Nədən Avşarlar və avşarçılıq?

Güntay GƏNCALP BAYANDIRLI

Səfəvilər dövründə ölkə sakinləri dörd bölümə ayrılırdı. Qılınc əhlinə qızılbaş türklər deyilirdi. Farslar qələm əhli, həkim, katib, molla, din xadimi, vəzir kimi işlərdə çalışırdılar. Ticarət və iqtisadi həyatdan erməni və zərdüştilər sorumluydular. Dördüncü bölüm də işçi, əkinçi, heyvandar və bu kimi aşağı işlərdə çalışan çoxluqdan ibarət olan xalq kütləsi idi. Səlcuqludan Osmanlıya və Qacara qədər türklər hər zaman savaş nəsnəsi kimi qullanılmışlar.

Farslara “qələm ərbabı”, türklərə də “qılınc ərbabı” kimi nitələnmələrdə bulunmanın səbəbi də bu olsa gərək. Günümüz İranında da türk, sadəcə dövlətin çıxarları yolunda savaşçı qaba güc olaraq qullanılmaqdadır. Dövlətin üst qədəmələrində məqam sahibi olanlarda türk kimliyindən əsər qalmamış olur. Yəni dəyişən fazla bir şey yox. Qılınc əhli olaraq nitələnən türklər qaba güc olaraq istifadə edilmişdir. Türklərin öz kimlikləri əksənli dini, iqtisadi, mədəni və siyasi həyatda etkiləri olmamışdır. Çünkü yazıb-oxumaları yox idi. Əlifbaları yox idi. Bu üzdən də bütün qaba hərəkətlər türklər tərəfindən yapılardı. Qaba güc mərkəzi olan orduda da türkcə keçərli idi. Qaraxanlılar sonrası türkcə yumşaq mədəniyyət güc sahəsinə girə bilməmişdi. Türkcə Türk kimliyinə biganə olan aristokratiya üçün türklər qaba güc qaynağı ürətən fabrikadan başqa bir rola sahib deyildilər. Səfəvi dövləti çökməyə başladığında türklər Səfəvi soyu və molla-feodal sinfi tərəfindən gərəksiz savaş əşyası kimi qullanıldıqlarının bilincinə ərməyə başladılar. Həm savaşmış, həm də heç bir şey nəsibləri olmamışdı. Daha doğrusu, bir öndər türklərə bu gerçəyi açıqladı: Avşah Şah.

Çox gec idi, lakin yenə də türk kimliyi mehvərli bir arama ortaya çıxmışdı. Avşar boyu, əslində Səfəvi dövlətinin qurucu üyələrindən biri idi. Osmanlı basqısından qaçaraq Səfəvi dövlətinin quruluşunda böyük rol oynamışdılar. Səfəvilərin türkləri şiələşdirmə və kökündən qoparma politikası onların boy kimliyini unutdurmuşdu. Böylə bir soru sormaq gərəkir: Avşar dövlətini quran Avşarlar 250 illik Səfəvi dövründə haradaydılar? Bu qədər böyük bir imperatorluq qurma gücünə sahib olan Avşarlar Səfəvi dövründə, sanki yoxmuşlar kimi bir sərgüzəştə sahiblər. Cavab bəllidir. Səfəvilik digər türk-oğuz boları kimi, Avşar boyunun da enerjisini sömürərək onları molla-feodal sinfinin və səfəvilik ideologiyasının qulları halına gətirmişdi. Başına döyüb ağlayan, başını yaran, ağlaşan və ağlaşdıqca aşağılıq qul olduğunu sərgiləyən bir toplum oluşdurulmuşdu. Böylə kölələşdirilən bir toplum evrənsəl boyutda düşünəməz, böyük ideallarla yaşayamazdı. Səfəviyyətin türk millətinin ağlı və duyquları önündə hördüyü bu əsarət zəncirini bir Avşar gənci qırmağa çalışdı. Bu köləlik zəncirini Avşar Şah qırdığında böyük oyanış başlamışdı. Hər zaman böylə olmuşdur. Çoxluğu öndərlər yönləndirmişdir. Bir yandan çoxluğu təşkil edən kütlənin buna ehtiyacı var, digər yandan Quranın “lakin çoxluq bilməz”[1] ifadəsində olduğu kimi, xalq kütləsi doğruları bilməz, biləməz. Səfəvi aristokratiyası türk kütləsini kölələşdirmək və onun kimliyini yox etmək üçün hazırlanmış bir projə idi. Səfəvi şəxsiyyətlərinin heç birində türk millətinin kimliyinə və boylarına sayqı olmamışdır. Oysa ki, tarixi olaylar üçün amac bəlli edən yönətici kəsimdir. Bir Avşar qəhrəmanı türk kütləsi üçün bu amacı bəlli etdiyindən Səfəviyyətin bütün yalanları ifşa edilmişdi. Tarixi dizayn edən şəxsiyyəti toplum və topluma hakim olan sosial düzən yetişdirir. Özəlliklə qırılqan dövrlərdə toplum buna ehtiyac duyar. Səfəvizədə toplumda böylə bir şəxsiyyət yetişəməzdi. Çünkü səfəviyyət kökdənçi bir hərəkət idi və “kökdənçilik tarix dışıdır.”[2] Yalnız Səfəvilərin çöküşü və toplum üzərinə kontrollarının yox olmasıyla yeni şəxsiyyətlərin yetişmə imkanı ortaya çıxa bilərdi. Avşarlıq da bu kritik dövrdə ortaya çıxdı. Əfqanların xalqın namusuna təcavüz edib varlığını yağmaladığı bir dövrdə Avşarlardan bir bahadur meydana çıxdı, boy göstərdi.

Əfqanlar başkənd İsfahana doğru yaxınlaşdıqlarında Səfəvi şahı mollalardan imdad dilər. Mollaların təklifi bu şəkildədir: “Xürafi Səfəvi şahı əsgərlərə sehirli şorba yedirilməsinə əmr etdi. Çünkü saray mollalarından biri söyləmişdi ki, əsgərlərə dualı-sehirli şorba yedirmək lazım. Bu şəkildə gözə görünməz olarlar. Sehirli-dualı yemək yediklərində düşmən əsgərləri bizim əsgərləri görə bilməyəcəklər. Səfəvi əsgərləri onları öldürdüklərində düşmən əsgəri qılıncın haradan kökslərinə saplandığını bilə, görəməyəcəklər. Hər qazanda təkə (erkək keçi) budu bişirdilər. Hər qazana 325 noxud atdılar. Hər noxuda 325 bakirə qız şəhadət kəlməsi oxuyub üflədilər. Bütün bu əməllər icra edildi.”[3] Bu duaların keçərliliyi olmadığında da mollalar “yəqin qızlardan biri aybaşı imiş və dua qəbul edilməmiş” deyə özlərini savundular. Səfəviyyətin icad etdiyi ağıl və heysiyyət düşmənliyi xürafələrin heç biri Əfqan saldırısını önləyə bilmədi. Ölkənin qurtarıcısı olan Avşar gənci vətənini sırasıyla iki düşməndən təmizləyəcəkdi. 1- Əfqanlardan, 2- Səfəvilərdən.

Tarixi şəxsiyyətlərin meydana çıxması sosial çöküşlər zamanı gerçəkləşər. Çöküş və böhran zamanı böylə qurtarıcı şəxsiyyətlərə toplumsal ehtiyac doğar. Bu çöküş sonucu xalq durumu düzəldə biləcək karizmatik öndər arama xəyalına qatılar. Tam bu sırada qurtuluş və özgürlük fəryadı ilə ortaya çıxan alpərənə xalq könüllü olaraq boyun əyər. Çünkü başqa seçənəyi yoxdur. İnsan oğlu daima gücə tapmışdır. “Dünyanın halı gərgin və yoxsulların durumu pərişan olduğu dövrlərdə Tanrı məzlumların yardımına bir qəhrəmanlar göndərər. O qəhrəmanlardan biri də türkmən soyundan olan Nadir Avşar olmuşdur.”[4]Avşar gənci tam böylə böhranlı bir dövrdə atıyla, qılıncıyla və Səfəvi düşmənlıiyi söyləmləri ilə ortaya çıxdı. Avşar gənci Nadirin üstün səciyyələri haradan gəlirdi? Şübhəsiz ki, Nadirin biolojik özəlliyi və doğuşdan gələn xarakteri ilk növbədə incələnməlidir. İrəlidə bu incələmə ediləcəkdir. Nadir Şah şəxsiyyətində ortaya çıxan qətiyyətin tarixi bir qaynağı və səbəbi varmı idi? Səfəviyyətin söndürüb qaranlığa gömdüyü türk dövlətçilik anlayışının izləri türk boyları arasında gizlin də olsa, hələ də yaşamaqdamı idi, əcəba? Nədən Avşar gənci Səfəvilərin çöküşü zamanı ortaya çıxdı? Səfəvilərin, şiəliyin və molla-feodal sinfinin türk boyları üzərinə aşırı və aşağılayıcı kontrol imkanları zəifləməyə başlamışdı. Bu fürsətdən istifadə edən türk boyları özlərinə dönmə imkanını əldə etmişdilər. Din adına Səfəvi xurafələri xalqın tarixi ağlını, təcrübələrini  və zəkasını söndürmüşdü. Səfəvilərin çöküşüylə tarixi türk dövlətçilik şüuru yenidən oyanmağa və laik uyqulama yolunda fəallaşmağa başlamışdı. Türk kimliyi laik və sekulyar uyqulamadan yana olmuşdur. Yüksələn Avşar kimliyi Səfəvi səltənətinə və ideologiyasına qarşı çıxaraq türk kimliyi mərkəzli yeni siyasi və mədəni bir hərəkət ortaya qoyar: Avşar-türk kimliyi və türk dövlətçiliyi. Türk boylarının kimlik aramasında olması Səfəvi iqtidarının çöküşündən sonra başlar və Avşar dövlətini qurmaqla türk kimliyi əksənli oluşum öz zirvəsinə ərmiş olar. Çünkü ilkəl Səfəvi kültür və törələri inkişafa, dəyişimə açıq deyildi. Səfəviyyət ağıl və heysiyyət düşmənliyi zəminində şəkillənmişdi. “İlkəl kültür dəyişimə və yeniləşimə açıq olamaz. Çünkü dəyişim və yeniləşim onun üçün ilk başdan rahatsızlıq doğurar. Öz cadularının pozularaq fəlakət doğuracağından qorxar.”[5] Ölkəni yalan, qaranlıq və insanı aşağılama törələri ilə doldurmuş və donatmış olan səfəviyyəti, ancaq güclü bir öndər tarixdən silə bilərdi. Bu öndər çağın şərtlərinə görə türk boy kimliyinin bilincində olan kişi ola bilərdi. Səfəviyyət türk xalqını molla-feodal sinfinə qul etməklə yetinməmiş, onun seçkinlərini də tarixdən silmişdi. “Xəvas (seçkinlər) təhsilini farsca görür, fars tərbiyəsi alırdı. O, get-gedə farslaşırdı. Fars kimi düşünür və kəndisinin doğrudan-doğruya fars olduğuna inanırdı. Xalqın ağlını əlində bulunduran bu xəvas (seçkinlər) kimi, mənəviyatına hakim olan alimlər sinfi (mollalar) dəxi eyni ruhda, eyni tərbiyyədə və eyni zehniyyətdə idi. Nəticədə tühaf bir millət vücuda gəlmişdi: Dili başqa, yazısı başqa bir millət.” [6]

Şübhəsiz səfəviyyətin qurqulayıb türk kimliyi üzərinə uyquladığı ideoloji, siyasi, məzhəbi, hərbi və kültürəl basqı üzərinə sağlıqlı türk kimliyi varlığından söz ediləməzdi. Türk milləti sünni ümmətçiliyi adı altında ərəb-fars və Səfəvilərdən başlayaraq şiə ümmətçliyi adı altında sırf fars kimliyi doğrultusunda qullanılan və sömürülən varlıq olmuşdur. Bu üzdən tarixdə nə zaman din-siyasət ayrımı edilmişsə, türk kimliyi yüksəlməyə başlamışdır. Avşar-türk kimliyinin yüksəlişini də bu qanunauyqunluqla açıqlamaq mümkündür. Avşar Şahın din-siyasət birlikdəliyini ayırmasıyla türk kimliyi kəndiliyindən örgütlənməyə başlamışdır.

“Ümmət” qavramı yalnızca və sadəcə olaraq türkləri asimilə etmə yolunda qullanılacaq şəkildə təfsir edilmişdir. Çünkü nə ərəb, nə də fars millətində ümmətçilik adına öz kimmliklərindən vaz keçmə davranışları olmuşdur. Bu sapıqlıq, yalnızca türk tarixinə özgüdür. İslam dinində də “ümmət” qavramı türklərin beyninə doldurulduğu kimi bir anlam ifadə etməmişdir. “Quranda “ümmət” sözü yerinə görə, altı mənada qullanılmışdır. Bəzən mütləq olaraq cəmaət, bəzən “gerçəkdən də İbrahim Tanrıya hənif tək Tanrıya yönələn bir ümmət idi”[7] ayətində olduğu kimi, imam (rəhbər) anlamında qullanılmışdır. Ümmət bir rəhbəri təqib edən cəmaətdir. Bəzi yerlərdə dində istiqamətli olmaq, bəzi yerlərdə din və bəzi yerlərdə isə zaman mənasında qullanılmışdır. Şeyx Tusiyə görə Musa, İsa, Muhəmməd ümməti ifadələrində olduğu kimi, “ümmət” bir dinin təqibçiləridir.”[8] Ərəbcədə “umma” Tanrının iradəsini və onun hökmdarlığını qəbul edən insan toplumudur. Bu nədənlə ümmət bir dayanışma şüuru, birlikdəlik olma və güclülük simvolu olaraq qəbul edilməlidir.[9] Oysa tarix boyunca ümmət qavramı türkləri ərəb-fars dilləri və kimlikləri yolunda qılınc edəcək nitəlikdə açıqlanmışdır. Nəticə etibarı ilə qocaman 1000 illik tarixdən türklər və türkcə üçün heç bir miras qalmayaraq türkün maddi-mənəvi gücü ərəb-fars dillərinə və kimliklərinə adanmışdır. İştə avşarçılıq bu qaranlıq və türk qarşıtı tarixə və sapıq din və məzhəb anlayışına qarşı böyük baş qaldırının adı idi. Həm Səfəvilərdə, həm də Osmanlıda hakim olan bu qaranlıq çağı qapatma amacı ilə avşarçılıq dünyagörüşü meydana çıxmışdı. Avşar bahaduru həm Səfəvi, həm də Osmanlının ümmətçilik tanımlarını sorqulayaraq bunların doğru olmadığını açıqca bəyan edirdi. Bu üzdən öncə Səfəviləri tarixdən silən Avşar bahaduru, daha sonra Osmanlını ədəb etmək niyyətində idi.

“Nadir Şah İrandan əfqanları və Osmanlıları çıxardıqdan sonra Hindistana qədər gedən başarılı səfərlərdə bulunmuşdur. Nadir Şah, Avşar boyunun qırxlı oymağından idi. Kəndisində milli duyqular çox qüvvətli olmuşdur. Nadir Şah, Osmanlı hökmdarı I. Mahmuda göndərdiyi məktublarda, Osmanlı xanədanının, kəndi mənsub olduğu türkmən qövmünün ən büyük ailəsi olduğunu söyləyir və sıx-sıx milli bağlılıqdan bəhs edirdi. Osmanlı divanından gedən məktublarda Nadirin bu duyqusuna qatılımı göstərən bir ifadəyə rast gəlinmir. Böyük olasılıqla nə Osmanlı hökmdarı I. Mahmud, nə də onun dövlət ricali bu əqrəbalığın fərqində deyillərdi. Nadir eynı zamanda ölkəsinin şiə məzhəbi ilə İslam aləmindəki təcrid edilmiş durumunu görərək məsələni həll etmək üçün səmimiyyətlə hərəkətə keçmişdi. Onun sünniliyə qarşı meyli açıqça görünür. Hətta həyatının faciəli bir şəkildə sona ərməsində ondakı bu sünnilik təmayülünün mühüm bir amil olduğu bildirilir. Kəsinliklə milli duyquları qüvvətli, inqilabçı olan bu böyük şəxsiyyəti dərin bir qəflət içində bulunan Osmanlı ricali təqdir etməmiş, anlamamışlardı.[10]

Avşarlar zatən bölgənin böyük topluluqlarından biri idi. Lakin Səfəviyyət onları qoxuşmuş ərəb-fars ideologiyalarının kölələri etmişdi. Avşar gənci onlara yeni bir vizion qazandırdı. Səfəvilərin təsis etdikləri molla-feodal sistemi türk boylarının tarixi xatirələrini və hafizələrini unutduraraq, camilərdə onların beyinlərinə qutsal imam soyundan olma yalanını, Sasani kimliyindən qürur duyma qoxuşmuşluğunu doldurmuşdu. Avşar qəhrəmanı Səfəviyyətin yalan və iftira dolu propaqandası qarşısında aciz və miskin duruma gətirilən Oğuz boyularını uyardı. Onların gözləri önündə yeni üfüq açdı. Səfəvi yalanlarının onları necə şəxsiyyətsizləşdirib başlarını yaran gərəksiz sürü etdiyini anımsatdı. Ərəb-fars miflərindən ayrılaraq özlərinə dönmələri üçün ağla dayanan bir yol açdı, İslam üzərinə də ussal (rasional) bir baxış gətirdi.

Avşar Şah öz niyyətlərini gerçəkləşdirmək üçün böyük sorunlarla qarşılaşırdı. Səfəvilər türk millətinin şəhər həyatına uyum sağlaması üçün heç bir girişimdə və uyqulamada bulunmamışlardı. Türklərin tam əksəriyyəti köçəri idi. Bu da Avşar Şahın uyqulamaları yolunda ən böyük əngəl idi. Bu üzdən böyük amaca ulaşmaq üçün Avşar Şah Türküstan türklüyünü də bu hərəkətə qatmaq çabasındaydı. Köçəri iqtisadiyat sistemində ürətim olmadığından böyük qalabalığı bəsləyə bilməz. Tarımın icadı ilə şəhərlərin ortaya çıxdığı kimi, İranda tarım həyatına keçən türklər də qismən kəndləşməyə və şəhərləşməyə başlamışdılar. Səlcuqlardan Səfəvilərə qədər bu sürəc davam etmişdi. Türklərin bəlli bir qismi yerləşik həyata və tarım iqtisadi siteminə keçmişlərdi. Lakin Şah İsmayılın tətbiqatı ilə bu təcrübələr tamamən tarixdən silindi. Şəhərləşmə sürəci durduruldu. Şəhər tarım-ticarət həyatına alışmış olan sünni türklər ya qətl edildilər, ya da inanclarını qorumaq üçün yüzillər boyunca yaşadıqları və iqliminin qoşullarına, özəlliklərinə alışdıqları yurdlarını tərk edərək, Türküstana, Anadoluya, Babürlərə fərar etdilər. Səfəvi dövlətinin quruluşuyla sadəcə, türk millətinin tarixsəl bilincaltı dəyişmədi, həm də ticarət, tarım kimi iqtisadi təcrübələri də yox edildi. Qızılbaşlar bilə Səfəvilərin şiələşdirmə uyqulamasına qarşı dirəndilər.

“Qızılbaşların Şah İsmayıla itaət etmələri və yolunda can vermələrinin arxasında heç bir boy kimliyi dayanmamaqda idi. Sadəcə olaraq Ərdəbil xanigahına olan inancları dolayısıyla İsmayılın arxasına düşmüşdülər. Səfəvi dövlətinin ilk quruluş zamanı şiə əksənli fiqhi təfsir olmamışdır. Çünkü bütün İranda şiənin bir fəqihi belə yox idi. Dövlətin quruluşundan sonra, yəni ikinci mərhələdə fəqihlər toplamağa başlayırlar.”[11]  Şah İsmayılın ömrünün sonunda başlayır, ancaq “Şah Təhmasib zamanında sürətlə şiələşdirmə davam edir. Şiəliyin fiqh kitabları yazılmağa başlayır.”[12] “Sünni alimlərin çoxu qəbul etmədikləri üçün öldürüldülər. Çoxu da Herata qaçaraq Teymuri dövlətinə sığındı. Herat da İsmayıl tərəfindən işğal edildikdən sonra Buxaraya fərar etdilər.”[13]

Səfəvilərə qədər bir oğuz boyu kimliyinə dayanan dövlətin əsası, Səfəvi sonrası ərəb-fars tarix anlayışına, özəlliklə fars mifinə söykənər. Avşarçılıq görüşünün qurucusu Nadir Şah böylə bir sorunla qarşı-qarşıya idi. Bu üzdən 250 il boyunca Səfəvilər tərəfindən şəxsiyyətsizləşdirilən, aşağılanaraq insansızlaşdırılan, düşüncəsizləşdirilən, gərəksiz canlı əşyaya dönüşdürülən səfəvizədə türklər Nadir Şah islahatı qarşısında ən böyük əngəl idi. Bu əngəli aşmaq asan deyildi. Gələnəklərin gücünü devirmək əsla asan deyil. Örgütlənmiş və inancla bütünləşərək gələnəkləşən cəhalət qədər güclü başqa bir şey yoxdur. Nitəkim Avşar Şahı da bu gələnək yox etdi. Avşar şahın aqressivliyinin bir əsas səbəbi də bu idi. Türklərin dışında tüm xalqlar milli kimliklərinin bilincində olmuşlar. Çünkü türkləri kimliksizləşdirən səfəviyyət onların tarixsəl aristokratiya təcrübəsini yox etmişdi. Türk tarixsəl aristokratiyası bir Oğuz boyu kimliyinə mənsub olmaq şəklində tanımlanardı. Bu boylar xalqın görən gözləri olan ə´yanlar idi. Ə´yan sözü də zatən “əyn” sözünün çoxulu olaraq “gözlər” anlamındadır. Ə´yan çoxluğun mənafeyini, gələcəyini, sosial durumunu görən və düşünmə imkanı sağlayan gözlər anlamındadır. Bu gözlər Səfəvilər tərəfindən kor edilmişdi. Avşar-Oğuz boyunu dövlətinin adına daşıyan Nadir Şah kor edilmiş gözləri görər hala gətirməyə çalışırdı. Səfəvi sonrası türk kimliyi, öyləsinə yox edilmişdi ki, şəxsiyyətsizləşdirilən, əşyalaşdırılan türklər bilincində olmadan fars milliyətçiliyi əksənli İrani kimliyin təsisində sahibsiz kölələr kimi qullanılırdılar. Səfəvi icadı molla-feodal sinfinin kölələri halına gətirilən türk toplumu zəncirini vurar, başını yarar və molla əmrlərinə köləvarı tabe olardı.

Birdən bir Avşar igidi bütün bunları yasaqlayır. Baş yarma və zəncirlə kəndini döymə kimi mazoxist Səfəvi gələnəyini və molla-feodal qulu olmağı bir fərmanla yasaqlayır. Böylə bir İslam yoxdur, bunlar Şah İsmayıl icadıdır deyə bütün bölgələrə yasaqla ilgili bildirilər yollayır. Bu, onurlu bir millət olmanın və Səfəvi qaranlığından qopuşun böyük oyanışı evrəsi idi. Bu oyanış “cihad” adı altında molla-feodal sisteminin çıxarları yolunda ölümə göndərilməyi durdurmaqda idi. Avşar Şahın uyqulamasını XVIII yüzil aydınlanmasında filosof Kanta dəstək verib onu təşviq edən Böyük Fredrik örnəyində görürük. Fredrik də Avşar Şah kimi “münəvvər müstəbid” (aydınladan diktator) idi. Lakin ortada iki fərq vardı: 1- Avşar Şah rasional siyasəti tərcihə Fredrikdən öncə başlamışdı. Nadir öldürüldüyündə Fredrik yeddi yaşındaydı. 2- Fredrik dönəmində Kant kimi aydınlatıcı filosoflar varkən Avşar dönəmində yoxdur və Səfəviyyət hər yeri qaranlığa gömmüşdü.

Nadir Şah dövlətinin adını “Avşar” oğuz boyu adı ilə nitələndirsə də, bütün türk boylarına özəl sayqı göstərir və Avşar kimliyi çatısı altında Türkistan türkləri ilə bir yerdə bütün boyları birləşdirmə çabasındaydı. “Avşar sözü işini çox yaxşı bilən və etdiyi işin ustası olan mənasındadır.”[14] Avşar boyu kimi Bayat, Bəydili və digər boylar da Səfəvi uyqulamaları sonucu kimliksizləşdirilmişdilər. Səfəvi çöküçü və Avşar yüksəlişi onlarda boy kimliyinin doğumuna meydan açdı. Ordulaşan Bayat boyu Avşar dövlətinin qurucu və vurucu gücünə dönüşdü. “Bayat boyundan olan Səfiyəddin Bəy adlı Təhmasibin sərdarlarından biri bir xəta etmişdi. Təhmasibin onu cəzalandırmasından qorxurdu. Əmrindəki 1500 nəfərlik ordusuyla bir yerdə fərar edərək Xorasanda Avşar bahaduruna qatıldı.”[15]

Əfqanları ölkədən çıxardıqdan və böyük zəfərlərlə padşah olduqdan sonra siyasi və hərbi iqtidarı ələ keçirən Avşar Şah, artıq Səfəvi kültür mirası ilə bütün gücüylə savaşa bilərdi. “Padşah olduqdan sonra Qəzvinə yola düşdü. Qəzvin və çevrəsinin mollalarını topladı. Vəqflərin parası nəyə xərclənir deyə onlardan suallar sordu. Onlar da paranın məscidlərə, alimlərə, mədrəsələrə və bir də Şahın ordusunun zəfərləri üçün dualara xərcləndiyini dedilər. Avşar Şah “o zaman siz öz dua işinizi yaxşı etməmişsiniz və Tanrı sizin kimi şəxslərin işlərindən razı deyildir. Əlli ildir ölkə hər gün geriləməkdə və son zamanlar bütün ölkə işğala uğramışdır. Bizim fateh əsgərlərimiz olmasaydı, indi nə durumda olacağımızı təsəvvür edin. Gerçək alimlər bu savaşçı əsgərlərdir və varlığımızı əsgərlərimizə borcluyuq. Sizin dualarınız nə işə yaradı? Bundan sonra bütün vəqf malları ordunun olacaqdır” dedi. Mollaların bu haqdan məhrum edilmələri onların ölümü demək idi, çünkü yüzillər boyunca həyatlarını bu şəkildə keçirməyə alışmışdılar. Şikayətlərdə bulunsalar da, Nadirin əsgərlərinin çoxu sünni türkmənlərdən oluşduğu üçün kimsə aldırış etmədi. Digər tərəfdən əhali də dini vəqflərin mallarının alınmasıyla vergi azalar deyə, Nadirin uyqulamalarından məmnundular. Çünkü Səfəvilərin sonlarında məzhəb də əxlaq kimi çökmüş, ən çirkin işlərə vasitə olurdu. Bu üzdən əhalinin Nadirin uyqulamalarına qarşı çıxma kimi bir düşüncəsi yox idi. Nadir əhaliyə söylədi ki, mollaya ehtiyacı olanlar özləri pul ödəməlidirlər.”[16]

Avşar Şaha qədər bütün dövlət qurucuları iqtidarlarını qorumaq üçün dini qullanmışlardı. Həm ərəb, həm də fars siyasi düşüncəsində din və siyasət ekiz qardaş olaraq tanımlanmışdır. Nitəkim fars dövlətçilik tarixini mifik dillə anladan Firdovsinin “Şahnamə” əsərində din və siyasət bir-birlərini qollayan ekiz qardaş olaraq açıqlanmışdır:

“Dini alqışlarsa, şəhriyar yəqin,

Qardaşlıq edərlər padşahla din.

Padşahsız bir din ayaqda durmaz,

Din olmaz olarsa, şahlıq qurulmaz.

İç-içə toxunmuş ipək kimilər,

Ağlın qarşısında birlikdə hünər.

Hər bir din şahlığa duyar ehtiyac,

Dinsiz şah başında duramazdır tac.

Sanki bir gövdədə iki can təkin,

Yeylər bir-birini şahlıq ilə din.”[17]

Avşar Şah yüzillər boyunca xalqları sömürən bu görüşü öz səltənətində yox etdi. Dini siyasətdən bütünüylə ayırdı. Səfəviyyətin təsis etdiyi molla-feodal sinfinin əməyə qatlaşmadan ağlaşma və mərsiyyələrlə xalqın sırtından para qazanma işlərini yasaqladı. Bu, yüzillər boyunca din-siyasət birliyinin qaranlığa gömdüyü tarixi aydınlatma uyqulamasıydı. Bu, bəşəriyyətin ən böyük tarixi arzusuydu.

Bu uyqulamalarında Avşar Şah türk kimliyinin və türk millətinin tarixsəl iradəsinə dayanmaqdaydı. Avşar Şaha görə heç bir məzhəb ayrılığı türk millətinin ulusal kimliyini parçalamamalıydı. Nitəkim yendiyi türk dövlət başçılarını sırf türk olduqları üçün bağışlamışdı. Özbək, türkmən, tatar olaraq bütün türkləri öz ordusuna almışdı. Tarix kitablarında Avşar ordusunun savaşları türk ordusunun saldırıları şəklində tanımlanmışdır. Hindistana səfəri “Türk-hind savaşı olaraq tarix kitablarına keçmişdir.”[18] Nadirin məğlub etdiyi Babür Muhəmməd şah aman istər. Avşar Şah onun türkmən olduğunu vurqulayaraq, türkmən və Teymur Kürəkən soyuna dayandıqlarını dilə gətirərək onu bağışlar. Özbəöz, soybasoy, cədd əndər cəddinin türkmən olduğunu söylər.[19] Avşar Şah Muhəmməd Babürə dedi: “Əmir Teymur soyuna dayanan xanidanlıqlar tarix boyu bizə zərər vermədiklərindən mən sizin ölkənizi əlinizdən almayacağam. Sadəcə olaraq bu savaşın təzminatını sizdən alacağam.”[20] “Nadirin əsgərlərinin çoxu sünni türkmənlərdən idi.”[21] Sahibqıran Nadir Şah buyurdu: Muhəmməd Şah da türkmən soyundan olduğu üçün türkmən törəsinə mənsubdur. Bu durumda Hindistanın tac-taxtını ona bağışlayayaraq mərhəmətdə bulunuruq.[22] “Avşar Şah Buxaranı ələ keçirdikdən sonra on iki və Xivəni ələ keçirdikdən sonra səkkiz min özbək savaşçısını öz ordusuna qatdı.”[23] Yalnızca Avşar Şah kəndisini türk olaraq nitələmirdi. Dünya dövlətləri də onu türk padşahı olaraq görürdü. Avşar Şah Rusiya ilə ilişkiləri gəlişdirmək üçün çariçənin qızı ilə evlənmək istər. İmperaturiçə cavab olaraq Nadiri “türklərin möhtəşəm padşahı”[24] kimi nitələr. Çariçə Avşar Şaha yazdığı məktubunda ona “Türk sultanlarının böyüyü və şahlar şahı”[25] olaraq xitab edər. Nadirin ana dili şübhəsiz ki, türkcə idi. Hind padşahı və erməni caslığı (qadısı) ilə türk dilində əlaqə saxlayırdı.[26]

Nadir Şahın ölkəsində başlatdığı türklük hərəkəti ölümündən sonra da davam etmişdir. Çünkü o görüş Avşar dövlət yetkililəri tərəfindən özümsənmişdi. Nitəkim Avşar Şahın İstanbuldakı böyük elçisi Mustafa Xan Bəydili, Avşar dövlətinin parçalanacağını gördüyü üçün Osmanlıya rəsmi müraciətdə bulunaraq Avşar ölkəsinin Osmanlı tərəfindən işğal edilməsini istər. Bu yolla yenə də bir türk dövlətinin çatısı altında bir yerdə bulunmanın mümkün olacağını düşünmüşdü. “On min nəfərlik ordu göndərərək Avşar ölkəsini Osmanlıya tabe edin! Avşar Şah öldürüldü və Avşar imperatorluğunu kimsə ayaqda tutamaz. İç savaşlar və iqtidar boğuşmaları Avşar ordusunu çökərtmişdir. Kırım kimi, Avşar ölkəsini də Osmanlıya bağlama fürsətını qaçırmayınız! Avşar Şahın da arzusu bir çatı altında bütün türkləri bütünləşdirməkdi. Osmanlı babi- alisi səfirin məktubunu bir həftə incələdikdən sonra, yararımıza deyildir deyə rədd cəvabı verdilər.”[27] Hər zaman olduğu kimi Osmanlı cəhaləti təkrar türk millətinin yazqısı ilə ilgili tarixi fürsətə biganə qalmışdır.

“Nadirin əsas amacı İstanbulu fəth edərək xilafəti ibtal edib bir tək dövlət çatısı altında müsəlmanları birləşdirmək idi. Bunun üçün şiə sorununu öncə daxildə çözmək istəmişdi. Bu niyyət üçün öncə Osmanlı ilə müzakirə etsə də, İstanbula böyük bir orduyla saldırmağı da planlamışdı.”[28]  Lakin Osmanlılar Nadirin niyyətini anlamışdılar. Nadirin Hindistanda qazandığı böyük zəfərlər Osmanlını narahat etməyə başlamışdı. Nadirin əsas amacının İstanbul olduğunu Osmanlı anlamışdı. Bu üzdən də, artıq Avşar ölkəsində şiəlik sorununun çözümünü Osmanlı istəməz olmuşdu. Çünkü şiəlik Avşar ölkəsində iç problem olaraq dövləti zəiflədən və Osmanlıya saldırını əngəlləyən bir fürsət olaraq babi-ali tərəfindən dəyərləndirilirdi. Avşar Şah niyyətinə qarşı şiəlik Osmanlının qullandığı bir fürsət idi. İç barışı sağladıqdan sonra Nadirin İstanbula saldıracağını Osmanlı anlamışdı. Bu üzdən Nadirin məzhəb islahatı Osmanlı üçün təhdid olaraq görünürdü.[29] Anadolu türklərinin diqqətini qazanmaq üçün də Avşar Şah öz soyu haqqında açıqca bəyanlarda bulunurdu: “Nadir Şah öz şəcərəsini Çingiz Xan və Əmir Teymur soyuna bağlamaqda idi.”[30] “Nadir Şah, Avşar dövləti ilə Osmanlı dövlətini birləşdirəcəyinə çox inanırdı. Bunun üçün də Osmanlıya yazdığı məktublarında Şah İsmayılın əsasını qoyduğu Əbubəkirə, Ömərə, Ayişəyə lənət söyləntilərini yasaqladığını bildirirdi.”[31] “Nadir Şah “damarımda türk və türkmən qanı axır” söyləyir və soyunu Əmir Teymur soyuna bağlayırdı.”[32] “Nadir Hində Səfəri zamanı bütün Türkistanı ələ keçirməyi düşündü. Bu işə hazırlıq etmək üçün Mərv şəhərini təmir edib abadlaşdıraraq mərkəzi hərbi qərargah halına gətirmək istədi. Bu üzdən bütün imperatorluq elbaylarına (valilərinə) məktublar göndərərək harada olursa olsun, mərvlilərin Mərvə dönmələrini istədi. Bunun üzərinə Dağıstanda Nadir Şahın qardaşı İbrahim Xanın xidmətində olan “Aləm arayi-Nadiri” kitabının müəllifi də Mərvə dönmək zorunda qalır. Bütün dövlət yetkililəri mərvlilərin geri dönmələri üçün imkan yaratdılar.”[33] Avşar Şah Doğu Türküstana qədər tüm türk ölkələrini bir bayraq altında birləşdirmək üçün səfərbərlik elan etmişdi.

Nadir dini siyasətdən tamamən ayıraraq türk kimliyinin dindən bağımsız biçimdə ortaya qoymuşdu. Çünkü “etnik təşxis üçün din bəlirləyici deyildir.”[34] Səfəvi dövlətinin quruluşuyla türk millətinin kimliyi, dili, gələnəyi və tarixi üzərinə ideolojik və məzhəbi sınır qoyulmuşdu. Müsəlmanlaşan hindlilər din və məzhəb dəyişimi nədəniylə hindli kimlikdən tamamən ayrıldıqları kimi, Səfəvilərlə eyni zamanda türklər də fərqli bir kimlik qazanmışlardı. Səfəviyyətin uyquladığı “Şiəlik ölkə Türklərini o qədər farslaşdırmışdır ki, indi onlar kəndilərini türkləşmiş fars, yəni əslən iranlı olaraq görürlər.”[35] Bu gerçəkləri göz önündə bulunduran Avşar Şah türk millətini və islamiyyəti parçalayan Səfəvi paradiqmasına qarşı bütünləşdirici milli avşarçılıq paradiqmasını ortaya qoymuşdu. Bu üzdən də ilk öncə ordunu Səfəvi kültür mirasından təmizləməyi ilk hədəf olaraq bəlirləmişdi. Bir yandan orduda türkmən, özbək, qırqız sayını yavaş-yavaş artırırkən, başqa yandan da Səfəvi nəfəsi və ideologiyasıyla zəhərlənərək ordunun içində yuvalanan qızılbaşlarla farsları təsviyyə etməyə çalışmışdı ki, bu uyqulamasının da fədası oldu. “Avşar ordusu içində ciddi anlaşılmazlıq vardı. Avşar Şah ordusunda fars-qızılbaş sayısını tədricən azaldaraq sünni türkmənlərin və özbəklərin sayını artırmışdı. Bu üzdən orduda bulunan fars-qızılbaş birimləri Avşar Şahdan nifrət etməyə başlamışdılar.”[36]

Avşar Şahın bir ilginc uyqulaması da tac toxutdurmasında olmuşdur. Avşar Şaha qədər şahların tacı sağdan sola təzhib edilərək altun saplarla toxunurdu. Ancaq Avşar Şah bütün tarixi devirmək və yeni üfüq açmaq niyyətində olduğundan şahlıq tacının sağdan sola tərəf deyil, soldan sağa doğru toxunmasına dair əmr vermişdi. “Nadirə qədər tac toxunumu ümumən sağdan sola idi. Nadir isə şahlıq tacını soldan sağa toxutdurmuşdu. Bununla da tacı öz qılıncı ilə əldə etdiyini göstərmiş olurdu.”[37] Ancaq Nadir öldürüldükdən sonra onun açdığı aydınlıq üfüq qaranlığa gömüldü. Səfəviyyət yenidən diriltildi. Avşar Şahın qorxusundan ölkədən fərar edən molla-feodal sinfi Qacarların dəvətiylə yenidən ölkəyə axın edib iqtidarı paylaşdılar. Yenidən din-siyasət qardaşlığı oluşduruldu. “Nadir Şah öldürüldükdən sonra ortaya qoyduğu aydın üfüq və tarixi vizion yox edildi.”[38]

Hindistanın Kurnal savaşında Nadir Şah Avşarın süvarilərindən biri çox cəsurca savaşır, cəngavərlik göstərirdi. Qarşı ordunun içinə qurd kimi bir yandan girib digər yandan çıxır və onlarca əsgər öldürürdü. Nadir özü də bu savaşda qılıncı ilə ön səfdə savaşırdı. Ancaq bu uzun boylu bahadır əsgərinin savaş biçiminə heyran qalmışdı. Kim olduğunu bilmək istədi. İlk dəfə idi onu savaş meydanında görürdü. Atını onun tərəfinə qoşduraraq “əsgərim, hansı alaydansan? Adın nədir? Kimin oğlusan?” deyə sordu. Nəfəsi tövşüyən əsgər “Padşahım, Şahənşahın özəl ordusunun birinci alayındanam. Adım Aslan, atamın adı Söhrabdır” dedi. Əsgərinin heybətli boyuna və görüntüsünə heyrətlə baxan Nadir Şah “sən ki, böylə igid savaşçısan, əfqanlar ölkəmizi yağmaladıqlarında harada idin?” deyə sordu. Nadirin fədaisi əsgər “Padşahım, o zaman da mən vardım, sən yox idin. Mənə “savaş!” buyruğu verəcək Nadir Şah meydanlarda yox idi” dedi.[39]

Bir avropalı avşarşünas bu bağlamda Nadir haqqında böylə söylər: “Heç bir yabancı gücün yardımı olmadan xalqın ən aşağı qatından kəndisini dövlətin təpəsinə daşıyan və böyük tarixi reformlara imza atan Nadir Şah böyük insan və böyük şəxsiyyət deyilmi? Əlbəttə öylədir.”[40]

[1] Quran, Ə´raf-187.

[2] Karen Amstrong, Tanrının tarixi, çevirən: Oktay Özel, Ayraç yayınları, Ankara— 1998, s. 11.

[3] Lockhart Laurence, Səfəvi dövlətinin çöküşü, farscaya şevirən: İsmayıl Dövlətşahi, s. 121.

[4] Mirzə Mehdi Xan İstərabadi, Cahangüşayi Nadiri, hazırlayan: Mitra Mehrabadi, s. 13-14.

[5] Yılmaz Özakpınar, İnsan düşüncəsinin boyutları, s. 204.

[6] M. Ə. Rəsulzadə, Azərbaycan Cümhuriyəti.

[7] Quran, Nəhl— 120.

[8] Muhəmməd Vaizzadə Xorasani, Vəhdətə çağrı, Türkçəyə çevirən: Bahri Akyol.

[9] Orhan Türkdoğan, Niçin millətlləşmə, s. 51.

[10] Faruq Sümər, Oğuzlar, Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakultəsi yayınları, II basqı, s. 155.

[11] Rəsul Cəfəriyan, Din, kültür və siyasət ərsəsində Səfəvilər, s. 116.

[12] Eyni qaynaq.

[13] Roger Mervyn Savory, Səfəvi əsrində İran (İrane əsre Səfəvi), farscaya çevirən: Kambiz Əzizi, s, s. 28.

[14] Əbulqazi Bahadur Xan, Şəcərə-i tərakimə (Türkmənlərin şəcərəsi), nəşrə hazırlayan: Muhəmməd Saleh Rasix Yıldırım, Məzarşərif—1388 (h.ş), s. 12.

[15] Jonas Hanway, Nadir Şahın yaşamı, s. 17.

[16] Jonas Hanway, Nadir Şahın yaşamı, s. 160.

[17] Firdovsi, Şahnamə:

Ço bər din konək şəhriyar afərin,

Bəradər şəvəd şəhriyari və din.

Nə bitəxte şahist dini be pay,

Nə bidin bovəd şəhriyari be cay.

Do dibast yeki dər degər tafte,

Bər avərde pişe xerəd tafte.

Nə əz padeşah bi neyaz əst din,

Nə bi din bovəd şah ra afərin.

Çenan pasebanane yekdigərənd,

To quiy ke dər zire yek çadorənd.

Türkcəyə çevurən: G.G.

[18] Məhəmmədkazım Mərvi, Aləm arayi Nadiri, hazırlayan Məhəmmədəmin Riyahi, s. 727:

Be həm türk-u hindu dər avixte,

Fələk ruz-u şəb dər həm amixte.

[19] Məhəmmədkazım Mərvi, Aləm arayi Nadiri, hazırlayan Məhəmmədəmin Riyahi, s. 733.

[20] Jonas Hanway, Nadir Şahın yaşamı, s. 209.

[21] Jonas Hanway, Nadir Şahın yaşamı, s. 160.

[22] Məhəmmədkazım Mərvi, Aləm arayi Nadiri, hazırlayan Məhəmmədəmin Riyahi, s. 751.

[23] Jonas Hanway, Nadir Şahın yaşamı, s. 250, 252.

[24] Məhəmmədkazım Mərvi, Aləm arayi Nadiri, hazırlayan Məhəmmədəmin Riyahi, s. 409.

[25] Muhəmməd Kazım Mərvi, Aləm arayi-Nadiri, III cild,  s. 1075.

[26] Minosrki, Nadir zamanında İran, farscaya çevirən: Rəşid Yasəmi, s. 7.

[27] Muhamməd Kazım Mərvi, Aləm arayi- Nadiri, s. 27.

[28] Lockhart Laurence, Nadir Şah, farscaya çevirən: Müşfiq Həmədani, Şərq nəşriyyatı, Tehran- 1331 (h. ş), s. 140-141.

[29] Rza Şəbani, Avşarlar dönəmində İran tarixi, I Cild, s. 66.

[30] Jonas Hanway, Nadir Şahın yaşamı, farscaya çevirən: İsmayıl Dövlətşahi, s. 7.

[31] Marianna Rubenovna Aroonova- Klara Zarmairovna Ashrafian, Nadir Şah Avşarın dövləti, farscaya çevirən: Həmid Əmin, Şəbgir nəşriyyatı, II yayın, Tehran-1356 (h.ş), s. 161, 162.

[32] Lockhart Laurence, Asiyanın son fatehi Nadir Şah, farscaya çevirənlər: Qulamrza Avşar Nadiri və İsmayıl Avşar Nadiri, s. 240.

[33] Muhəmməd Kazım Mərvi, Aləm arayi-Nadiri, s. 20.21.

[34] Lev Qumilyov, Etnogenezis ve yeryüzü biosferi, s. 60.

[35] Rəsulzadə, İran Türkleri, Türk Yurdu, 2.c., 1328 / 1912. Sayı: 6(18), s.551-556.

[36] Jonas Hanway, Nadir Şahın yaşamı, s. 298.

[37] Jonas Hanway, Nadir Şahın yaşamı, s. 158.

[38] Əhməd Kəsrəvi, Məşrutə tarixi, Tehran—1346, s. 7.

[39] Nurullah Larudi, Qılınc oğlu Nadir, s. 234.

[40] Əhməd Kəsrəvi, Nadir Şah (Dr. Lockhart Iaurence´in Nadir Şah haqqında nitqi), s. 1.

Share: