Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıqov Bakıda qəza törədib.
Müstəqil.Az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.
Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N.Sadıqov qarşıdakı “Toyota Prius” markalı maşını vurub.
Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb.
General-polkovnikin maşını zirehli olduğundan zədələnməyib, lakin “Toyota Prius” yararsız hala düşüb.
Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib.
N.Sadıqov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.
Şahidlərin bildirdiyinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Qeyd edək ki, aylardır N.Sadıqovla bağlı ağır ittihamlar səsləndirilir, amma o, ittihamlara reaksiya verməyib.
***
Azərbaycan müdafiə nazirinin sabiq birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıqov qəza törədib.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, fevralın 7-də 90 AS 020 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində N.Sadıqov hadisə üzrə təqsirli bilinib:
“İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) maddəsi üzrə onun barəsində protokol tərtib olunub. Hadisə qanunvericiliyin tələbələrinə uyğun olaraq sənədləşdirilib. Digər nəqliyyat vasitəsində dəymiş ziyan ödənilib. Nəcməddin Sadıqov barəsində tərtib olunmuş cəriməni ödəyib”.