Nadir Şahın türklərlə bağlı planı: yeni millət yaratmaq və…

Xalqın alışıq olduğu Səfəvi cəhalətini bir fərmanla ortadan qaldırmaq olmazdı. Özəlliklə Avşar ölkəsinin aydınlanması və Səfəvi cəhalətindən arınması yolunda köçəri türklər ən böyük əngəl və təhlükə idilər. Nadir Şahın əmrlərini köçəri türklərə necə çatdırmaq olardı? Onların harada yaşadıqları və sayları bəlli deyildi. Köçəri toplumlarda əhalinin qeydiyyatını aparmaq mümkün deyildi. Buna görə də Səfəvi sonrası köçəri türklər elm, aydınlıq və doğru-dürüst sosial bir düzənin şəkillənməsi yolunda birinci əngəl olublar.

Köçəri həyat tərzi kəndiliyi şiddət, aqressivlik və despotizm doğurar. Köçəri toplumun sayı az olmaz, onlar böyük qruplar şəklində bir yerdə yaşaya bilməzlər. Bu üzdən çox tez parçalanıb daha kiçik qruplara bölünərlər. Tayfalar bir-birlərinin düşmənləri olarlar. Çünki istehsal yoxdur və insan istehsal edərkən təbiətlə qarşılaşaraq əhliləşər, sosiallaşar, beyin imkanları genişlər. Köçəri həyat tərzində yaşayan toplumların beyin məhsulu ola bilməz, olmayıb. Köçərilər tarixi hafizədən və kitabdan yoxsun bir topluluq ötəsinə çıxa bilməzlər. Vətən duyğuları yaylaqları və qışlaqları dışında bir anlam ifadə etməz. Sosial statusları tarix boyunca dəyişməz. 1000 il öncə necə yaşayıb düşünüblərsə, 1000 il sonra da o şəkildə düşünərlər, çünki həyatlarında dəyişiklik yaradacaq istehsal və təhsil olmaz. Köçəri toplumların tarixin, özəlliklə mədəni tarixin içində yerləri olmaz. Onlar tarixin və mədəniyyətin dışında var olan izdihamdan başqa bir status qazana bilməzlər. Sadəcə insan istehsal edib işğalçı dövlətlərə əsgər verən, ancaq elmdən, irəliləmədən yoxsun olan izdihamdan başqa tarixi statusları olmamışdı. Köçəriləri tarixə daxil etmək üçün iqtisadi gəlir qaynaqlarını dəyişdirmək lazım idi. Çünki köçəri iqtisadi sistemlə mədəni həyata girmək olmaz. Mədəni həyata girmədikdən sonra Səfəvi molla fırıldaqları üçün köçəri izdiham sanki yeriyə bilən ölülər kimi görünürdü.

İnsani dəyərləri yox idi və hələ də yoxdur. Çünki qeyri-tarixi həyat biçimi onların insani dəyərlərini əllərindən almışdı. Köçəri toplumların mədəniyyətə dəstəkləri olmaz, tam tərsinə mədəniyyətin söndürücüsü və düşməni olarlar. Çünki mədəniyyət onların icadı olmadığından düşmən olaraq görünər və məhv etmək istəyərlər. Bu üzdən Səfəvi molla-feodal sistemi köçəri türkləri xurafata gömülmələri gərəkən lazımsız əşya olaraq görürdü. Bunları nəzərə alan Nadir Şah bir yandan əhalinin beynini, düşüncəsini sömürən, ruhunu və ağlını qaranlığa basdıran Səfəviyyətin icadı molla-feodal sinfini yox edir, digər tərəfdən də köçəri türkləri əhliləşdirmək üçün onları təsərrüfat işlərinə alışdırmağa çalışırdı. Təbiətlə qarşı-qarşıya gələcək bir şey istehsal edən, kənd təsərrüfatı ilə məşğul olan köçəri kütlə zaman içində əhliləşər və köçəriliyin ipsiz-sapsız qaba həyat düzənindən qopmuş olardılar. Bunun üçün Nadir Şah nələr edirdi? Nadir Şah yeni bir millət yaratmaq istəyirdi. Avşar ölkəsində köçərilikdən qoparaq istehsal həyatına girən, dövlətini yaşada bilmək üçün istehsal etdiklərindən vergi verən mədəni bir millət. Köçəri toplumu öyrətmək olmaz. Öyrənmək üçün bir yerdə məskunlaşmaq lazımdır. Təhsilsiz toplum da cahil molla-feodal sinfinin əlində çox asanca oyuncağa çevrilər. XVIII əsr şərtlərinə görə Nadir Şah bu sorunu necə çözmək istəmişdi?

“Nadir Şah öz çoraq torpaqlarına köçəriləri yerləşdirirdi. Həm köçəriləri daimi həyata məcbur edir, həm də baxımsız qalan təsərrüfat ərazilərində köçəriləri çalışdıraraq faydalı və istehsalçı toplum halına gətirirdi. Təsərrüfat işlərində çalışan işçilər ölkənin iqtisadiyatına yardım edirdi. Sultan Hüseyn Səfəvidən qalan geniş təsərrüfat əraziləri Avşar dövlətinin kontroluna keçdi, dövlət əraziləri sayıldı. Avşar Şahı köçəriləri Səfəvilərin faydalı təsərrüfat ərazilərində daimi həyata məcbur etdi. Bu təsərrüfat ərazilərindən gələn qaynaq ordunun təminatı və lojistik ehtiyacı üçün xərclənirdi. Feodalların və mollaların mülklərinə və təsərrüfat ərazilərinə əl qoyan Nadir o mülkləri köçərilərin arasında bölüşdürərək dövlətin iqtisadi qaynağına çevirirdi. Bu da feodalların və mollaların etirazlarına səbəb olurdu.

Doğal olaraq köçəri toplumların süfrə mədəniyyəti də oturaq həyat sürən əhalinin süfrə mədəniyyətindən fərqli olar. Köçərilər qab-qazanları dəvənin üzərində yaylaqdan qışlağa daşımaqda çətinlik çəkərlər. Nadir Şah köçəriləri təsərrüfat və kənd həyatına məcbur etdikdən sonra “hər beş ailəyə bir qazan verdi”.

Güntay Gəncalp

Mənbə:

1. Marianna Rubenovna Aroonova- Klara Zarmairovna Aşrafian, Nadir Şah Avşarın dövləti, farscaya çevirən: Həmid Əmin, Şəbgir nəşriyyatı, II yayın, Tehran-1356 (h.ş), s. 72.

2. Pere Louis Bazin, Nadir Şahın təbibinin məktubları, farscaya çevirən: Əliəsğər Həriri, Şərq Nəşriyyatı, 1365 (h.ş)-Tehran, s. 22.

Share: