Nənəmgilə gedirəm…

Elçin HÜSEYNBƏYLİ 

(Belə-belə işlər)

Bir neçə ayın söhbətidir. Pencək geyinən vaxtı. Parkda gəzirəm. Cavan bir qadın (xanım) bir az irəlidə yorğun-yorğun gedir. Hiss edirəm ki, qayğılıdır.  Birdən arxaya dönüb “Atilla” deyə çağırır. Mən də arxaya çevrilirəm, 6-7 yaşlı, beli çantalı bir uşağın arxamızca gəldiyini görürəm. Uşaq qəfildən geri dönür və tələsgən addımlarla harasa gedir.

Cavan xanım:

-Atilla! – deyə yenidən onu çağırır.

Amma “Atilla” deyilən o uşaq çağırışa heç bir məhəl qoymur.

Cavan xanım:

-Atilla, hara gedirsən!?

Atilla dayanır, ayaqlarını yerə döyür, mızıldanır…

-Atilla!?

-Mən nənəmgilə gedirəm! -deyə uşaq ayağı ilə yeri cızaraq qəti şəkildə deyir.

Cavan xanım yumşalır:

-Nənəgilə sonra gedərik, -deyir.

Və burdaca anlayıram ki, uşaq ya məktəbdən, ya da hazırlıqdan gəlir, cavan xanım isə onun anasıdır…

-Yox e, mən nənəmgilə gedirəm.

-Dedim axı sonra.

Uşaq israrlıdır:

-Yox e, mən indi nənəmgilə gedirəm!

Bu sətirləri yaza-yaza fikirləşirəm ki, görəsən, niyə uşaq öz evlərinə yox, nənəsigilə can atır?

Nəvəm olmasaydı, mən nə o hadisəni xatırlayardım, nə də “Atilla, hara gedirsən?” sualına cavab tapa bilərdim.

Əslində bu sualın cavab aydındır.  Atilla ona görə öz evlərinə yox, nənəsigilə can atır ki, orda onu dadlı aura gözləyir: fərqi yoxdur dadlı yeməkmi olsun, ya dadlı öpüşlərmi. Uşaq üz göstərilən yerə gedir.

Ana məşğul və yorğundur. Balasına təzə yemək bişirməyə vaxtı və həvəsi yoxdur. Nənə isə “komsomoldur”. Komsimol kimdir? Orasını deməzlər. Məşhur kinonu görənlər xatırlayarlar, yəqin…

Nənə ağzının tikəsini nəvəsinə verər…

Mənim nənəm-babam olmayıb. Yəni onları görməmişəm. Amma mən babayam. Nəvəmin nənəsi də yanımdadır və bu epizod mənə çox tanışdır…

Nəvəsi olmayanlara nəvə arzulayiram. Çünki nəvənin mahiyyətini, yəni onun şirinliyini yalnız baba və nənələr bilər.

Bu sözləri isə nəvədən eşitmək həmişə xoşdur:

“Mən nənəmgilə gedirəm!”

İyul

2019

 

 

Share: