Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Müstəqil.Az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
İlkin Süleymanov bildirib ki, Nərminin oğurlanmasının da, öldürülməsinin də ona heç bir aidiyyəti olmayıb: “Ağlasığmaz işgəncələr altında bu cinayəti üzərimə götürmüşəm. Etiraf ifadəsi verməyə məcbur olmuşam. Moskvada ali təhsil almışam. Bir müddət də orada işləmişəm”.
İlkin Süleymanovun ifadəsinə görə, xeyli vaxtdır Dondar Quşçu kəndində yaşlı valideynləri ilə birlikdə yaşayıb: “2019-cu il oktyabrın 12-də atam insult keçirdiyinə görə eyni kənddə yaşayan bacım İlhamə Süleymanova o vaxtdan tez-tez bizə gəlir, atama qulluq edirdi. İlhamə bizdə qaldığı müddətdə, yaxud Bakıda yaşayan övladlarının yanına getdiyi dövrdə bacımın kənddəki evində mən qalırdım. Çünki darvazanın qıfılı olsa da, evin, içəridəki otaqların açar-kilidi yox idi. Üstəlik, həyətdə toyuq-cücə vardı. Axşamlar gedirdim, səhər saat 10.00 radələrində qayıdırdım”.
İlkin Süleymanov Nərmin itkin düşdüyü gün – 2019-cu il noyabrın 21-də (həmin gün İlkin tərəfindən oğurlandığı iddia olunur) axşam bacısının evində qaldığını deyib. Qeyd edib ki, bunu təsdiqləyən şahidlər də var.
İlhamə Süleymanovanın evi kənddə Nərminin əmisi Arif Quliyevin qonşuluğunda yerləşir. Nərmin itkin düşməmişdən öncə həmin əmisinin evinə gəlib: “Noyabrın 21-də axşam bacımgildə qalmışdım. Noyabrın 22-də səhər bacımgildən gedəndə gördüm ki, Arifgilin qapısında polis maşınları var. Maraqlanmadım ki, nə məsələdi. Sonradan anam evdə dedi ki, sinif yoldaşın Şərifin ortancıl qızı Nərmin itkin düşüb. Mən heç o vaxta qədər nə Şərifin ortancıl qızını tanıyırdım, nə də adının Nərmin olduğunu bilirdim. Bircə böyük qızı Şəbnəmi tanıyırdım. 3-4 gün sonra küçədə Şərifi gördüm, uşağı soruşdum, dedi ki, xəbər yoxdur”.
İstintaq sənədlərində göstərilib ki, İlkin Süleymanov 47 gün ərzində Nərmini yaşadıqları həyətdəki evdə gizli saxlayıb, ona qulluq edib.
Amma İlkin Süleymanov məhkəmədə verdiyi ifadəsində göstərib ki, həmin 47 gündə dəfələrlə Gəncəyə, Şəmkirə, Tovuzun müxtəlif kəndlərinə toy, yas mərasimlərinə gedib.
İlkin Süleymanovun sözlərinə görə, Tovuzda “Fidan” şadlıq sarayında keçirilən toy məclisində pul siyahısını yazmaq ona həvalə edildiyindən həmin gün gecə saat 1 radələrində evə qayıdıb. Deyib ki, onu toy sahibi taksi ilə evlərinə göndərib.
İlkin Süleymanov ifadəsində 2020-ci il yanvarın 6-da yaşadığı evin qarşısında dərəlik ərazidə yanan meyiti necə görməsi haqda da danışıb: “Mən valideynlərimin yanında olmasın deyə, siqareti küçədə çəkirəm. Həmin gün gündüz Gəncəyə yas yerinə getmişdim. Axşam saat 7 radələrində yemək yeyəndən sonra siqaret çəkmək üçün darvazanın qarşısına çıxdım. Onda gördüm ki, qarşıda – dərə tərəfdə, Nazim dayının hasarının yanında nəsə yanır. Ora tərəf qaçdım. Orada meyvə, qoz ağacları var. Ora qonşular gizlicə zibil atır, yandırırlar. Bir müddət əvvəl yanğın o qədər hündürə qalxmışdı ki, ağaclara keçmişdi. Yanan ağaclar arasında bizim ağaclar da vardı. Qorxdum ki, yenə yanğın yuxarı qalxar, ağaclara ziyan dəyər. Yaxınlaşıb baxanda adam ayağı, ayaqqabı gördüm. Ora ən yaxın Nazim dayıgilin evidir, ona görə tez onlara qaçdım, qapını döymədən içəri girdim. Dedim, deyəsən, adam yanır”.
İlkin Süleymanov qeyd edib ki, Nazim Vəliyev gələn kimi qonşuluqda yaşayan Murad Süleymanovu çağırıblar. O, həm İlkin Süleymanovun əmisi oğludur, həm də həmin dövrdə Tovuz rayon Polis Şöbəsinin Post-Patrul Bölüyünün əməkdaşı imiş. O, tez bölüyün komandirinə zəng edib. Dərhal hadisə yerinə Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov və müavini Şahlar Cəfərov gəlib.
İlkin Süleymanov qeyd edib ki, hadisə yerində böyük ölçüdə ayaqqabı izləri və araba təkərinin yerlərini görüb: “Ona görə də Nazim Vəliyevə dedim ki, çalışıb o izləri tapdamasın, hüquq-mühafizə orqanlarına lazım ola bilər. Yanğını telefonumla videoya çəkəndə Nazim Vəliyevlə bu haqda danışıqlarımız da orada əks olunub”.
İlkin Süleymanovun sözlərinə görə, elə həmin gün – 6 yanvar 2020-ci ildə onu Tovuz rayon Polis Şöbəsinə aparıblar: “Dörd gün ərzində şöbədə müxtəlif formada psixoloji və fiziki təzyiqlərə məruz qaldım. Mənə təzyiq göstərən vəzifəli şəxslərin də adlarını çəkirəm. Onların arasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Tovuz rayon Polis Şöbəsinin o vaxtkı rəisi, hazırda isə təqaüddə olan Şirzad Əsgərov, o zaman onun müavini olan, hazırda isə Yevlaxda rəis müavini vəzifəsini tutan Şahlar Cəfərov, bu günlərdə vəzifəsindən azad edilən Tovuz rayon prokuroru Elçin Qəhrəmanov və digər şəxslərdir.
Əllərimi ayaqlarımın arxasına bağlayıb, aşağı əyilmiş vəziyyətdə gəzməyə məcbur edirdilər. Hər iki əlimi qandallayıb, dizüstə yerdə irəli-geri sürünməyə məcbur edirdilər. Mənə bu cür əziyyət verəndən sonra qaldırdılar rəis müavini Şahlar Cəfərovun otağına. Elə qandallı vəziyyətdə uzatdılar yerə. Şahlar Cəfərov dəyənəklə ayaqlarımın altına vururdu. Corablarımı çıxartdılar, ayaqlarımı isladıb, altına vururdular. Bir nəfər də başımdan vururdu. Başıma qazan, ya vedrə keçirdilər, üstündən dəyənəklə döyəcləyirdilər. Dəhşətli idi.
Həssas yerlərimə elektroşok verirdilər. Gördüm ki, dözə bilmirəm. Dedim ki, nə olar, endirin, nə istəyirsiz, eləyirəm. Gətirdilər, ayağıma corab, ayaqqabı geyindirmək istədilər. Ayaqlarım şişmişdi. Geyinə bilmədim. Tərlik geyindirdilər, müstəntiqin yanına apardılar. Müstəntiq rəisin otağının qarşısında qanıqara vəziyyətdə dayanmışdı”.
Növbəti proses mayın 11-də davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Hacı Zeynalov