Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir.
Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Xocalı facəsinin otuz birinci ildönümünə həsr olunmuş “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” adlı tədbir keçirilib.
Tədbirdə RİH Başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri, rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri, veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib: “Bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanıb”
Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompazisiya və şerlər nümayiş olunub, Xocalı soyqrımına aid videoçarx göstərilib.
Tədbirin sonunda Xocalı sakinlərinə ərzaq bağlamaları verilib.