ŞAİR AFAQ ŞIXLININ SEVGİ DÜNYASI
Zemfira MƏHƏRRƏMLİ
Yazıçı-publisist
Deyirlər, hər bir qələm sahibinin həyatı onun sənət, yaradıcılıq taleyinə güzgü tutur, işıq salır. Söz-söz cücərən əsərlər, misra-misra doğulan şeirlər sənətkar ömrünün bəhrələri, arzu və ümidləri, sevinci, kədəridir. Tanınmış söz adamı, şair Afaq Şıxlının şeirləri kimi.
Xeyli müddətdir ki, Moskvada yaşayıb yaradan, ixtisasca həkim olsa da, həyatını ədəbiyyata, poeziyaya həsr etmiş istedadlı el qızımız Afaq Şıxlını doğma yurdda da yaxşı tanıyır və dəyərləndirirlər. Şair, publisist, tərcüməçi A.Şıxlı Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya və Rusiya Yazarlar Birliklərinin, Rusiya Poeziya Akademiyasının, habelə Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüdür. 2015-ci ilin yanvar ayından Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunub.
Afaq xanım türk və rus dillərindən bədii tərcümələr edir. Son illərdə şeir və hekayələri respublika mətbuatında dərc edilib, eləcə də bir çox internet saytlarında oxuculara təqdim olunub. 1000-dən artıq şeir, hekayə və publisistik yazının, 6 şeir və hekayə toplusunun müəllifidir. Şeirləri rus, türk və fransız dillərinə tərcümə edilib.
Şairlərin yaratdığı əsərlər iç dünyalarından süzülüb gələn duyğularının, bir də sənət qayələrinin nişanəsi, tərcümanıdır. Afaq Şıxlı üçün də şeir hisslərini ifadə etmək, düşüncələrini bölüşmək, dilə gətirmək vasitəsidir. Nə yaxşı ki, şeirlə yazılanlar daha çatımlı və tez oxunandır. Zamanın çox kiçik bir zərrəsi olan anı yaşamağı, o anın oyatdığı hissləri şeirdə əbədiləşdirməyi ustalıqla bacarır Afaq Şıxlı. O, bu günü yaşamağın, həm də anlayaraq, dərk edərək, incəliklərinə vararaq yaşamağın fərqindədır. Doğrudur, bəzən həzin kədər gətirir insana hansı anısa yaşamaq… “Yadına mən düşəcəm” şeirində olduğu kimi:
Yenə sakitlik çöküb üfüqlər qaralanda,
Əl-ayaq çəkiləndə, təkbaşına qalanda,
Əlində kağız-qələm xəyallara dalanda
Yadına mən düşəcəm.
Səmtini azan külək pəncərəni vuranda,
Xəyallar bir yük kimi düşüncəni yoranda,
Məhəbbətsiz yaşamaq gözlərinə duranda
Yadına mən düşəcəm.
Yaxud “İşi yaman çətindir sevgi adlı dünyanın” deyən şairin duyğuları daha bir şeirinin doğulduğu anda xoş, nikbin ovqata köklənir:
Gələcəyik dünyaya
Hər gələn yazla birgə.
Biz öldükdən sonra da
Sevgimiz yaşayacaq
Ruhlarımızla birgə!
Afaq Şıxlı şəxsiyyətinə, mənəviyyatına qibtə edilən söz adamlarındandır. Pərəstişkarları şairin məhəbbət şeirlərini də çox sevirlər. Gözəl ruhlu, bədii siqləti ilə seçilən şeirlərini. Çünki Afaqın şeirləri onun özüdür, iç dünyası, köksünə sığmayan duyğularıdır:
Səni düşündükcə xəyalım çaşır,
Ürəyim bir ayrı dünyada qalmış.
Ruhum divanətək gəzib dolaşır,
Ümidim bir dəli fəryada qalmış.
Bu şeirlərin baş qəhrəmanı əhdinə vəfalı, sevgisində sadiq və qərarlıdır:
İsidib dərdimi öz nəfəsimlə,
Dinirəm ruhumun çaldığı simlə.
Ayrılıq ömrünü sürür mənimlə,
Vüsalım o sənli röyada qalmış…
Ümidini, həyat eşqini itirməyən şair sevgisində səbatlı olduğu qədər də qürurludur:
Qarşında seçim var – sevgi, ya qürur…
Vüsalla açanda neçə sədd durur.
Bircə qəlb qəlbinlə həmahəng vurur,
O da ya qismətdi, ya qismət deyil!
Digər şeirində “Başa gələn boş deyil ki, sevilməmək xoş deyil ki…” deyən şair gəldiyi qənaəti də dilə gətirir:
Afaq, qəmi atma içə,
Qəzəbini endir heçə.
Həyatdı bu, hər şey keçər,
İradəni yoxla bir az! – deyir.
Həmin baş qəhrəman eşqində nikbin, səmimi, güzəştə gedəndir, çox vaxt sevgiləri yarı yolda qoyan hər cür qınaq və yerli-yersiz iradlardan uzaqdır. “Düşünmə” şeirində oxuyuruq:
Mən gözəl günləri salım yadına,
Sən unut keçmişi gəlincə bahar.
Mən nəğmə söyləyim sevgi adına,
Sən umu-küsünü başından çıxar!
Budur Azərbaycan poeziyasının zəriflərindən birinin – Afaq Şıxlının və onun qadın qəhrəmanının içində boy verən sevgi duyğuları. Pak, saf, göz yaşı kimi dumduru… Şairin poetik deyimləri təzədir, dipdiridir, təkrarlanmadığı üçün bənzərsizdir. O, dərdin şəklini sözlə görün necə çəkir:
Eşqin sonu sərin olar –
Qəlb yarası dərin olar.
Ömür ya
man şirin olar
Vaxt boğazda daralanda.
“Simin səsi zilə düşər qəm əlindən saralanda”, “Dünyaya bir şeir gələr ürək yanıb qor olanda” deyir Afaq Şıxlı. Bu deyimlər onun poeziyasının ulu folklorumuzdan, zəngin xalq yaradıcılığından qaynaqlanmasının, milli kökümüzə söykəcin nişanəsidir. Məhz bu üzdən Afaq xanımın əsərlərinin dili xəlqi, aydın və oxunaqlıdır. Göründüyü kimi, bu şeirlərdə xalq dilinin sadə ifadə vasitələri şairin iç dünyasında yaranan ehtizaza, emosiyaya həmahəng olaraq obrazlaşıb.
Sevə-sevə həyat verdiyi, göz nurunu içirdiyi şeirlərində A.Şıxlının xarakter yaratmaq yaradıcılığı da aydın görünür:
Enən yoxdu yüzdən birə,
İstər dondan-dona girə.
Həyat, məni vurma yerə –
Sürünməyi bacarmıram!
“Yaxşıdırsa, yaman kimi görünməyi bacarmayan” söz adamı “Deyirlər” şeirində şairlərin obrazını, surətini, həm də könül dünyasını nəzmə çəkir:
Əlində bir qələm, gözündə eynək,
Məclislər sultanı olur şairlər.
Naşılar nə bilsin, nə çəkir ürək,
Nədən həsrət ilə dolur şairlər?
“Kim bilir əslində, kimdi bəxtəvər” deyən şair “İstedad çox zaman əzab gətirər” qənaətinə gəlir.
Dövranın gərdişi, taleyin hökmü ilə dünyanın ayrı-ayrı ölkələrinə səpələnib insanlar. Qərib eldə yurd-yuva salmağın isə, necə deyərlər, boranı, qarı, çovğunu var. Bəlkə elə qürbətdə yaşamağın nisgili hopub Afaq xanımın şeirlərinə
Ömrüm durna dəstəsidir,
Taleyim kar bəstəsidir.
Könlüm Vətən xəstəsidir,
Kökümdən qopmuş kimiyəm…
Yaxud:
Ürəyimiz oyuq-oyuq,
Sən də mənim kədər dostum.
Vətən isti, qürbət soyuq…
Bu nə tale, qədər, dostum?
Vətəndaşlıq borcunun dərkidir bu şeirlər. Afaq Şıxlı “Vətəndən uzaqda – Azərbaycanam, onun nəğməsiyəm, onun diliyəm” söyləyir, doğma yurddan aralı düşəndə özü də qəribsəyir, misraları da:
Hələ də yoldayam, tale yazılı,
Hələ də həsrətə üsyan edirəm.
Ayrılıq dəmidir, əlim uzalı…
Mən yenə Bakımı qoyub gedirəm.
“Qürbət türküsü” şeirində məmləkətini sevən, tarixi Vətəninə, ata ocağına bağlı, yurdunun xoş gününə sevinən, dərdini öz dərdi bilən söz adamının narahatlığı, əndişəsi əksini tapıb:
Göylərə üz tutub ümid duası,
Sözlərim qayıdıb özümə dəyir.
Könlümdən keçsə də, Vətən havası,
Qürbətin küləyi üzümə dəyir.
Afaq Şıxlının doğulduğu Qazax bölgəsindən Meksikaya aparılan, istirahət parkında əkilən, “özü istəmədən qürbətə düşən” palıd ağacına xitabən yazdığı şeirində şair bu yaşıl çətirli gözəllik mücəssəməsinə üzünü tutub “oxşar imiş taleyimiz” deyir. “Bu gün dünən olanda” şeirindəki “Bax, o zaman qurtulub qürbət əsarətindən, ruhlarımız dönəcək öz yurduna, elinə” misraları isə şairin arzu və ümidlərinin çin olacağına inamının ifadəsidir.
Şairin poeziya nümunələrindən belə bir yəqinlik hasil olur ki, düşündüyümüz və ya heç ağıla gəlməyən, yada düşməyən hər hansı bir mövzu yalnız öz obrazlı ifadəsini tapdıqda ədəbiyyatın predmetinə çevrilə bilər. Afaq xanımın barəsində söz açdığım şeirləri bu gerçəkliyi bir daha təsdiq edir.