Xəbər verdiyimiz kimi, Müstəqil.Az və “Dınizçilərə Sosial Dəstək” İctimai Birliyinin birgə layihəsin olaraq istedadlı dənizçilərimizin yaradıcılığına , onların görünməyən tərəflərinə işıq tutmaqdır. Budəfəki qonağımız AXDG QSC XDND idarəsinin təcrübəli dənizçisi, istedadlı şair Bəhram Şəmsdir. Onunla götürdüyümüz müsahibəni təqdim edirik.
-Bəhram bəy, sizin yaradıcılığınızı müşahidə edirəm, diqqətçəkən şeirləriniz var, deyin sizin üçün poeziya nədir?
– Poeziya hər kəsin yaşamaq istədiyi, amma hər kəsində orda yaşamağa hünəri çatmadığı bir dünyadır. Hamımızın yaşadığı dünyadan fərqli olaraq poeziya dünyasının sakinlərini də fərqli insanlardır. Burada hər şey fərqlidir. Adi həyatda yasaqdır deyə, gizlətdiyin hisslərin dünyasıdır poeziya. Bir sözlə, içimdə gəzdirdiyim ,xəyal etdiyim hisslərimin azadlığıdır poeziya…
-Bəs nə vaxtdan şeir yazırsız, nə vaxt hiss etdiz ki, yazmasanız olmaz?
-Hələ uşaq yaşlarından yazmağa başlamışam. Təxminən 12-13 yaşlarımdan. İlk dəfə bir təmsil yazmışdım :
Qarğa dastan yazmağa
Məşğul idi bir zaman ,
Vədə gəldi yetişdi
Hazır oldu bu dastan.
Bu dastanı tezliklə
Əzbərlədi qarğalar,
Şair qarğa yazmışdı
Bircə kəlmə – “qarr..qarr!”
Bu təmsillə də mənim poeziya aləminə səyahətim başladı və hələ də davam edir.
-Sosial şəbəkələrdə müxtəlif məzmunlu şeirlərinizi oxumuşam. Ən çox hansı hisslərin tərrənnümündə özünüzü rahat ifadə edə bilirsiz?
– Bilirsinizmi, Faiq müəllim, nəsə yazmaq istəyəndə konkret hansısa mövzu beynimə gəlmir. Yəni oturub fikirləşim ki, mən bu gün dənizdən yazacam, yox, o yazılmış yazı o zaman şeir olmur, sadəcə mövzu xatirinə yazılmış bir yığın sözdür. İçimdən gələn bütün mövzulara toxunuram, amma dənizdən yazanda çox rahat gəlir mənə.Ruhumdakı coşqunluq və fənizin təlatümü bir birini tam tamamlayır məncə.Dənizdən yazanda sırf özümdən yazıram , ,,Dənizə yağış yağır ” , ,,Dəniz ləpələri gəlin aparır “, ,,Boz qaya” və s.şeirlərim sırf bu qəbildən şeirlərdir olur.
– Hər kəs nədən yazırsa yazsın, orada mütləq özü olur. Bəlkə siz şeirlərinizdə özünüz haqda deyə bilmədiyinizi burda oxuculara deyəsiniz. Bəhram Şəms kimdir, harda doğulub, daha çox özündə nəyi ehtiva edir?
– Bəhram Şəms 1972 -ci ildə Masallı rayonunun Türkoba kəndində, fəhlə ailəsində doğulmuş bir kəndli balasıdır. Şairlik mənə ana nənəmdən irsən keçib, desəm, yalan olmaz. Rəna nənəmin iki sinif təhsili vardı, amma sinəsi əməlli-başlı söz xəzinəsiydi. Biz uşaq olanda atamın da ara sıra şeirlər yazdığını görürdük, amma o bunu çox ciddi şəkildə gizlədirdi. Sonradan onun şeir dəftəri də yoxa çıxdı. Anam da bədahətən söz qoşmaqda mahir idi.
– Siz Dənizçisiz. Dəniz və poeziya, bunlardan hansı sizə daha yaxındır?
– Dəniz və poeziya məni özündə tamamlayır.Nə dənizsiz ,nə də poeziyasız özümü təsəvvür edə bilmirəm. Hərdən oturub fikirləşirəm ki, əgər qarşıma bunlardan hər hansı birindən vaz keçmək kimi bir ağır şərt qoyulsa o zaman həyat mənimçün bitmiş kimi olar.Çünki şəxsən mənim üçün nə dənizsiz ,nə də poeziyasız yaşamağa dəyməz.
– Əlbəttə bu irsidir. Mütləq şəcərədə kimsə hansı sahənin mütəxəsisidirsə, o sahədə də zaman keçsə də kimsə parlayacaq. Bəhram bəy, deyin, Sizin həyatınızın hansısa məqamlarında poeziya dadınıza çatıb?
– Çox şey qazanmışam. Uzun illər ,,Azərnəşr”də müxtəlif qəzet səhifələrində yazılarım çap olunmaqla bərabər həm də müxtəlif qəzetlərdə müxbir kimi çalışmışam. 2012 – ci ildə “Qızıl Qələm” media mükafatına layiq görülmüşəm . 10 yaxın şeir almanaxında çap olunmuşam. İki kitab ( biri Azərbaycan, biri talış dilində) müəllifiyəm. Ən əsası, poeziya mənə çoxlu dostlar qazandırıb, saysız-hesabsız oxucularım var. Bir şair kimi bu gün oxunduğum üçün çox xoşbəxtəm, məncə şairin qazancı məhz onun oxucularıdır. Şəxsi həyatımda poeziya mənim bir nömrəli dostum, köməkçimdir.
– Daha çox kimi mütaliə edirsiz?
-Bir çox şairləri oxuyuram, ümumiyyətlə mən şeir xəstəsiyəm. Qarşıma çıxan bütün şeirləri oxuyuram, şeir kitablarına xərclədiyim pula heyfslənmirəm. Ən çox Nüsrət Kəsəmənlini oxumuşam, Ramiz Rövşənin şeirlərini çox sevirəm. Ümumiyyətlə mütailəni sevirəm, boş vaxt tapan kimi kitab oxuyuram. Müasir ədəbiyyatımızda olan şairlərin çoxunu demək olar ki, oxuyuram və izləyirəm. Nəsimini isə…Nəsimini sözlə ifadə edə bilmirəm. Nəsimini sadəcə içimdə daşıyıram, mənim ruhum bəlkə də Nəsiminin ruhudur.
-Maraqlıdır, dənizçi dedikdə müxtəlif iqlim şəraitində işləyən sərt insanlar göz önünə gəlir, şair dedikdə isə əksinə, mülayim, romantik… Siz özünüzü necə görürsüz?
– Mən dənizin yarısıyam,
Onun əsən küləyiyəm, mən dənizin dalğasıyam..
içimdəki ümidlərim dalğaları oxşayanda, qayasıyam,
Mən dənizəm ,
qadan alım, bilmirdinmi …
-Bəhram, maraqlı söhbt üçün çox sağ ol, yeni şeirləriniz gözləyirik, sənə yaradıcılıq uurları arzulayırıq. Bəlkə oxucularımıza yeni bir şeiri töhfə edəsiz?
-Hər şeyə görə sizə təşəkkür edirəm.Sağ olun, diqqət göstərmisiz. O ki qaldı şeirə, indi sizə təqdim etdiyim şeirin ilk oxucusu elə sizin saytın oxucularə olacaq.
Ayrılığın qapısı
Harda bitdi,
harda sona yetdi bu sevgi ,
Nə vaxt görüşdük ,
Nə vaxt ayrıldıq, əzizim ?
Bəlkə də
lap əvvəldən görüşməli deyildik…
Biləmmədim ,
biz eşqə,
ya həvəsə əyildik?..
Axı biz uşaqkən
böyüklər kimi sevdik ,
Amma çirkabsız, saf sevdik ,
Əzizim !..
Bəlkə oyuncaq idik
məhəbbətin əlində,
Oynadıb – oynadıb atdı bizi …
Bəs ayrılıq nə imiş,
Unutmaq nə imiş bəs?
Ayrılığı dadandan sonra anladım ki
Ayrılıq zəhər imiş…
Hər gecə yuxusuzluğun
yuxusunu tapanda ,
Ayrılıq səhər imiş….
Məndən heç nə soruşma…
Eləcə sus … danışma !..
Nə bilim, varmı ayrılığın
geri dönmək istədiyində
aça biləcəyin qapısı ?!
Guya bilsəm nə dəyişəcək ki…
İndən belə nə sən
geri dönən deyilsən ,
Nə də mən ayrılığı bitirəcək
dönüşünə o qapını açası…
19.02.2021.
Söhbətləşdi: Faiq Balabəyli