Nəfəsin kürəyimdə qulağımın dibində – Sevincək Elsəvər

Nəfəsin kürəyimdə qulağımın dibində – Sevincək Elsəvər

Bir şeir rublikası

mən sənə soxulmuram
qürurumdan
ürəyim getsə belə
istəsəm belə
düşmürəm ayaqlarına
qucmuram belini
lənət olası qadınlığımdan

sən dopdolu sevgiylə baxırsan
mən büdrəyib yıxılan
uşağa cumuram
-vay… vay…- qışqırıram
hara baxırdın, hara?
giririk bir-birimizə

uşaqlar oynayırlar
başları qarışıb yaman
mən
mətbəxdə qab yuyuram
ayağının səsini duymuram
amma bilirəm  arxamdasan
nəfəsin kürəyimdə
qulağımın dibində

bir də gördün
bu an
peyda oldu aramızda qızım
-qızım, nə lazım?
soruşursan çaş-baş
batır-bulanır
fairy-nin  köpüklərinə üst-baş
qaynayır üstündə bozbaş
pörtür pəncərələrimiz
pörtürəm mən
axşam düşür
uşaqlar yatır
sən mənə qıymırsan
yorğunluğumdan
ay da batır yavaş-yavaş
gün də çıxır
daha bir günə giririk sevişmədən
sən və mən
eşqdən yanıb-tutuşan iki bədən.

 

Share: