Xalqı aldatmaq olmaz.
Guya mən demişəm ki, xalqa pensiya vermək lazım deyil. Bu, hansısa şərəfsizin atdığı böhtandır. Təəssüf ki, yalanı yayanlar arasında özünə qələm adamı, şair deyənlər də var. Biz 30 ildir bu böhtanların içindən keçib gəlirik. Bir dəfə belə yazı müəlliflərinə cavab vermişdim ki, mənim taleyim Bakı küləyidir, böhtançıların tüpürcəklərini öz üzlərinə yaxır.
Müstəqil.az xəbər verir ki, bu sözləri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı onunla bağlı yayılan şayiələrə cavab olaraq qeyd edib.
S.Rüstəmxanlı bildirib ki, o, xalqın mənafeyindən çıxışlar edib:
“Əhalinin sosial müdafiəsi ilə bağlı qanunların müzakirəsi zamanı çıxışlarımın mətni nöqtə-vergülünə qədər Milli Məclisin saytında yerləşdirilib, mətbuatda dediklərim də göz qabağındadır. Orada millətimizin əleyhinə olan tək bircə kəlmə tapılmaz. Əslinə qalanda, məni tanıyan və ağlı başında olan heç kim mənim elə söz deyə biləcəyimə inanmaz.
Həmin böhtanı Nəcibə İlkin adlı bir müəllif paylaşıb. Ona cavab vermək fikrində deyiləm, məqsədim Nəcibəni başa salmağa çalışan, tanıdığım və tanımadığım onlarla insana təşəkkür etməkdir. Mənə ehtiyac qalmayıb, hamı Nəcibə İlkinə anladıblar ki, yoxlamadan, mənbəyini bilmədən belə bir sözü paylaşmaq olmaz. Mənə önəmli olan bu inamdır. Hamı bilir ki, mən xalqın ziyanına olan heç bir söz demərəm. Bu inam ömrümün ən böyük qazancıdır. Nəcibə paylaşdığı statusun böhtan olduğunu anlayıb, fakt qarşısında qalaraq statusunu silib, lakin əgər o özünü şair hesab edirsə, gərək “məndən xahiş etdilər” kimi həlləm-qəlləm izahatlar verməkdənsə, öz böyük həmkarından üzr istəyəydi”.
Qeyd edək ki, bir müddət əvvəl Sabir Rüstəmxanlının guya “xalqa pensiya verməyə ehtiyac olmadığını” dediyi ilə bağlı məlumatlar yayılmışdı.
Müstəqil.az