Kulis.az Mahir N. Qarayevin “Nərimanın yazmayan qələmləri” adlı yeni yazısını təqdim edir.
Nəriman Əbdülrəhmanlı – 65
Dünyaya ötən əsrin 58-ci ilində (iyun ayının 3-də) Qaraçöp mahalında göz açmış Nəriman Əbdülrəhmanlının 65 yaşı tamam olur.
Nərimanı çoxdan, lap çoxdan tanıyıram, amma tanıdıqlarımın arasında Nəriman yeganə adamdır ki, onunla haçan, harda və necə tanış olduğum yadımdan
çıxıb. Nəriman həmin günü yaxşı xatırlayır, intəhası yadıma salmağa nə qədər çalışsa da, yadıma düşmür.
Artıq on ilə yaxındır Nərimanla eyni təşkilatda, əksəriyyəti doğma olan qələm adamlarının arasında birgə işləyirik və artıq beş ildir eyni otaqda üzbəüz otururuq.
Sözü qəsdən hərlədib bir otaqda oturduğumuz vaxta, müddətə gətirmək istəyirəm, çünki bu müddətdə bir neçə dəfə olub ki, çoxdan, lap çoxdan tanıdığım Nərimana baxıb fikirləşmişəm: mən bu adamı tanıyırammı?
Bu sualı hərdən ağlımdan keçirməyim səbəbsiz olmayıb: min ildi tanıdığım Nəriman gözləmədiyim min birinci hərəkətilə məni, sözün yaxşı mənasında, mat qoyub – ən azından, təəccübləndirməyi bacarıb.
Başağrısı olmasın, tək elə bircə misal gətirim: təsadüfən biləndə ki, Nəriman “Yolçu” romanını bütün gün arxasından qalxmadığı kompüterdə deyil, qələmlə yazıb, düzü, əvvəl inanmamışdım.
Nərimanın romanları arasında ən çox bəyəndiyim məhz “Yolçu”dur – o həcmdə zəngin materialı su kimi axıcı dillə qələmə alıb ortaya qoymaq, üstəlik
bu yükü qələmlə çəkmək, hər yazıçının hünəri deyil və düşünəndə ki, bu boyda əziyyətə iynəylə gor qazırmış kimi qatlaşasan… daha ona sözüm qalmadı.
Yadımdadır ki, o vaxt bu roman barədə ən sanballı yazını Kamal Abdulla yazmışdı: həm peşəkar səviyyədə təhlil etmişdi, həm də əsərin obyektiv qiymətini vermişdi. Bu, öz yerində.
Məni təəccübləndirən o idi ki, əcəba, bütün gün kompüter arxasında gördüyüm Nəriman texnikanın aşkar üstünlüyündən imtina edibən niyə qələmlə yazsın, dünyanın texniki baxımdan bu “düz” vaxtında niyə özünü dağa-daşa salsın?! Təəccüb öz yerində, amma bu hərəkəti ilə Nəriman özü bilmədən mənə bir az da doğmalaşdı – məsələ orasındadır ki, mənim romanımdakı dünyanın ən yaxşı yazıçısı olmağa iddia edən obraz, Nərimanı da arxada qoyub, əsərlərini karandaşla yazırdı – ucunu yonmaqdan yorulmadığı adi karandaşla! (Təsadüfə bax ki, onda hələ Nərimanın o Yazıçıdan xəbəri olmadığı kimi, mən də “Yolçu”nun qələmlə yazıldığından xəbərsiz idim).
Roman demişkən (söz sözü çəkdi), Aqşin Yeniseyin “Tarix və Tale” romanının ortasına çatanda özümü saxlaya bilmədim, Aqşinə zəng vurdum və bir xeyli danışıb dərdləşdik. Sözün gözəxoş səthində gəzişib oxucuya kəfi xörək yerinə yedizdirən (qəbrin nurla dolsun, Əli Kərim!) çızmaqaraçı müəlliflərdən fərqli olaraq, Aqşin öz arıqca canıyla külüngün ən ağırından yapışıb işin ən çətininə girişmidi. Amma gözlədiyim kimi (zənnimdə yanılmamışdım), çəkdiyi əziyyətdən, qatlaşdığı əzabdan gileyli deyildi, əksinə, məmnun idi, xoşnud idi!
Bax, o boyda romanı qələmlə yazan Nəriman da o cür!
Bu yerdə öz Korifeyimdən bir sitat, məncə, yerinə düşər: “Tolstoy hər romanın üzünü neçə dəfə köçürtmüşdü? Çoxları hələ də elə zənn edir ki, guya qraf əsl cəhənnəm əzabı çəkib. Amma bunun nəyi əzabdır?! O ağırlıqda yükü əzabla deyil, yalnız və yalnız sevgiylə çəkmək mümkündü, Tolstoy da hər sözün, hər cümlənin nazıyla oynaya-oynaya, əslində, cəhənnəm əzabı yox, cənnət həzzi duyub. Cek London düz buyurub ki, dünyada ən böyük həzz – yaradıcılıq həzzidir və bu hesabla götürəndə Tolstoy o həzzi hamıdan çox dadıb…”
…Və indi çoxdan, lap çoxdan tanıdığım Nəriman Əbdülrəhmanlının 65 yaşı tamam olur…
“Yolçu”dan xeyli qabaq Nərimanın “Yalqız” və “Yolsuz” romanları ilə tanış idim – Nəriman o romanları bir-birinin ardınca 2010-cu və 2011-ci ildə keçirilən Milli Kitab Mükafatına göndərmişdi.
Ekspertlərdən biri olduğum müsabiqədə, bəxtimdən püşkatma vaxtı hər iki roman mənə düşmüşdü və hər ikisi də asanlıqla ekspertlərin ilk onluğuna adladı (“Yolsuz” öz yoluna davam edib, hətta münsiflərin ilk üçlüyünə də keçə bildi). Nərimanı yaxından tanıyan qələm adamları bütün bunlardan xəbərdardır, çünki Nərimanın həyat və yaradıcılığı barədə dostları çox yazıblar, hətta Sabir Bəşirovun “Nəriman Əbdülrəhmanlı. İşıq adamı” və Yeqzar Cəfərlinin “Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı” adlı monoqrafiyalarını “Qanun” nəşriyyatı kitab şəklində çapdan buraxıb. Mənim xatırlamalarım, sadəcə, Nərimanı təzəlikcə kəşf edən cavanlar üçündür: qoy onlar adını çəkdiyim romanlardan başqa imkan tapıb həm də “Könül elçisi…”, “Qurban”, “Taclı” və hələlik sonuncu olan “Şəms” romanını oxusunlar. Bax elə gənc tədqiqatçı, “Nəriman Əbdülrəhmanlı nəsrində
özünüdərk problemi” mövzsunda monoqrafiya yazmış Könül Əmrahova da məhz bunu vurğulayır:
“80-ci illər nəslinə mənsub olan Nəriman Əbdülrəhmanlının yaradıcılığı müstəqillik dövrü ədəbiyyatımızın sanballı səhifələrindən birini təşkil
edir. O, bugünkü ədəbi prosesdə nasir, publisist, ssenariçi, kino tarixçisi, tərcüməçi və tədqiqatçı kimi tanınsa da, nasir qismində daha sanballı uğur qazanıb, onlarla hekayəsi, iki povesti, yeddi romanı ilə Azərbaycan bədii nəsrinə orijinal obrazlar, xarakterlər, təkrarolunmaz süjet xətləri, modern nəsr texnikası gətirib. “Göy adamı” və “Dönəlgə” povestləri, “Yalqız” və “Yolsuz” romanları çağdaş nəsrimizin ən yaxşı nümunələrindəndir, eyni zamanda “Könül elçisi…”, “Qurban…”, “Yolçu”, “Taclı” və “Şəms” əsərləri ilə tarixi romançılığımız özünün yeni mərhələsinə daxil olub…”
Tədqiqatçının müşahidəsinə yalnız onu əlavə edim ki, bu uğurların əldə edilməsində Nərimanın özünəməxsus yazıçı xarakteri, zəhmətkeşliyi, əzmkarlığı, bəzən hətta tərslik kimi görünən prinsipial inadı başlıca şərt, əsas amildir.
…Yuxarıda qeyd etdim ki, Nəriman filan vaxt filan yerdə doğulub, bunun ardınca, ənənəyə sadiq qalıb, yəqin, belə yazmalıyam ki, filan-filan məktəblərdə
təhsil alıb, filan-filan yerlərdə işləyib, əsərləri filan-filan dillərə tərcümə olunub,
kitabları filan-filan ölkələrdə nəşr edilib, filan-filan konfranslara dəvət alıb, filan-filan müsabiqələrin qalibi olub, filan-filan mükafatlara layiq görülüb və sairə.
Amma belə faktları sadalamağa iki səbəbdən ehtiyac duymuram:
1) sadaladıqlarımın hamısı olub – yəni Nəriman həqiqətən yaxşı təhsil görüb,
sayını özünün də unutduğu çox yerdə işləyib, çox əsərlər yazıb, çox yazıçıları dilimizə tərcümə edib, çox ölkələrdə çap olunub, çox konfranslara dəvət alıb, çox müsabiqələrin iştirakçısı olub, çox mükafatlara layiq görülüb;
2) butün bunlar barədə Nərimanın vikipediyasında kifayət qədər dolğun məlumat var. Məsələn, tək elə bircə abzası nümunə gətirsək, görərik ki: “80-ci illərdə hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görən Nəriman Əbdülrəhmanlı həmçinin ciddi folklor araşdırmaları aparıb, topladığı zəngin və “unudulmuş” irsi kitab halında nəşr etdirib. Tərcüməçi kimi dünya ədəbiyyatı nümunələrini gürcü, rus və türk dilləri vasitəsilə dilimizə çevirib, 10 cildlik “Dünya nəsrindən seçmələr” antologiyası hazırlayıb. Çoxşaxəli yaradıcılıq sferasına malik olan, ssenariləri üzrə bədii və sənədli filmlər çəkilən Nəriman Əbdülrəhmanlı Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olmaqla yanaşı, 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasının müəllifidir. O həmçinin istefada olan mayor, Birinci Qarabağ müharibəsinin veteranıdır…”
…Və indi çoxdan, lap çoxdan tanıdığım Nəriman Əbdülrəhmanlının 65 yaşı tamam olur…
Çoxdan tanısam da, son beş ildə bir otaqda otursaq da, kənardan baxan ilk baxışda bizi yaxın zənn etməz, o səbəbdən ki, fərqli xasiyyətdə olduğumuzdan sözümüz heç də həmişə düz gəlmir – çəkişdiyimiz saatlar sözümüzün tutduğu dəqiqələrdən xeyli uzun olur. Hər şey çox sadədir: Nəriman yazıda konkretdir, mən vasvası; Nəriman hər sahədə sürətlidir, mən hər sahədə ləng…
Məsələn, Nəriman səyahəti xoşlayandır, münasib fəsil yaxınlaşan kim qərarını verir. Guya biz də ona qoşuluruq, yığışıb başlayırıq müxtəlif marşrutlar cızmağa. Müzakirə uzanır, uzanır… bir də görürük Nəriman həmin o gedəcəyimiz dağlardan, meşələrdən, kəndlərdən, şəhərlərdən bizə şəkillər, videolar göndərib. Zarafatından da qalmır: dostlar, səfər müzakirələriniz hələ davam edirmi? O ki qaldı öz ləngliyimə – yadımdadır ki, Universitetin axşam şöbəsində ikinci dərsə güclə gəlib çıxırdım, Tahir Kazımlı da duzlu Ordubad ləhcəsi ilə tələbə yoldaşlarımıza deyirdi ki, biz axşamda oxuyuruq, Mahir – gecədə…
Amma indi fikirləşirəm ki, bəlkə elə sözümüz tutmadığı üçün sözümüz tutur?!
Bəlkə, Nərimanla eyni cür düşünüb eyni cür danışsaydıq bir-birimizi ən azından darıxdırar, bir yerdə, eyni otaqda bu qədər çox qala bilməzdik?! Hər halda, evdə olduğumuz şənbə-bazar günləri bir-birimizdən dincəlmək əvəzinə futbolu, ya dəxli olmayan nəyisə bəhanə edib zəngləşməyimiz, yəqin ki, elə-belə deyil, fərqli xasiyyətin bizi yaxınlaşdırmasıdır. Ayrı nə səbəb ola bilər ki?!
…Və indi çoxdan lap çoxdan tanıdığım Nəriman Əbdülrəhmanlının 65 yaşı tamam olur…
İstədim, üç nöqtədən sonra başqa mətləbə keçim, amma baxdım ki, deyəsən, mən bu təkrar cümləmlə altdan-altdan Nərimanın bostanına daş atıram: axı özüm də ötən əsrin 58-ci ilindənəm, həyatda Nərimanın yaşıdı, ədəbiyyatda nəsildaşıyam və düz ay yarımdan sonra, inşallah, özümün də 65 yaşım tamam olacaq…
Amma və lakin neyləyim ki, cavanlıqda oturub-durduğum sənət adamları həmişə özümdən böyük olub, indi isə əksəriyyəti özümdən kiçikdir. Cavanların yazılarına mütləq baxıram, ümidverici imzaları yadda saxlayıb izləyir, çoxuna zəng vurub fikirlərimi də çatdırıram. Özümü isə Aqşin Yeniseydən sonrakı ədəbi nəslin nümayəndəsi sayıram – bunu Tahir Kazımlı yox, elə özüm düzüb-qoşmuşam. Hə, vallah: bunu Fəxri də bilir, Etimad Başkeçid də; Yaşar da bilir, Şərif Ağayar da; Salam da bilir, Zamin Hacı da; Ulucay da bilir, İlham Əziz də; Qurban da bilir, Hikmət Sabiroğlu da; Səfər də bilir, Səxavət Sahil də; Məqsəd də bilir, Etibar Cəbrayıloğlu da; Mirmehdi də bilir, Mübariz Örən də; Bədirxan Əhmədli də bilir, elə Nəriman özü də…
Amma özümü cavanlara nə qədər qoşsam da, Sovet dövrünün stereotipləri canımızdan çıxmır ki çıxmır (və deyəsən, hec çıxmayacaq da) – bir-birimizi sanki yuvarlaq “beşilliklər” üzrə təbrik edirik. Guya mən bu yazını Nərimanın 62, yaxud 64 yaşında yazsaydım dünya dağılardı? Bəs birdən…
Dünya köhnədən ölüm-itim dünyasıdı, indi isə lap betərdi: itkilərin adiləşdiyi, ölümlərin ucuzlaşdığı zamanda yaşayırıq. Bəs birdən… Nəriman bu yazını görə bilməsəydi, oxumasaydı… dilim-ağzım qurusun, elə bu yaxınlarda gül balasının toyu ərəfəsində Nəriman avtomobil qəzasına düşmədimi?!
Deməli, buna da şükür! Şükür ki 65 yaşı tamam olan Nəriman var, sağdır, diridir. Sözün hər mənasnda diridir: ailə qayğısı çəkir, işə gəlib-gedir, yazıb-pozur, dostlardan vaxtaşırı hal-əhval tutur, səyahətlərindən qalmır, gəzib-dolaşır, toyda-yasda iştirak edir, çağırılan yerə ar eləmir, çağırılmayan yeri dar eləmir.
Yer demişkən, dünyanı gəzib-dolaşmış Nərimanın bu dünyada ən xoşladığı yer masa arxasıdır, yazıb yaratdığı masanın arxası! Bu masa təkcə onun evindəki iş kabinetində deyil, Nərimanın qərar tutduğu bütün yerlərdədir. Yəni harda, hansı şəhərdə, hansı ölkədə olmağı fərq eləməz – Nəriman daim öz sevimli iş-gücündə, yazıb-pozmağındadır. Yazı-pozu intizamında Nərimanla müqayisə edilə biləcək sənət adamlarının sayı bir əlin barmaqlarından az olar ki, çox olmaz.
Nəriman çevik olduğu qədər də səliqəlidir. Mən onun arxivinin nə dərəcədə zəngin olduğunun fərqindəyəm: inanmıram ki, orada ədəbiyyatla bağlı tapılmayan nəsə olsun. Düzünü desəm, daha doğrusu, rəhmətlik Əhməd Oğuzu yada salıb
Saday Budaqlının sözünü təkrarlasam “ölümüzün-dirimizin yiyəsi” olan Nərimanın sürəti və çevikliyi qarşısında biz bir-birimizə ləng, zəhmətkeşliyi qarşısında tənbəl, qayğıkeşkiyi qarşısında biganə görünürük…
…Çoxdandı çapa hazırladığım roman barədə tez-tez soruşur, hər cavabımdan sonra da məni vasvasılıqda qınayırdı. Bir dəfə əl çəkmədi, az qala, yaxamdan yapışdı: on ildi ləngidirsən, ver o andırı oxuyum, fikrimi deyim. Üç gündən sonra gəldi ki, əladır, amma bir neçə sualım var. Qısası, oturub xeyli söhbət elədik. Üçcə gündən sonra baxıram ki, danışdıqlarımız “Kulis”də gedib. Hələ bu harasıdır?! Bir həftə sonra nəşriyyatdan “Korifey”in səhifələnmiş hazır variantı gətirib şərt kəsdi, mənə vur-tut bir həftə vaxt verdi ki, nə düzəlişin varsa, buyur. Yalvar-yaxarla onu iki həftəyə razı saldım. Düzdür, sonra daha iki həftə də oğurladım, amma bu müddətdə özü bekar dayanmadı, kitabın üz qabığını bir neçə variantda hazırladıb gətirdi. Beləcə, məni fakt qarşısında qoyub kitabı zorla çapa verdi, “sənə qalsa, hələ gərək on il də gözləyək” – deyib, işi axıra çatdırdı.
Bax, Nərimanın dostlara qarşı belə ərkyana və “amansız” qayğıkeşliyi də var!
…Bir dəfə neyçüncə mənə qələm lazım oldu, Nərimanın masasına yaxınlaşıb qələmqabındakı qələmlərdən birini götürdüm – yazmadı. Başqasını götürdüm, o da yazmadı. O birini götürəndə Nəriman başını qaldırıb soruşdu ki, sən orda nə
axtarırsan? Dedim, qələm lazımdır, amma deyəsən, bunların heç biri yazmır.
Dinmədi. Soruşdum: bu yazmayan qələmləri niyə saxlamısan, niyə atmırsan? Yenə dinmədi. Ertəsi gün gördüm qələmqabı boşdur. Fikirləşdim ki, yəqin mən deyən ağlına batıb, hamısını tullayıb. Heç demə, belə deyilmiş, hamısını evə aparıbmış.
Dedi, evdə üç sən gördüyün qədərdi. Maraq mənə güc gəldi: axı yazmayan qələmi niyə saxlayırsan? Deyəsən, kövrəldi: nə bilim, qələmi attmağa əlim gəlmir, – dedi.
…Və mən onu başa düşdüm: o qələmlər haçansa yazıblar, yuxusuz gecələrdə Nərimana yar-yoldaş olublar, sirdaş olublar, munis olublar.
“Yolçu” romanını həmin qələmlərlə yazdığını onda hələ bilmirdim, sonradan bildim…