HÜSAMƏ bin SƏRXAN yazdı
Yaxşı misaldı: “Elin ağzı torba deyil ki, büzsün!” Halonki, torbanın büzülməsi ölkə vətəndaşlarının fikir və düşüncə azadlığına qəsd olardı.
Hakimiyyət iyerarxiyasının zirvəsindəki Prezidentin və 1-ci vitse-prezidentin əməli fəaliyyətini şərtləndirən ən mühüm amillərdən biri, bəlkə də birincisi elin ağzından çıxan hər sözə, hər ifadəyə həssas yanaşmadır. Məhz onlardır, – hər bir ölkə sakinini ədalətli çağırışlara qoşulmağa, ictimai tribunadan yararlanmağa səsləyənlər!
Əslində, müasir dövlət başçılarının nə reqlamentində, nə fəaliyyət gündəliyində nəzərdə tutulmayan məqamdı. Mənə İlham Əliyev kimi ikinci bir dövlət başçsı göstərin ki, ölkə vətəndaşlarından dövlət və özəl qurumlardakı mümkün qanunsuzluqlara, neqativ hallara qarşı ictimai fəallıq, obyektiv vətəndaş mövqeyi tələb etsin. Bəlkə Tramp? Bəlkə Makron, yaxud Putin? Yoxsa din və qan qardaşlarımız Ərdoğan və Ruhani?
Zəhmət çəkməyin, göstərə bilməyəcəksiz. Türlü əks arqumentlərlə fikirlərimi rədd edə bilərsiz, zira mahiyyət dəyişməyəcək. Çünki, əndirəbadi demokratiya ənənələrinə təkcə mənim yox, elə sizlərin də qarınları toxdu. Onsuz da hər birimiz bilir və anlayırıq ki, dünyanın heç bir ərazisində dövlət başçısını xalq seçmir. Demokratiya siyasi təlim olaraq pişiyi torbaya salmaq elmidir və ən ali məqsədi bütün dünyanı öz müstəmləkəsinə çevirməkdir.
Malasəf, Dövlət Başçımızın yazılmış və yazılmamış fundamental dəyərlərə, söz və ifadə azadlığına humanist yanaşması, bəzi hallarda korporativ maraqları naminə canfəşanlıq göstərən bir çox işbaz-dəllalın neqativ fəaliyyətinə fürsət yaradır. El-obanın adından və ağzından manipulyasiya vasitəsi kimi istifadə edən belə tiplər, yalançı qəhrəman obrazında cəmiyyətə dürtülməklə, əsas məqsədlərini gizli saxlamağa çalışırlar. Və onların iblisanə fəaliyyət dramaturgiyasının qurbanları, adətən sadə, təmkinli və mülayim xarakterli insanlar arasından seçilərək linç edilən məşhurlar olur.
Bu mənada alim-müəllim, 68 saylı Cəlilabad (kənd) seçki dairəsindən Milli Məclisə üzv seçilmiş Elman Nəsirov fenomeninə münasibət birmənalı deyil. Görəsən, bəzi hal və məqamlarda ona yönələn xəbis və riyakar çağırışların səbəbi nədir? Axı o, ona aid işlərin öhdəsindən gəlməyi bacarır, həm fiziki, həm mənəvi anlamda seçicilərinə yaxın və xeyirli olmağa çalışır, seçicini əzən problem və çətinliklərin aradan qaldırılması üçün var gücünü sərf edir.
Bəs onda nə baş verir? Doğurdanmı, səbəb odur ki, ÜMİD(sizlər) partiyasının vokal səsli lideri İqbal Ağazadə hansısa polemikada opponenti olan Elman Nəsirova Dəmir Mayk aqresivliyi sərgiləmiş, Demos Rusos səsiylə bağırmaq “cəsarəti” nümayiş etdirmişdir? Bəlkə, İqbal Ağazadənin erməni olduğunu zənn edib, bu “məğlubiyyəti” Elman müəllimə bağışlaya bilmirsiz? Əgər belə bir düşüncədəsizsə, yanılırsız. Yanılırsız o mənada ki, nə İqbal Ağazadə ermənidir, nə də Elman Nəsirov erməni qarşısında “əl qaldıran” əsgər. Sədi Şirazi nə demiş? – “Biliksiz bir şəxs döyüş barabanına bənzər: səsi çox, içi boşdur.”
Fəqət, təkcə bu deyil. Hər gün onlarla dövlət adamı, adi insan, həkim, ziyalı və sair koronavirus adlı bəlayla əlaqədar ölkə sakinlərini daha məsuliyyətli olmağa səsləyir; əks təqdirdə inzibati tədbirlərin sərtləşdirilməsini tələb edirlər. Amma nə baş verir? Təhqir edilən, mənəvi təzyiqə məruz qalan, yenə Elman Nəsirovdur. Sanki həkimlə, polislə, vayankomla, sobezlə, icrayla, hətta arvadıyla problemi olanlar, “ümumlilli xasiyyət”lərinə sədaqət nümayiş etdirib içlərindəki neqativ hisləri Milli Məclisin ən “üzüyola” deputatına yükləməkdən zövq alırlar. Halbuki, rayonumuzu parlament tribunasında təmsil edən, daha iki deputatımız vardır. Şübhəsiz, deputatlarımızın heç birinin fəaliyyətinə kölgə salmaq fikrim yoxdur. Xüsusən, xeyirxah əməlləri ilə daim gündəmdə olan Malik Həsənovun.
Hər kəs xatırlayır ki, Elman Nəsirovun qanunverici orqandakı nümayəndəliyi Göyçay rayonundan başlayıb. Əksər Cəlilabadlılar onu ictimai aktivliyinə, siyası mövqeyinə, politoloji fəaliyyətinə görə tanıyıblar və seviblər. O, rayonumuzun yetişdirdiyi ən samballı simalardan biridir. Onun obraz olaraq çatışmayan cəhəti sadəliyi və “oliqarxlar klubu”ndan kənarda qalmasıdır. Neynəmək olar, baxışlar və şərtlər dəyişir; lap elə ingilis ədəbiyyatşünası Çarlz Kaleb Koltonun dediyi kimi: “Millət əxlaqsızlaşmağa başlayanda yoxsulluğa daha böyük həqarətlə, zənginliyə isə daha böyük hörmətlə baxır”. Düzdür, Elman müıllim yoxsul birisi deyil, ancaq zəngin də deyil. Belə demək caizsə, onun qazandıqları ailəsinə çatacaq və şəxsən tanıdığı imkansızlara “əl tutacaq” qədərdir.
Sadəlik Allahın insana bəxş etdiyi ən ali sifətlərdəndir. Elman müəlliminsə o sifətdən imtina etməyəcəyi gün kimi aydındır. Çünki, “boyuna biçilmiş” sadəlik, səmimiyyət, dürüstlük “takım əlbisəsi”, onun tükənməz insani zənginliyinin təzahüridir.
O, gerçəkçidir, düşük siyasi şoular yaratmağı xoşlamır. O, daxili və xarici düşmənlərimizin hədəfindəki nüfuzlu siyasi politoloqlardan biridir. O, həm də eynən bizlər kimidir: yediyimiz yeməklərdən yeyir, içdiyimiz sulardan içir, geydiyimiz paltarlardan geyir, hətta bəzən yaşadığımız problemlərdən yaşayır…
Keçən əsrin otuzuncu illərində İngiltərədə, istehza ilə deyilsə də aforizmə çevrilmiş ibrətamiz bir məsəl varmış: “Kütlənin qəti əqidəsinə görə, arvadına xəyanət edən adama intelligent deyilir.” Məsələnin maraqlı tərəfi odur ki, bu üzdən heç kim özünü intelligent adlandırmaq istəmirmiş.
Deyirəm bəlkə, bizlər də intellekt və düşüncəmizi ortaya qoyub, samballı bir zərb-məsəl “quraşdıraq”. Elə bir zərb-məsəl ki, öz şəxsi maraqları naminə hörmətli insanları, nüfuzlu dövlət və siyasət adamlarını el-oba adından təhqir və şantaj edən sosial şəbəkə “qəhrəmanlarını”, işbaz-dəllalları ya qeybətdən, ya intelligent olmaqdan çəkindirsin.
Bir daha xatırladıram: “Elin ağzı torba deyil ki, büzsün.” Yəqin söhbətin hansı ağızdan getdiyini anladınız.
10 iyul 2020-ci il