Kulis.az V.Desyatovun “Rus ədəbiyyatına Nabokov irsinin təsiri barədə” essesini təqdim edir.
Özünü “Nabokovun davamçısı” adlandıran 13 postmodernistin 64 əsərini gözdən keçirməklə biz son yarım əsr ərzində Nabokovun rus ədəbiyyatçılarına göstərdiyi təsiri dəyərləndirmək imkanı qazandıq.
Onu da vurğulamaq gərəkdir ki, rus ədəbiyyatının digər axın və cərəyanlarına Nabokov irsi hər hansı təsir göstərməyibdir.
Bəs Nabokovdan sonrakı “ədəbi meydan”ın formalaşma dinamikası necə idi?
Ötən yüzilin iyirminci illərində Vladimir Sirin (Nabokovun təxəllüsü – A.Y.) yazarlığa hələ təzə-təzə başladığında, aydın məsələdir ki, onun əsərlərindən sitat gətirmək heç kəsin ağlına gəlmirdi.
Otuzuncu və qırxıncı illərdə o, artıq yetkin söz ustası və mühacirlərin fəxri olsa da, indiyədək ədəbiyyatşünaslar Nabokovun irsiylə onun məşhur çağdaşlarının yaradıcılığı arasında yalnız bircə allüziyaya rast gəliblər. Eyni vaxtda bir neçə araşdırmaçı (Omri və İrena Ronenlər, Vyaçeslav Vsevolodoviç İvanov) vurğulayıblar ki, “Çorbanın dönüşü” toplusundakı “Nağıl” hekayəsinin giriş qismi Mixail Bulqakovun “Ustad və Marqarita” romanının başlanğıcıyla xeyli dərəcədə səsləşir.
1950-ci illərin ortalarında dünya və o cümlədən rus ədəbiyyatında postmodernizmin ilk cücərtiləri boy göstərməyə başlayır. 1955-ci ildə V.Nabokovun “Lolita” romanı və Andrey Sinyavskinin “Sirkdə” hekayələri işıq üzü görür.
Adıçəkilən hekayənin preteksti (ilkin mətni – A.Y.) isə Vladimir Sirinin “Kartof elfi” mətnidir. Maraqlı məqam budur ki, Nabokov irsinin rus ədəbiyyatı tərəfindən öyrənilib-mənimsənilməsi bu yazarın yaradıcılıq xronologiyası ilə, gənc qələm sahibinin əhəmiyyətli nəsr əsərlərinə imza atdığı vaxtla üst-üstə düşür: o, “Nağıl” hekayəsini 1926-cı, “Kartof elfi” hekayəsini isə 1924-cü ildə yazıbdır. Sinyavskinin Sirinə aid kiçik nəsr nümunəsinə diqqətləri çəkməsinin səbəbi, yəqin ki, sosialist realizmi təmsilçilərinin daha çox monumentallığa və roman janrına üstünlük tanımasına qarşı bir reaksiya imiş.
İlkin mərhələdə rus postmodernist ədəbiyyatına “Lolita” romanının təsiri isə daha çox dolaylı idi.
İngiliscə yazdığı romanlardan sadəcə “Lolita”nı Nabokov şəxsən özü rus dilinə çevirməyə gərək duymuşdu, buna rəğmən əsər ta Nabokov 1977-ci ildə vəfat edənə qədər sanki rus ədəbiyyatı üçün mövcud deyildi. Ahıl vaxtında modernizmə meyl göstərən Valentin Katayev özünün “Almaz qaşlı tacım mənim” adlı bədii memuarlarında (1977) Yuri Oleşadan bəhs edərkən yazırdı:
“Bir dəfə bapbalaca açar pəncərə rəfində oturmuşdu, bu vaxt bizim dalanda yaşayan bir cüt qızcığaz ona yaxınlaşdı – (hərçənd bunlar artıq nə qızcığaz idilər, nə də hələ qızlar bulağından su içmişdilər – belələrini mərhum Nabokov “nimfet” adlandırmışdı)”.
Altmışıncı illərdə Andrey Sinyavski “Buzlama” (1961), o vaxtlar hələ modernist sayılan Vasili Aksyonov isə “Qələbə” (1965) əsərlərində Nabokovdan sitatlar gətiriblər.
1950-60-cı illərdə isə kiçik nəsr əsərləri ilə yanaşı, Sirinin romanları da aktuallıq qazanır.
1959-cu ildə bitirdiyi “Sən və mən” əsərində Sinyavski Nabokovun “Kamillik” hekayəsindən, “Xəfiyyə” povestindən və “Çarəsizlik” romanından, “Buzlama” əsərində isə yazarın “Dəhşət” və “Fialtada bahar” hekayələrindən söz açır.
A.K.Jolkovskinin də vurğuladığı kimi, V.Aksyonovun “Qələbə” əsərinin mətni Nabokovun “Edama dəvət” və “Lujin müdafiəsi” romanlarıyla səsləşməkdədir. Onların yaradıcılığında nabokovçuluq xətti 1970-ci illərdə də davam edir:
Sinyavskinin “Xordan bir səs” və “Qoqolun kölgəsində”, Aksyonovun isə “Krım adası” əsərində bunu sezmək mümkündür. Sirinin tək-tük davamçıları sırasına sonradan “Puşkin evi” romanının müəllifi Andrey Bitov da qoşulur.
Yetmişinci illərdə rus yazarlar Nabokovun ingiliscə yazdığı əsərlərin bədii resepsiyasına (mənimsənməsinə – A.Y.) girişirlər. Bitovun “Puşkin evi”nə yazdığı şərhlər sübuta yetirir ki, o, Nabokovun “Lock at the Harlequins!” (Arlekinlərə bir baxsana!) və “Pale fair” (Öləziyən atəş) romanlarıyla, habelə “Invitation to a Beheading”in (ingiliscə – Edama dəvət) giriş qismiylə tanışdır.
“Krım adası” romanında Aksyonovun “Ada” romanındakı motivlərdən yararlandığı və “İgidlik” romanının müəllifi Sirinin üslubuyla ingiliscə yazan Nabokovun yazı tərzini bir arada yoğurduğunu görürük.
“Qoqolun kölgəsində” əsərinin müəllifi isə Nabokovun “Nikolay Qoqol” kitabından sitatlar gətirməkdədir.
Səksəninci illərdə milli ədəbiyyatımızda Nabokovun ədəbi irsinə duyulan maraq daha da artır. Rus-amerikan ədəbiyyatının klassikinə çevrilən bu yazardan vaxtaşırı sitat gətirənlər sırasına Saşa Sokolov, Viktor Yerofeyev, Tatyana Tolstaya, Aleksandr Jolkovski, Timur Kibirov, Dmitri Qalkovski və başqaları qoşulur.
Doxsanıncı illərdə Viktor Pelevin və Boris Akunin bu cameədə gözə dəyir.
Rus müəllifləri tərəfindən Nabokovun ən çox sitat gətirilən əsəri isə “Edama dəvət”dir. (Bənzər hesablamalarda rəqəmlər dəqiq olmaya bilər, halbuki ümumi tendensiya tamamilə dəqiqdir). Sələflərimiz və bizim tərəfimizdən aparılan araşdırmalara görə, bu romandan 21 əsərdə sitatlar gətirilib.
Daha 7 əsərdə isə sitat gətirmə cəhdi sezilib. Sonrakı göstəricilər belədir: “Lolita” – 15, “Hədiyyə” – 11 (+32), “Digər sahillər” – 10 (+8?), “Lujin müdafiəsi” – 8 (+3?), “Ada” – 5 (+1?), “İgidlik” – 4 (+4?), “Çarəsizlik” – 4 (+3?).
Maraqlı məqam budur ki, “Edama dəvət”dən sitatların gətirilməsi mövcud zəmanənin sosial-siyasi kontekstdən əsla asılı olmayıbdır və 1965-ci ildən bəri bu roman öz aktuallığını qoruyub saxlamaqdadır: ilk dəfə V.Aksyonov özünün “Qələbə” əsərində Nabokovun ortaya atdığı konflikti nisbətən yumşaltmağa çalışmışdı.
Müasir dövrdə isə bu tendensiya “Kıs” (2000) və “Sinifdən xaric oxu” (2002) əsərlərində öz davamını tapıbdır.
Sıx-sıx sitat gətirilmə baxımından Nabokovun ingilis dilində yazdığı romanlardan üçüncü (“Lolita” və “Ada”dan sonrakı) yeri Qərbdə heç cür anlaşılmayan “Look at the Harlequins!” romanı tutur. 4 dəfə sitat gətirilən bu əsər barədə “Puşkin evi”, “İt ilə qurd arasında”, “Palisandriya” və “Süjet” romanlarında dərin təəssüf hissiylə söz edilir. Nabokovun bu sonuncu romanını əsərləri üçün örnək seçən qələm sahibləri haqlı olaraq özlərini onun davamçısı hesab edirlər.
Nabokovun hekayələri arasında isə ən aktual olanları aşağıdakılardır:
“Ultima Thule” 4 (+3?), “Korolyok” – 2 (+2?), “Fialtada bahar” – 2 (+1?), “Çöhrə” – 2 (+1?), “Dəhşət” – 2, “Dairə” – 2, “Əzazillərin sonu” – 2, “Sərnişin” – 2, “Kartof elfi” – 1 (+1?), “Admirallıq binasının sivri ucu” – 1 (+1?).
Cəmi bircə dəfə sitat gətirilən hekayələr isə “Gözəl xanım”, “Vasili Şişkov”, “İnciklik”, “Pilqram”, “Müsibət”, “Kamillik” (+1?), “Solus Rex” (+1?).
Əlbəttə ki, rus postmodernistləri Sirinin nisbətən yetkin yaşlarda yazdığı “Fialtada bahar” hekayələr toplusuna daha çox maraq duyublar, çünki bayaq sadalanan on yeddi hekayədən səkkizi məhz bu topluya daxildir. Nabokovun hekayələrindən təsirlənən müəlliflərin sayı isə ən azı altıdır – Sinyavski, Viktor Yerofeyev, Tolstaya, Jolkovski, Pelevin və Akunin.
Şair Nabokovdan bəhrələnməyə isə sıra yalnız səksəninci illərdə gəlib çatdı. Öz varlıqlarını həmin illərdə rəsmən bəyan edən postmodernistlər rus mühacir-tənqidçilərinin və daha sonra metropoliyaların Nabokov barədə uydurduqları miflə heç cür razılaşmaq istəmirdilər, çünki həmin tənqidçilər Nabokovu daha çox romançı kimi tanıtmağa can atır, onu sönük hekayələr və şeirlər müəllifi hesab edirdilər.
Üçü nasir, biri şair, biri isə “proeziya”nın banisi sayılan beş postmodernist yazar (Tolstaya, Pelevin, Sokolov, Kibirov və Akunin) birəbir və ya qismən sitat gətirməklə, Nabokovun aşağıdakı on üç şeirindən bəhrələnibdir: “Lilit” – 4 (+1?), “Şöhrət” – 2 (+1?), “Nadir və saxta olan şeyləri sev” – 2 (+1?), “Rusiyaya” – 2, “Aşiqlik” – 1, “Salamat qal, kitabım!..” – 1, “Lolitanı mən Virciniya Po qədər sevmişdim” – 1, “Bir röya… yaxamı buraxmır mənim” – 1, “Otel otağı” – 1, “Təsadüfə səninlə inanmışdıq ki” – 1, “Uldaborq” – 1, “Qumilyovun şeirlərinə elə heyrandım” – 1, “Yarımçıq əlyazma” – 1.
Sadalanan 13 şeirdən 6-sı Nabokovun hələ sağlığında işıq üzü görən sonuncu “Poems and Problems” şeirlər kitabındandır, digər dörd şeir isə onun “Hədiyyə”, “Look at the Harlequins!” və “Lolita” romanlarından götürülüb.
Bütün bunlarla müqayisədə Nabokov irsində ən az müraciət olunan sahə – dramaturgiyadır: onun iki pyesinin (“Valsın icadı” və “Cənab Mornun faciəsi”) hərəsindən cəmi bircə dəfə sitat gətirilib. Lakin burada açıqlanan bu qənaət əsla səhih sayıla bilməz, çünki biz hədəf kimi postmodern dramaturgiyanı seçib, araşdırmamışıq.
Nabokovun ədəbiyyatşünaslıq məsələlərinə həsr olunmuş “Nikolay Qoqol” kitabı isə postmodernistlər arasında xüsusi rəğbət görüb, A.Sinyavski və D.Qalkovski ondan birbaşa sitatlar gətiriblər.
Nabokovun ən çox əks-səda doğuran, parodiya hədəfi seçilən əsəri, heç şübhəsiz ki, “Lolita”dır.
A.Sinyavskini çıxmaq şərtiylə, ilk başda rus ədəbiyyatı “Lolita”nı sükutla qarşılasa da, sonradan bu roman geniş polemika və parodiyalarının başlıca hədəfinə çevrildi.
Nabokovun bu ən məşhur romanına ən azından səkkiz müəllif (Sokolov, Yerofeyev, Qalkovski, Kibirov, Petruşevskaya, Pelevin, Qandlevski, Akunin) münasibət bildirdi, bunların əksəriyyəti ya polemik xarakterliydi (Petruşevskaya və Akunin), ya da parodiya xarakterli (Sokolov, Yerofeyev, Pelevin və “İqor Pomerantsevə ithaf” əsəri ilə Kibirov).
Bu arada Sokolov (“İt ilə qurd arasında”) və Pelevin (“Çapayev və Boşluq”) “Lolita” ilə təkcə polemika qurmağa can atmamış, həm də onu parodiya eləmişdilər (“Palisandriya”, “Həşəratların” həyatı”, “Nika”, “Rəqəmlər”).
Yerofeyev “Rus gözəli” romanında, Pelevin isə “Nika” hekayəsində həm Nabokova xas nimfolept obrazları, həm də Nabokovun özünü kontaminasiya etmişdilər, bu əsnada onlar yazarın özüylə qəhrəmanı Humbert Humbert arasında bilərəkdən və qismən oxşarlıqlar (ad və soyadın eyniliyi, estetizm (gözəlliyə hədsiz düşkünlük – A.Y.), (İkinci Dünya savaşı başlanandan sonra ABŞ-a köçmə faktı və sairə) yaratmasından aşkar şəkildə faydalanmışdılar.
Yerofeyev ilə Petruşevskaya isə “Lolita”nın süjetinə bir qadının gözüylə baxmağı təklif etmişdilər, çünki rus postmodernistlərinin 1950-1970-ci illərdəki ilk “dalğası” ilə müqayisədə, 1980-90-cı illərdə meydana çıxan ikinci “dalğasının” təmsilçilərini “zavallı bir qızcığazın” taleyi daha çox narahat edirdi.
1992-ci ildə, həm də Nekrasov ilə Nabokov anapesti (şeir vəzni – A.Y.) tərzində yazdığı “Uğursuz kişi. Polyak və isterik” adlı şeirində qırx yaşlı şair Sergey Qandlevski belə bir fakta diqqəti çəkirdi: “Lolitanın öldüyü il mən dünyaya göz açdım”. Elə həmin il M.Pozdnyayev “Lolitanın ölümünə” adlı bir silsilə şeir çap etdirmişdi.
Rus yazar və şairlərində Nabokovla bağlı avtomatik reminissensiyalar doğuran (bunları ümumilikdə “Nabokov kompleksi” adlandırmaq da olar) mövzular silsiləsi var və bunlar aşağıdakılardır:
Teatrallaşdırılmış ölüm (“Sirkdə”, “Puşkin evi”, “Palisandriya”, “Omon Ra” və sair.)
Kəpənək (“Buzlama”, “Dəhşətsaçan kukla”, “İtlə qurd arasında”, “Sonya”, “Əzizim Şura”, “Sortirlər”)
Nimfet qız (“Almaz qaşlı tacım mənim”, “Öz çevrən”, “Uğursuz kişi. Polyak və isterik”, “Palisandriya”, “Həşəratların həyatı”, “Nika”, “Rəqəmlər”, “Altın-tolobas”, “Sinifdənkənar oxu”)
Atanın qızıyla, qardaşın bacıyla insesti (dinlərdə yasaqlanmış cinsi əlaqəsi – A.Y.) (“Öz çevrən”, “Uğursuz kişi. Polyak və isterik”, “Rus gözəli”, “Palisandriya”, “Sinifdənkənar oxu”)
Cənnətdə keçən uşaqlıq (“Sevirsən-sevmirsən”, “Ən sevimli”, “Saşa Zapoyevə həsr olunmuş iyirmi sonet”, “Çapayev və Boşluq” və sair)
Şahmat oyunu (“Qələbə”, “Kamilləşmə işarəti”, “Türk qambiti”, “Sinifdənkənar oxu”)
Velosiped (“Omon Ra”, “Prusta tərəf”)
İncəsənəti, təxəyyülü və yaddaşı reallıqdan üstün göstərmə cəhdi (“Kamilləşmə işarəti”, “Sonya”, “Kıs”, “Çapayev və Boşluq”)
Dünyanın dəhşətverici sirrinin açılması (“Uxryab”, “Vera Pavlovnanın doqquzuncu yuxusu”, “Nepaldan xəbər var”, “Çapayev və Boşluq”, “Altın-tolobas”)
Antifreydizm (“Saşa Zapoyevə həsr olunmuş iyirmi sonet”, “Sortirlər”, “Vera Pavlovnanın doqquzuncu yuxusu”, “Çapayev və Boşluq”)
Bədən – ruhun əlbisəsidir (“Rus gözəli”, “Sonya”)
Əldən çıxan sevgili (qadın / kişi) (“Puşkin evi”, “Dairə”, “Əzizim Şura”, “Tacqoyma mərasimi”)
Siyasətdışılıq / Apolitizm (“Sevgi haqda şeirlər. Müəllifdən”, “Rus gözəli”, “Çapayev və Boşluq”)
Totalitar toplumun texniki deqradasiyası (“Omon Ra”, “Kıs”)
Vətənə dönüş – intihara cəhdin bir növüdür (“Altın-tolobas”, “Krım adası”)
Kişi valsı (“Axmaqla yaşanan ömür”, “Sinifdənkənar oxu”)
Hər şeyi görmə / Hər şeydən agah olma (“Sən və mən”, “Çapayev və Boşluq”).
Ən nəhayət, on səkkizinci mövzuya gələk. Öz əhəmiyyətinə görə bu, heç də sonuncu mövzu deyildir: ölüm – ölümsüzlükdür, həyatın davamıdır, varlığın növbəti mərhələsinə keçiddir. Nabokovun tanatoloji metaforikasının paradiqmaları, demək olar ki, tamamən rus postmodernistləri tərəfindən mənimsənmişdir. Nabokovun davamçısı olaraq, onlar ölümü: a) dekorasiyaların dağılması b) fokus nöqtəsi c) sürət d) striptiz rəqsi e) səyahət z) arzuya qovuşma faktları kimi qələmə verirlər. Ölümə məhz bu cür yanaşmalar rus postmodernizmini Qərb postmodernizmindən ayıran əsas özəlliklərdəndir.
Nabokova xas mövzulara başqalarıyla müqayisədə V.Pelevin, T.Tolstaya, S.Sokolov, B.Akunin, Viktor Yerofeyev və T.Kibirov daha tez-tez müraciət edirlər.
XX yüzilin ikinci yarısında bir sıra yazarlar Nabokovun poetikasına və bədii fəlsəfəsinə xas, aşağıda sadalanan bəzi özəllikləri bir az da inkişaf etdirirlər:
Nəsrdə alliterasiyalardan gen-bol yararlanır, alliterasiya ilə assonansın kombinasiyasına can atırlar ki, bunun da nəticəsində yanaşı işlənən sözləri yarı paronimə çevrilirlər (S.Sokolov). Paronimlərlə, anaqramlarla, paraqramlarla, palindromlarla, kalamburlarla (bəzən interlinqval səviyyədə) oyunlar oynanır (S.Sokolov, Viktor Yerofeyev, T.Tolstaya, V.Pelevin).
Dairəvi və ya spiralvarı kompozisiya tətbiq olunur (A.Sinyavski “Qoqolun kölgəsində”, “A.Bitov “Puşkin evi”, T.Tolstaya “Əzizim Şura”, V.Pelevin “Vera Pavlovnanın doqquzuncu yuxusu”, B.Akunin “Tacqoyma mərasimi”)
Gözlənilmədən təqdim olunan və ən xırda detallarına qədər düşünülən, mətndə dəfələrlə və implisit şəkildə müjdə kimi sözü gedən sonluq (düyün açılımı). Bu cəhət süjetin bir şahmat kompozisiyası və detektiv əsər kimi qurulduğuna dəlalət eləyir (B.Akuninin romanları, V.Yerofeyev “Rus gözəli”, V.Pelevin “Omon Ra” və “Nepaldan xəbər var”, T.Tolstaya “Sonya”, A.Jolkovski “Prusta doğru”, L.Petruşevskaya “Öz çevrən”).
Mətnin qəliz təhkiyə quruluşu, qəhrəmanın, hekayətçinin və müəllifin eyniləşdirilməsi / ayrılması üzərində qurulan təhkiyə tərzi (A.Sinyavski “Sən və mən”, S.Sokolov “İtlə qurd arasında” və “Palisandriya”, Viktor Yerofeyev “Rus gözəli”, V.Pelevin “Çapayev və Boşluq”, B.Akunin “Tacqoyma mərasimi”).
Ümumi mənzərənin dumanlı olması fonunda detalların tam dəqiq təsviri, ilk növbədə mətndaxili və ətraf reallıq anlayışlarının qaranlıq qalması, digər tərəfdən isə təsvir olunan hadisələrlə bağlı mümkün açıqlamaları vermədə xəsislik (necə deyərlər, əsərin poliinterpretabelliyi): A.Sinyavski “Sən və mən”, A.Bitov “Puşkin evi”, S.Sokolov “İtlə qurd arasında” və “Palisandriya”, Viktor Yerofeyev “Axmaqla yaşanan ömür” və “Rus gözəli”, T.Tolstaya “Sonya”, “Əzizim Şura” və “Süjet”, V.Pelevin “Vera Pavlovnanın doqquzuncu yuxusu” və “Çapayev və Boşluq”.
Kinodangəlmə obrazlarla və kino poetikası ilə bağlı elementlər (“Puşkin evi”, “Omon Ra”, “Həşəratların həyatı”, “Çapayev və Boşluq”, “Azazel”, “Altın-tolobas”).
O da sirr deyil ki, bəzi müəlliflər Nabokovun sevimli fəndlərinin bir arada tətbiqindən də çəkinmirlər, həm də bunun mövzularla bağlı tətbiqini də sınayırlar (S.Sokolov, V.Pelevin, T.Tolstaya, Viktor Yerofeyev). Bütün bunların sonucu kimi həmin yazarların həm poetikası, həm də bədii dünyaları Nabokovunkuna xeyli dərəcədə bənzəməyə başlayır.
Bədii əsərlərdə Nabokovla yan-yanaşı gördüyümüz digər yazarlar da adətən onun özünün rəğbət duyduğu qələm sahibləridir:
Puşkin (“Puşkin evi”, “Peters”, “Süjet”, “Sortirlər”, “Günəşin hədiyyəsi”, “Görünür, bu da mümkünmüş”).
Prust (“Almaz qaşlı tacım mənim”, “Prusta tərəf”, “Həşəratların həyatı”, “Puşkin evi”).
Çernışevski (“Puşkin evi”, “Nika”, “Vera Pavlovnanın doqquzuncu yuxusu”, “Tacqoyma mərasimi”).
Dostoyevski (“Sən və mən”, “Puşkin evi”, “Rus gözəli”, “Axmaqla yaşanan ömür”, “Türk qambiti”).
Oleşa (“Almaz qaşlı tacım mənim”, “Peters”)
Mayakovski (“Polisandriya”, “Buzlama”, “Puşkin evi”).
Postmodernistlərin Nabokov irsindən gətirdikləri çoxsaylı və cürbəcür sitatları ən azı on ayrı tipə görə qruplaşdırmaq mümkündür (bu tiplərin təyini əsnasında gətirilən sitatın nəyə söykəndiyi və nəyin ön plana çıxdığı əsas götürülmüşdür):
Təsəlliverici sitat
Kontrast doğuran sitat (Nabokovun özünün də heyranlıq duyduğu intertekstual kamera obskura).
Metonimiyalı sitat. Bu variantda birbaşa sitat gətirilən və sadəcə bir yox, həm də bununla əlaqəli mətnlər də yaddaşda canlanır. Bunlar arasındakı bağlantı (bağlılıq) həm məkan (mətnlərin Nabokovun kitabındakı yerləşmə, düzülmə sırasıyla), həm də mövzu baxımından (bir-birindən fərqli və uzaq mətnlərdəki ortaq motivlər hesabına) təmin edilməkdədir. Metonimiyalı sitatlardan Boris
Akunin özünün “Sinifdənxaric oxu” romanında və digər əsərlərində yararlanmışdır.
Janrla bağlı sitat. Özünün “Öləziyən atəş”, “Ada” və “Arlekinlərə bir baxsana!” romanlarıyla Nabokov postmodernist ədəbiyyatda üç ayrı janrın inkişafına təkan vermişdir ki, bunlar da sonradan 1970-90-cı illərdə rus postmodernistlərinin dərin rəğbət duyduqları janrlara çevrilmişdir.
“Pale Fire”də (“Öləziyən atəş”də) şərh janrının bədii mətn kimi təqdimi Andrey Bitovda və Dmitri Qalkovskidə maraq oyatmışdır.
“Ada” romanında Rusiyanın keçmişinin fərqli şəkildə, tarixi fantastika janrında təqdiminin əks-sədasına biz Vasili Aksyonovun “Krım adası”, Saşa Sokolovun “Palisandriya”, Tatyana Tolstayanın “Süjet”, Viktor Pelevinin “Omon Ra” və “Çapayev və Boşluq” əsərlərində rast gəlirik.
“Lock at the Harlequins!” (“Arlekinlərə bir baxsana!”) romanındakı anti (avto)bioqrafiya janrının təsirinə isə sadəcə S.Sokolovun “Palisandriya”, T.Tolstayanın isə “Süjet” əsərlərində rastlanır.
Kompozisiya baxımından sitat. Rus postmodernistlərinin əsərlərindəki dairəvi və ya spiralvarı kompozisiyalar, bir qədər əvvəl vurğuladığımız kimi, adətən Nabokov irsiylə allüziya (bənzərlik / səsləşmə) doğurmaqdadır.
Üslubu ağırlaşdırıcı sitat. Nabokovun “Lolita” romanında yararlandığı litotanı Pelevin özünün “Nika” hekayəsində inkişaf etdirərək, metalitotaya çevirmişdir.
Davamlı xarakter daşıyan sitat. B.Akuninin “Azazel” romanının süjeti oxucuda Nabokovun tamamlanmamış “Solus Rex” adlı romanının bir növ davamı təəssüratını yaradır. Onun “Altın-tolobas” əsəri isə Nabokovun “İgidlik” romanındakı süjetin daha fərqli tarixi şəraitdə davam etdirilən variantıdır.
İnterpretasiya xarakterli sitat. Tam ciddiyyətlə deyə bilərik ki, sitatların əksəriyyəti interpretasiya xarakterlidir, lakin bəzi müəlliflərin seçdiyi intertekstual strategiyalardan asılı olaraq, sitatlar götürüldükləri pretekstlərin (ilkin mətnlərin – A.Y.) açıqlamalı, arqumentli və məntiqə söykənən interpretasiyaları olmaqla bərabər, bütöv bir sistem təşkil edirlər. B.Akuninin “Türk qambiti” romanı əslində implisit olaraq, başlı-başına bir nabokovşünaslıq əsəridir. Pelevinin “Çapayev və Boşluq” romanındakı personajlardan biri isə “Lolita” əsərini Nabokovun “kontrsublimasiya məhsulu” kimi dəyərləndirir.
Parodiya xarakterli sitat kontrastlı sitatın bir altnövü kimi qəbul edilə və ya edilməyə bilər, bundan asılı olmayaraq, o, aşağıdakı iki fərqli funksiyaya xidmət edə bilir:
parodiya birbaşa parodiya ediləcək obyektə yönəlir, Nabokovun ayrı-ayrı mətnləri və ya həmin mətnlərin müəllifi olan Nabokov özü hədəfə çevrilir (Yerofeyevin “Rus gözəli”, Pelevinin “Nika” və “Həşəratların həyatı” əsərlərində).
parodiya müəllifin özünün yaratdığı hansısa surətə və ya onun özünə (özünəkinayə parodiyası) yönəldiyindən ironiya effekti yaranır. (T.Kibirovun “Sortirlər”, S.Sokolovun “Palisandriya”, D.Qalkovskinin “Bitməyən dalan” əsərlərində).
kinayəli parodiyanın hədəfi kimi eyni vaxtda həm V.Nabokov, həm də müəllifin öz personajları seçilir (T.Tolstayanın “Kıs” əsərində).
Yuxarıdakılardan a bəndində sadalanan əsərlərdə Nabokovun ən çox “Lolita” romanı və ya sevgidən bəhs edən digər əsərləri parodiya edilib.
b və c bəndlərində isə Sirinin rusca qələmə aldığı digər şah əsərlər – “Edama dəvət” və “Hədiyyə” fon kimi seçilməklə, komik bir effekt yaradılıb.
Numeroloji (ədədi, ədədlərə əsaslanan – A.Y.) sitat. “Edama dəvət”, “Bend sinister” və “Azazel” romanlarında on yeddinci fəsillər süjet baxımından xüsusilə önəmli yerə, əhəmiyyətə malikdir. V.Pelevinin “Rəqəmlər” romanının baş qəhrəmanı 34 rəqəminə hədsiz düşkündür, çünki bu rəqəmi formalaşdıran iki ədədin cəmi 7-yə bərabərdir.
“Rəqəmlər”də rastlaşdığımız süjet və leksik sitatların əksəriyyəti “Lolita”dan götürüldüyü üçün bu əsərdəki numeroloji (ədədi) simvolikanın da “Lolita”dan alındığını təxmin eləmək olar. Humbert Humbert min doqquz yüz əlli ikinci ilin on altı noyabr günü vəfat edir, Lolita isə min doqquz yüz əlli ikinci il dekabrın iyirmi beşində. Bu rəqəmləri (16, 25 və 52) təşkil edən ədədlərin hamısının cəmi yeddiyə bərabərdir.
Bundan əlavə, 34 rəqəmi “Lolita” romanında vaxtaşırı təkrarlanan 342 rəqəminin ilk iki ədədindən ibarətdir. Pekka Tammu sübuta yetirib ki, bu 342 rəqəmi əslində Nabokovun rəsmi doğum tarixinin inversiya olunmuş şəklidir: iyirmi üç aprel – 4-cü ayın 23-cü günüdür (23, 4). Pelevinin qəhrəmanı üçün 34 rəqəmi uğurludur, onun inversiya olunmuş şəkli (43) isə bu adama bədbəxtlik gətirir.
Postmodern rus ədəbiyyatı – bir sıra xüsuslarda nabokovsonrası ədəbiyyatdır. Bu baxımdan da digər yazarlarla müqayisədə Nabokov haqlı olaraq milli postmodern ədəbiyyatımızın atası sayıla bilər. Bu titula iddialı sayılacaq tarixi şəxsiyyətlər arasında Rozanov, Mixail Bulqakov, Dostoyevski, hətta bizim hər barədə “əsl nemətimiz” sayılan Puşkin də vardır. Ancaq başqalarıyla müqayisədə XX yüzilin ikinci yarısında rus ədəbiyyatına həm stilistik, həm metafizik, həm də tematik zənginliyi məhz Nabokov qazandırmışdır.
Azərbaycan dilinə çevirdi: Azad Yaşar
Sim-sim.az