Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində 1000-ə yaxın sakinin yaşadığı 4 girişli, 5 mərtəbəli olmaqla, Mir Cəlal küçəsi 42 saylı binada və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq Mir Cəlal küçəsi 42 saylı binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 4 ədəd giriş qapısı və 16 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Binanın giriş pilləkənləri aqlay daşla üzlənib. Bina sakinlərinin mərkəzi yola çıxışlarının pilləkənləri əsaslı təmir edilib.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 3000 kv.m asfalt örtüyü, 300 kv.m tamet daşı vurulub, 200 p.m-dən artıq yeni bardürlər qoyulub, 150 p.m. istinad divarı hörülüb. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılmış, sakinlərin avtomobillərini saxlamaları üçün parklanma yerləri təşkil olunmuşdur.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.