yaradan iki qütblü yaradıb: müsbət-mənfi, ağ-qara, isti-soyuq, yer-göy, erkək-dişi, qadın-kişi… Həyat yalnız iki qütbün vəhdətindən vücuda gəlir, fizioloji baxımdan yanaşsaq, sadistik başlanğıcla mazoxistik başlanğıcın, əxlaqi baxımdan yanaşsaq, sərt atayla mülayim ananın vəhdəti yeni insan kollektivini təkcə yaratmır, həm də ailədə tarazlığı qoruyan mizan-tərəziyə çevrilir. Klassik meyarla götürsək, atanın istəyi təmkinlidir, soyuqdur, özünü polad kişi sinəsinin altında gizlədəndir:

O, sərt idi. Səhər dərsə tələsəndə mən

Bildirməzdi yolda durub boylandığını.

Bircə dəfə söz açmazdı qəlbindəkindən,

Söyləməzdi övlad üçün çox yandığını.

Bu yerdə bir hind məsəli yadıma düşdü, deyir: “Müəllimini üzünə təriflə, dostunu daldada təriflə, arvadını öləndən sonra təriflə, oğlunu heç vaxt tərifləmə”. Kişinin övlad istəyilə qadının bala istəyinin tərkibi də fərqlidir – ata gizli, ana aşkar istəyir:

Gizli-gizli məni süzüb gülərdi bəzən,

Durub-durub güc gələrdi əyri qəlyana.

Övladına bircə dəfə “can” söyləməkdən

Övlad üçün can verməyi asandı ona.

Hər övlad çiynində atasının əlini, canında atasının toxumlarını gəzdirir. Ata övladına təkcə həyat vermir, öz xəstəliklərini, qorxularını, travmalarını, naqis cəhətlərini, Sabir demiş, bəxti-mənhusunu da ona ötürür. Buna görə də övladı azarlayanda, ya bir uğursuzluğa düçar olanda ata bunda özünü günahkar bilir, özünü yamanlayır, özünü suçlayıb qarğıyır, balasının yanında gözükölgəli dolanır (Yeri gəlmişkən, Qurban Yaquboğlunun “Mən yoxam” romanında bu duyğuların ifadə olunduğu heyrətamiz dərəcədə sərrast məqamlar var).

Heç yadımdan çıxmaz, bir neçə il bundan qabaq görkəmli şairimiz Musa Ələkbərli ömür yoluna həsr olunmuş bir televiziya verilişində belə bir xatirəsini bölüşdü: söylədi ki, orta məktəbi bitirəndən sonra ali məktəbə sənəd verdim, imtahandan kəsilib kəndə qayıdanda atam kövrəlib dedi ki, atan ölsün, sən bir kasıb kənd müəlliminin yox, varlı-hallı bir kişinin oğlu olsaydın, baxtından-taleyindən də yarıyardın…

Oğulun çiyninə ata əlinin qonması həyatda hər kəsin barına bilmədiyi bir nemətdir, övladı bir ordunun qorumasına bərabərdir; ancaq ordu bəzən öz sərdarını bada verdiyi kimi o əlin ağırlığı övladın çiynindən basıb ondan ötrü ömürlük yükə də çevrilə bilər. Belə bir qəzadan sovuşmağın, ata codluğunu yumşaltmağın ən üsulluca yolu həyatın ikinci qütbünü – ana mehrini, ana şəfqətini şəbəkəyə qoşmaqdır. Ata nə qədər mehriban, həlim olur, olsun, ana kimi fədakar ola bilməz; ana da nə qədər hökmlü, zəhmli olsa, ata zabitəsiylə maskalana bilməz.

Uşaqlığı tərəzinin bu iki gözünün qızıl ortasında keçən övlad qəlbi, beyni dərin zədələr almadan sağlam böyüyər. Mən “Atamın xatirəsi” şeirinin arxa fonunda bir qadın-ana obrazı da görürəm; o obraz əndərunda oturub səhnəyə çıxmasa belə, övladının ayaqları altına yıxılıb (ana balasına “ayağının altında ölüm” deyər), çiynindən basan ata əlinin (tale yükünün!) altında sınmasına imkan vermir.

Əməksevər, ağır, enli, cod əli vardı,

Tale kimi endirərdi çiynimə hərdən.

Sərt üzünə bircə anlıq səhər doğardı

Bilməzdim ki, hansı nurlu düşüncələrdən.

Adətən, sevgi, istək günəşlə, hərarətlə assosiasiya olunur. “Atamın xatirəsi” şeirində isə poetik sözün sehirli iksiri atalıq duyğusunu soyuğa, qara-buza calaq eləyir:

Sevgisi də soyuq idi – təzə əkini

Hər bəladan hifz eləyən qalın qar kimi.

Bu soyuq ata sevgisi isti ana məhəbbətiylə kompensasiya olunmasa, şübhəsiz, övladı üşüdər…

Şeirin sonuna yaxın şair atasının ölümü haqda məlumatı oxucuya misilsiz bir psixoloji dəqiqliklə çatdırır:

Moskvada oxuyurdum,

Tərk etdi məni.

Gələn zaman bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə, gah deyib ki, mən

Qoy bilməyim.

O utanıb öz ölümündən.

Ata öz ölümündən niyə utansın, son nəfəsində əziz balasını niyə haraylamasın? Bəlkə, övladına sona qədər dayaq dura bilmədiyinə görə, incə qəlbli saf oğlunu amansız həyatın, hiyləgər fələyin caynağında qoyub getdiyinə görə özünü suçlu bilib? Ya bəlkə, ölümün əliylə pozulmuş zəhmini, zədələnmiş xarizmasını oğlundan gizləmək istəyib? Hər nədirsə, övladının gözü qarşısında əzrayıla bac vermək, fələyə yenilmək ona ar gəlib. Bu yerdə qədim ərəb şairi əl-Mütənəbbinin bir sözü yenə yadıma düşür: “Həqiqətən, ölüm qətlin bir növüdür…”

Nəhayət, şeirin son misrası – fanilik duyğusunun, yoxluq hissinin çox sadə, ancaq olduqca təsirli ifadəsi:

Nə zamansa bu nişanda bir atam vardı…

Nə zamansa vardı. İndi yoxdur. Bir də heç vaxt olmayacaq! Eynilə şairin “…xatirəsinə” adlı başqa bir şeirinin (əslində bu şeirin adı “Əli Kərimin xatirəsinə” kimi oxunmalıdır, şair onu 1969-cu ildə, yəni bu dünyadan köçdüyü il yazıb) sonluğunda olduğu kimi:

Ağlama, könlüm, kiri,

Gözümdə yaş qalmayıb,

Bu adda, bu nişanda,

O gözəl gənc cahanda

Olmayıb,

Olmayıb,

Olmayıb…

Kulis.az

 

Share: